250px|thumb|right|Rumıniya respublikasının gerbi Rumıniyada insan haqları və ya Rumıniyada insan hüquqları — Rumıniya respublikasında əsas İnsan hüquqları və azadlıqları. Ölkədə ümumilikdə hökumət tərəfindən insan haqlarına riayət olunur. Bununla belə, polis qəddarlığı, qaraçı azlığına qarşı pis rəftar, hökumətdəki korrupsiya, həbsxanalardakı qeyri-qənaətbəxş şərait və məhkəmə sisteminin məhdud müstəqilliyi ilə bağlı hesabatlar narahatlıq doğurmağa davam edir.

2015-ci ilin Demokratiya İndeksində Rumıniya 167 ölkə arasında 59-cu yeri tutmuşdur və Mərkəzi və ya Şərqi Avropanın digər ölkələri üçün xarakterik olan "qeyri-mükəmməl demokratiya" kimi xarakterizə olunur.

Korrupsiya və institusional sui-istifadə Avropa Komissiyasının (AK) korrupsiyaya qarşı mübarizə hesabatına əsasən, Rumıniyada korrupsiya ciddi sistemli problemdir. Son illərdə korrupsiyaya qarşı mübarizədə artım meyli müşahidə olunsa da və Milli Korrupsiyaya Qarşı Mübarizə Direktorluğunun (DNA) araşdırmaları 2015-ci ildə keçmiş baş nazirin və digər mühüm dövlət nümayəndələrinin məhkəməsinə gətirib çıxarsa da, korrupsiya hələ də həyatın bir çox sahəsinə təsir edir. ABŞ Dövlət Departamentinin insan haqları təcrübələrinə dair hesabatında dövlət sektorunda rüşvətin adi bir hal olaraq qaldığı vurğulanır. Rumıniya və Bolqarıstan, Əməkdaşlıq və Yoxlama Mexanizmi (MCV) vasitəsilə monitorinq edilən yeganə Aİ üzvləridir. 2007-ci ildə Rumıniyanın Avropa İttifaqına daxil olduğu vaxt məhkəmə islahatlarındakı çatışmazlıqları aradan qaldırmaq və korrupsiya ilə mübarizə aparmaq üçün yaradılıb.

Əhəmiyyətli irəliləyişlər olsa da, korrupsiya həyatın bir çox sahəsinə təsir edən problem olaraq qalır. Rumıniya qanunvericiliyində və qaydalarında korrupsiyanın qarşısını almaq üçün nəzərdə tutulmuş müddəaların olmasına baxmayaraq, icra mexanizmi son vaxtlara qədər ümumilikdə zəif olmuşdur. Avropa Komissiyasının hüququn aliliyi ilə bağlı narahatlıqlarını ifadə etdiyi 2012-ci il siyasi böhranı Rumıniyanın imicinə ciddi zərbə vurdu. Komissiya, həmçinin dövlət qurumlarında korrupsiyanı və siyasi təsiri kökündən kəsə bilmədiyi üçün Rumıniyanı tənqid etdi. 2017-ci ildə Rumıniyada baş verən etirazlar hökumətin korrupsiyanın müəyyən formalarının dekriminallaşdırılması (cinayət tərkibindən çıxarılması) planlarına qarşı kütləvi xalq etirazları idi.

Polis qəddarlığı da həmçinin bir problemdir. Rumıniya Polisi 2002-ci ildə demilitarizasiya (hərbisizləşdirmə) edilmiş və kommunizm dövründən qalma köhnə zorakı təcrübələrdən təmizlənmək və müasirləşmək məqsədilə yenidən təşkil olunmuşdur. Lakin polis qəddarlığı kimi problemlərin hələ də davam etdiyi bildirilir. ABŞ-ın "İnsan Haqları Təcrübələri üzrə Ölkə Hesabatları"na görə, QHT-lər və media məlumat vermişdir ki, "polis məhbuslara, istintaq altındakı şəxslərə, qaraçılara və digər vətəndaşlara qarşı pis rəftar etmiş, o cümlədən döyülmə də daxil olmaqla həddindən artıq güc tətbiq edərək zorakılıq göstərmişdir". Həbsxana şəraiti digər bir problemdir: 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rumıniya həbsxanalarındakı saxlama şəraitinin Avropa İnsan Hüquqları Konvensiyasını pozduğuna dair qərar çıxarıb.

