Rəcəb Məmmədov (tam adı: Rəcəb Kənan oğlu Məmmədov; ) — Teatrşünas, sirk sənəti üzrə tədqiqatçı-alim, inzibatçı. Sənətşünalıq üzrə fəlsəfə doktoru (2009).

Həyatı və fəaliyyəti Rəcəb Məmmədov 1961-ci il martın 19-da Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Sumqayıt şəhərində almışdır.

Əmək fəaliyyətinə 1978-ci ildə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında işıqçı kimi başlamışdır. 1979–1986-cı illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda özfəaliyyət dram kollektivinin rəhbəri ixtisası üzrə təhsil almışdır. 1979-cu ildə S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında səhnə işçisi kimi fəaliyyətə başlamışdır.

1980–1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 1982–1987-ci illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında səhnə maşinisti vəzifəsində çalışmışdır. 1989–1990-cı illərdə Moskvada A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (ГИТИС) teatrşünaslıq fakültəsində qiyabi təhsil almışdır.

1987-ci ildən 2003-cü ilədək Bakı Dövlət sirkində bədii-quruluş hissə müdiri, direktor müavini, kommersiya direktoru, 2005–2008-ci illərdə "Yeni memar" Layihə-inşaat şirkətində təchizat üzrə menecer, 2008–2009-cu illərdə isə A. Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında baş inzibatçı vəzifələrində çalışmışdır.

2009–2023-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda "Teatr, kino və televiziya" şöbəsində aparıcı elmi işçi vəzifəsində işləmiş, həmçinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Akademik Musiqili Teatrda beynəlxalq layihələrin təşkili üzrə koordinator olmuşdur. 2023-cü ildən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsində çalışır.

Azərbaycan milli sirk proqramının Polşada, Türkiyədə, İranda uzunmüddətli qastrollarına rəhbərlik etmişdir. Onun ideyası və iştirakı ilə bir çox layihələr, o cümlədən "Pəhləvan Rəşid Yusifovun 100 illik yubileyi" (2002), Dövlət Sərhəd Xidmətinin Atçılıq mərkəzində Qarabağ atlarından istifadə olunmaqla "Süvari" atlı-akrobat qrupunun yaradılması (2012), "Azərbaycan sirki 70" respublika elmi-praktiki konfransı (2016), UNESKO-nun "Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020–2021-ci illər üçün İştirak Proqramı" çərçivəsində eşitmə əngəlli uşaqların iştirakı ilə "İnklüziv teatr" layihəsi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "YARAT" təşkilatı ilə birgə keçirdiyi "M. A. P. 2018" və "M. A. P. 2019" Beynəlxalq Teatr festivallarının təşkilat qrupunda çalışmışdır.

AMEA Memarlıq və İncəsənət İnstitutunda "Azərbaycanda sirk sənətinin yaranması, təşəkkülü və inkişaf yolları (1920-ci ilədək)" mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib (2008). "XX əsr Azərbaycan sirk sənətinin inkişaf təmayülləri" mövzusunda elmlər doktoru dissertasiyası üzərində işləyir.

Azərbaycan və rus dillərində "Azərbaycan sirki-70" (2016) kitabının, sirk sənətinə dair onlarla elmi məqalənin müəllifidir, bir sıra beynəlxalq teatr festivallarında iştirak edib, müxtəlif elmi konfransların iştirakçısı və məruzəçisi olub. 2016-cı ildə rejissor Babək Abbaszadənin çəkdiyi "Bu, Azərbaycan sirkidir" filminin ssenari müəllifi olmuşdur.Aydın Kazımzadə. Azərbaycan kinosu. Yığcam ensiklopediya (1898–2025). 4 cilddə. IV cild. Bakı: TLM, 2026 - səh. 246 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yaratdığı "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri" portalında (2018-ci il) sirk sənətinə və milli oyunlarımıza həsr edilmiş bir sıra məqaləsi yer almışdır.

Elmi əsərləri

Kitabları

Elmi məqalələri (ixtisarla)

İştirak və məruzə etdiyi elmi konfranslar (ixtisarla) Xalq oyunları və meydan tamaşaları – Azərbaycan milli sirk sənətinin genezisində əsas amil kimi. AMEA Nizami adına ədəbiyyat institutunun və Folklor institutunun 15 iyul 2016-cı ildə keçirdiyi "İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları" mövzusunda beynəlxalq elmi konfransda məruzə. Xalq oyunları və meydan tamaşaları – Azərbaycan milli sirk sənətinin genezisində əsas amil kimi. AMEA Memarlıq və incəsənət institutunun 10 oktyabr 2016-cı ildə keçirdiyi "Müstəqillik illərində Azərbaycan və MDB ölkələrinin incəsənəti" mövzusunda beynəlxalq elmi konfransda məruzə. Azərbaycan peşəkar sirk sənəti multikultural dəyərlərin daşıyıcısı kimi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin, Azərbaycan Teatr Xadimləri Ittifaqının və Azərbaycan Milli Elmlər Akademiyasının 7–8 noyabr 2016-cı il tarixlərində keçirdiyi IV Bakı Beynəlxalq Teatr Konfransında məruzə. Azərbaycan peşəkar sirk sənətinin inkişaf yolları. AMEA Memarlıq və incəsənət institutunun 24 noyabr 2016-cı ildə keçirdiyi "Azərbaycan milli sirk sənəti — 70" mövzusunda elmi-praktiki konfransda məruzə.

Mənbə İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan teatrşünasları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan teatr xadimləri Kateqoriya:Azərbaycan sənətşünasları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Mədəniyyət xadimləri Kateqoriya:Azərbaycan teatrşünasları