Kristina Şuler (; ) — Sloveniyalı yazıçı, şair, müəllimə və ictimai xadim.

Həyatı Kristina Şuler tanınmış və varlı dəmirçi ailəsində, Benjamin Şuller və Hedvika Potoçnikin ailəsində anadan olub. Anası o yeddi yaşında olarkən vəfat etdiyi üçün atasına daha çox bağlanıb. Uşaqlığını Kropada keçirib və orada ibtidai məktəbi fərqlənmə diplomu ilə bitirib. Daha sonra səkkiz il Şkofya Lokadakı monastır məktəbində, sonda isə Lyublyanadakı müəllimlər seminariyasında təhsil alaraq 1897-ci ildə oranı bitirib.

1899-cu ildən Boxinska Bistritsada müəllimlik etməyə başlayıb. Həmin dövrdə orada keşiş köməkçisi kimi xidmət edən yazıçı Fran Saleşki Finjqar və şair Anton Medved onda poeziyaya sevgi oyadıblar. Finjqar həftədə bir dəfə ədəbi görüşlər təşkil edirdi və Şuler də bu görüşlərdə iştirak edirdi.

1898-ci ilin sonunda Lyublyana yaxınlığındakı Şmartno ibtidai məktəbinə təyin edilib, lakin üç il sonra nikahdankənar uşaq dünyaya gətirdiyi üçün işdən çıxarılıb. Həmin vaxt Kropada atası da vəfat edib. Maddi vəziyyəti çox ağır olduğu üçün Finjqar ona kömək və dəstək göstərib. O dövrün cəmiyyəti nikahdankənar uşağı olan analara qarşı Ştiriyada (Štajerska) daha mülayim davrandığı üçün, üçaylıq qızı Krista ilə birlikdə Sveti Yuriy ob Şçavnitsi yaxınlığındakı Stara Qoraya köçüb və oradakı ibtidai məktəbdə daha 24 il müəllimlik edib. Bu gün onun xatirəsinə orada xatirə lövhəsi vurulub.

Təqaüdə çıxdıqdan beş il sonra Lyublyanaya köçüb və soyadını slovenləşdirib. 1941-ci ildə Yuqoslaviya Qadınlar Birliyinin üzvü kimi Xalq Azadlıq Cəbhəsinə (OF) qoşulub və partizan qızı haqqında şeirlər yazıb. Qızı Krista Şuler İkinci Dünya müharibəsindən sonra "İnformbiro" ittihamı ilə Qoli Otok düşərgəsinə sürgün edilib. İki il yarım sonra geri qayıdıb və 1959-cu ildə xərçəng xəstəliyindən vəfat edənə qədər anası ilə yaşayıb. Kristina Şuler qızından beş ay sonra vəfat edib və Lyublyananın Jale qəbiristanlığında dəfn olunub. Başdaşında onun bu sözləri yazılıb:

"Addımlarım getdikcə sakitləşir, daha da sakitləşir… Əliboş gedirəm, naməlum bir yerə."

Yaradıcılığı Kristina Şuler ilk şeirlərini on dörd yaşında olarkən alman dilində yazıb. Yaradıcılığının ən məhsuldar dövrü Boxinska Bistritsada müəllimlik etdiyi illərə təsadüf edir. Həmin vaxt onun poeziyasına həm Boxinj təbiəti, həm də Anton Medved, Fran Saleşki Finjqar və Vida Jeray ilə dostluğu böyük təsir göstərib. Onun yaradıcılığı üçün təbiətdən götürülən lirik obrazlar xarakterikdir. Şeirlərini "Ljubljanski Zvon", "Dom in svet", "Slovenka" və "Planinski vestnik" kimi nəşrlərdə dərc etdirib. Çap olunan ilk şeiri isə "Bohinjski Savi" (Boxinj Savasına) adlanırdı.

O dövrün oxucuları və ziyalıları arasında Vida Jeray ilə birlikdə ən yaxşı sloven qadın şairi kimi tanınırdı. Poeziyasındakı erotik çalarlara dair bir çox əxlaqi iradlara baxmayaraq, böyük rəğbət qazanmışdı. Bu müddət ərzində Anton Aşkerç, İvan Tsankar, Engelbert Qanql, Loyz Krayqer, Draqotin Kette, Lüdmila Polyanets, Zofka Kveder, Yosip Murn, Henrik Tuma və Ivan Lah kimi şəxsiyyətlər onun tanışları sırasında idi.

Şerlərinin əsas mövzusu hər zaman sevgiyə olan həsrət və itirilmiş gənclik olaraq qalıb. Bununla yanaşı, onun əsərlərində dövrün qadın problemləri və Birinci Dünya müharibəsi zamanı insanların yaşadığı faciələr də öz əksini tapıb.

Birinci Dünya müharibəsi illərində İvan Lah onun şeirlərini redaktə edib toplu halında nəşr etdirmək istəsə də, Lah həbs olunarkən Avstriya hakimiyyəti əlyazmaları müsadirə edib. İkinci Dünya müharibəsindən sonra da şeirlər toplusunu çap etdirmək cəhdi uğursuzluqla nəticələnib, buna görə də onun əsərləri uzun müddət yalnız əlyazmalarda və dövrün jurnallarında qalıb. Nəhayət, 2008-ci ildə Emil Sezarın redaktorluğu ilə onun seçilmiş şeirləri "Češnja pod mojim oknom" (Pəncərəm altındakı albalı ağacı) adı altında işıq üzü görüb.

İstinadlar

Xarici keçidlər Diplomske naloge na temo Kristina Šuler Oddaja RTV Slovenija Literarni portret- Kristina Šuler, 20.3.2011 Grob Kristine Šuler v Ljubljani na Žalah