Mətbuat azadlığı Hökumət zaman-zaman mətbuat azadlığını məhdudlaşdırmaqda ittiham olunur. Hökumətin siyasəti və hərəkətləri barədə tənqidi hesabatlar yazan jurnalistlər 2004-cü il Rumıniyada prezident seçkiləri zamanı təqib və hədə-qorxu hədəfi olduqlarını iddia etmişlər. "Sərhədsiz Reportyorlar" təşkilatının 2017-ci il Dünya Mətbuat Azadlığı İndeksində Rumıniya 178 ölkə arasında 46-cı yerdə qərarlaşmışdır, "Freedom House" tərəfindən hazırlanan digər bir hesabatda isə Rumıniya mətbuatı "qismən azad" kimi xarakterizə olunur.

İnsan alveri Avropada bir insan hüquqları problemi olaraq insan alverinə dair məlumatlılıq getdikcə artmaqdadır. Kommunizmin süqutu insan alverinin artmasına şərait yaratmışdır ki, qurbanların əksəriyyəti fahişəliyə məcbur edilən qadınlardır.default Rumıniya əsasən cinsi istismar məqsədilə alver predmeti olan şəxslər (xüsusilə qadınlar və uşaqlar) üçün həm mənşə, həm də tranzit ölkəsidir. Rumıniya hökuməti insan alverinə qarşı mübarizədə müəyyən qətiyyət nümayiş etdirsə də, insan alverinin aradan qaldırılması üçün minimum standartlara tam əməl etmədiyi üçün tənqid olunur.

1 fevral 2014-cü ildə qüvvəyə minmiş yeni Rumıniya Cinayət Məcəlləsi köləlik, insan alveri, uşaq alveri, priton saxlama, məcburi əmək və istismar olunan şəxslərdən istifadə ilə bağlı bir neçə cinayət tərkibi müəyyən edir (Maddə 182 Şəxsin istismarı, Maddə 209 Köləlik, Maddə 210 İnsan alveri, Maddə 211 Yetkinlik yaşına çatmayanların alveri, Maddə 212 Məcburi əməyə cəlb etmə, Maddə 213 Vasitəçilik/Priton saxlama, Maddə 214 Dilənçiliyin istismarı, Maddə 216 İstismar olunan şəxsin xidmətlərindən istifadə).

Rumıniya Avropa Şurasının "İnsan Alverinə Qarşı Mübarizə haqqında" Konvensiyasını ratifikasiya etmişdir. Həmçinin BMT-nin "İnsan alverinin, xüsusən də qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" Protokolunun tərəfdaşıdır.

Uşaq hüquqları Uşaq hüquqları bir neçə qanunla qorunur, həmçinin Rumıniya ratifikasiya etdiyi konvensiyalara görə beynəlxalq öhdəliklərə malikdir.

Nikah daxilində və ya nikahdan kənar doğulmasından asılı olmayaraq, uşaqlar bərabər hüquqlara malikdirlər. Bu, Rumıniya Konstitusiyasının 48-ci maddəsinin 3-cü bəndində ("Nikahdan kənar doğulan uşaqlar qanun qarşısında nikah daxilində doğulanlarla bərabərdir") və həmçinin Mülki Məcəllənin 260-cı maddəsində təsbit edilmişdir. Bundan əlavə, Rumıniya "Nikahdan Kənar Doğulmuş Uşaqların Hüquqi Statusu haqqında" Avropa Konvensiyasını ratifikasiya etmişdir və buna görə də nikahdan kənar doğulan uşaqların bu Konvensiyanın mətnində nəzərdə tutulmuş hüquqi haqlarla təmin olunmasını öhdəsinə götürür.

2014-cü ildə yenidən nəşr olunan "Uşaq hüquqlarının müdafiəsi və təşviqi haqqında" (272/2004 nömrəli) qanun uşaq hüquqları ilə bağlı mühüm sənəddir.

1 fevral 2014-cü ildə qüvvəyə minmiş yeni Cinayət Məcəlləsinə əsasən, "Yetkinlik yaşına çatmayanlara qarşı pis rəftar" adlı 197-ci maddə uşaq istismarını qanunsuz hesab edir. Rumıniyada cinsi razılıq yaşı ümumilikdə 15-dir. Rumıniya həmçinin Lanzarote Konvensiyasını ratifikasiya etmişdir. Avropa İttifaqının üzvü kimi, o, həmçinin Avropa Parlamentinin və Şurasının uşaqların cinsi istismarı və uşaq pornoqrafiyası ilə mübarizəyə dair 13 dekabr 2011-ci il tarixli 2011/92/EU saylı Direktivinə tabedir.

Uşaqların təhsil hüququna gəldikdə isə, valideynlər/qanuni qəyyumlar uşağın təhsil almasını təmin etməyə borcludurlar; buna əməl edilməməsi cinayət məsuliyyətinə səbəb ola bilər (Maddə 380 İcbari dövlət təhsilinə çıxışın qarşısının alınması).

Valideynlər/qanuni qəyyumlar uşaqlarının arzuolunmaz davranışlara yol verməməsini təmin etmək öhdəliyi daşıyırlar. Məsələn, ictimai asayişin və sosial normaların pozulmasına görə cəzaları nəzərdə tutan 61/1991 nömrəli qanunun 33-cü maddəsinə əsasən, 16 yaşından kiçik uşaqların avaraçılıq, dilənçilik və ya fahişəliklə məşğul olmasının qarşısını almaq üçün "adekvat tədbirlər" görməyən valideynlər/qanuni qəyyumlar inzibati cərimə ödəməyə borcludurlar (Xətalar haqqında 61/1991 nömrəli qanun yalnız təqsirkar tərəfin əməli cinayət tərkibi yaratmadıqda tətbiq edilir).

ABŞ-ın "İnsan Haqları Təcrübələri üzrə Ölkə Hesabatları"nda bəzi uşaqların, xüsusən də qaraçı mənşəli olanların qeydiyyata alınmadığı bildirilir (hərçənd qanunvericiliyə görə doğumun qeydiyyatı məcburidir).

2011-ci ilin oktyabrında qüvvəyə minmiş yeni Rumıniya Mülki Məcəlləsinə əsasən, ümumi nikah yaşı 18 olaraq müəyyən edilmişdir, lakin xüsusi hallarda rayon inzibati şurasının icazəsi ilə bu yaş 16-ya endirilə bilər (Maddə 272 Nikah yaşı). 288/2007 nömrəli qanun qızların nikah yaşını artıraraq oğlanlarınkı ilə eyni səviyyəyə gətirmişdir; bu qanuna qədər qızlar xüsusi hallarda 15, ümumi qayda olaraq isə 16 yaşında ərə gedə bilərdilər.

Rumıniya Beynəlxalq Uşaq Oğurluğunun Mülki Aspetləri haqqında 1980-ci il Haaqa Konvensiyasının tərəfdaşıdır.

Qadın hüquqları Rumıniyada qadın hüquqları konstitusiya müddəaları və daxili qanunlarla tənzimlənir. Rumıniya həmçinin Avropa İttifaqının direktivlərinə və ratifikasiya etdiyi beynəlxalq konvensiyalara tabedir.

Rumıniya Konstitusiyası qadın hüquqlarını qoruyur. 4-cü maddənin 2-ci bəndi ayrı-seçkiliyə yol verilməməsi prinsipini təsbit edir: "Rumıniya irqinə, milliyyətinə, etnik mənşəyinə, dilinə, dininə, cinsinə, rəyinə, siyasi mənsubiyyətinə, əmlakına və ya sosial mənşəyinə görə heç bir ayrı-seçkilik qoyulmadan bütün vətəndaşlarının ümumi və bölünməz vətənidir". 48-ci maddənin 1-ci bəndi ailə hüququnda bərabərliyi təmin edir: "Ailə, həyat yoldaşlarının sərbəst razılığı və onların tam hüquq bərabərliyi əsasında qurulur [...]". Qadınların əmək sahəsindəki hüquqları da qorunur: 47-ci maddənin 2-ci bəndində deyilir: "Vətəndaşların pensiya, ödənişli analıq məzuniyyəti hüququ vardır [...]"; 41-ci maddədə isə qeyd olunur: (2) "Bütün işçilərin sosial müdafiə tədbirləri hüququ vardır. Bu, işçilərin təhlükəsizliyi və sağlamlığına, qadınların və gənclərin əmək şəraitinə aiddir [...]" və (4) "Kişilərlə bərabər iş müqabilində qadınlar bərabər əmək haqqı almalıdırlar".

Yeni Mülki Məcəlləyə gəldikdə isə, müvafiq müddəalara 30-cu maddə (Mülki qanun qarşısında bərabərlik) və 258-ci maddə (Ailə - nikah üçün sərbəst razılıq; həyat yoldaşlarının bərabərliyi) daxildir.

2016-cı ildə Rumıniya Avropa Şurasının "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında" Konvensiyasını (İstanbul Konvensiyası) ratifikasiya etmişdir.

Anti-diskriminasiya qanunları Rumıniyada ayrı-seçkiliyi qadağan edən bir çox qanun mövcuddur. Ölkədəki problemlər qanunvericiliyin olmamasından qaynaqlanmır, çünki Rumıniya güclü hüquqi bazaya malikdir, əsas problem mövcud qanunların icra olunmamasındadır ki, bu da çox vaxt bürokratiya, korrupsiya və sosial normalarla bağlıdır. Ən mühüm anti-diskriminasiya qanunları bunlardır: 31 avqust 2000-ci il tarixli, yenidən nəşr olunmuş 137 nömrəli Sərəncam (ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması və sanksiyalaşdırılması haqqında qanun); 19 aprel 2002-ci il tarixli, yenidən nəşr olunmuş 202 nömrəli Qanun (kişilər və qadınlar arasında imkan və rəftar bərabərliyi haqqında qanun).

Xüsusi olaraq ayrı-seçkiliklə mübarizə üçün yaradılmış bu qanunlardan əlavə, həyatın ümumi sahələrini tənzimləyən bir çox ümumi qanunlarda da diskriminasiyanı qadağan edən maddələrə rast gəlmək olar (məsələn: dövlət qulluqçularının statusu haqqında 8 dekabr 1999-cu il tarixli 188 nömrəli yenidən nəşr olunmuş qanun, 24 yanvar 2003-cü il tarixli Əmək Məcəlləsi, 1/2011 nömrəli Milli Təhsil haqqında Qanun və s.).

Bundan əlavə, ayrı-seçkilik məsələsinə Cinayət Məcəlləsində də toxunulur. 297-ci maddənin 2-ci bəndində deyilir: "Peşə vəzifələrini yerinə yetirərkən irqi, milliyyəti, etnik mənşəyi, dili, dini, cinsi, cinsi oriyentasiyası, siyasi mənsubiyyəti, sərvəti, yaşı, əlilliyi, xroniki yoluxucu olmayan xəstəliyi və ya HİV/QİÇS infeksiyası əsasında bir şəxsin hüququnun həyata keçirilməsini məhdudlaşdıran və ya onun üçün alçaldıcı vəziyyət yaradan dövlət qulluqçusunun hərəkətinə də eyni cəza tətbiq edilir."

Məişət zorakılığı

Məişət zorakılığı Rumıniyada ciddi bir problemdir. Rumıniya XXI əsrdə öz qanunvericilik bazasını təkmilləşdirib və 2016-cı ildə İstanbul Konvensiyasını ratifikasiya etsə də, şəxsi sferada qadınlara qarşı törədilən zorakılıq hələ də aktual məsələ olaraq qalır. 2017-ci ildə Rumıniya bu sahədə fəaliyyətsizliyinə görə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən məhkum edilmişdir.

Təhsil hüququ