Kolumbiya Ensiklopediyası () — ilk dəfə 1935-ci ildə Kolumbiya Universiteti Nəşriyyatı () tərəfindən buraxılmış bir cildlik (ilkin variantda) ensiklopediya. Hazırda bu nəşr "Gale Group" şirkətinə məxsusdur, lakin hələ də Kolumbiya Universiteti ilə sıx bağlıdır.

Tarixi

Ensiklopediyanın hazırlanması üzrə ilkin işlər 1920-ci illərdə Klark Fişer Ansli tərəfindən aparılmışdır. Təxminən 2000 səhifəlik ilk nəşr 1935-ci ildə Collier nəşriyyatı ilə əməkdaşlıq çərçivəsində işıq üzü görmüşdür.

Növbəti illərdə ensiklopediya 1950 və 1963-cü illərdə əsaslı şəkildə yenilənmişdir.

1975-ci ildə çap olunan beşinci nəşr 50.000 məqalədən ibarət idi və çox sayda xəritə və illüstrasiyanı ehtiva edirdi. Məqalələrin üçdə biri coğrafi terminlərə, yarıdan çoxu isə əsasən siyasətçilərin bioqrafiyalarına həsr olunmuşdu.

Müasir vəziyyəti

Ensiklopediyanın 2000-ci ildə işıq üzü görmüş altıncı və ikicildlik nəşrinin redaktoru Pol Laqasse olmuşdur. Bu nəşr 3000-dən çox səhifədə bütün bilik sahələri üzrə təxminən 51.000 məqaləni və 6.5 milyon sözü əhatə edir. Beşinci nəşrlə müqayisədə bura 1.300 yeni məqalə və 80.000-dən çox çarpaz istinad əlavə edilmişdir. Altıncı nəşrin ön sözündə qeyd olunur ki, Kolumbiya Ensiklopediyası hərtərəfli bir iş kimi deyil, axtarış zamanı bir növ "ilk yardım" mənbəyi kimi nəzərdə tutulmuşdur.

Bu nəşr bir neçə internet portalında "Kolumbiya Elektron Ensiklopediyası" adı ilə sərbəst istifadəyə verilmişdir. Rəqəmsal versiya hazırda 52.000-ə yaxın açar sözü və 84.000-dən çox çarpaz istinadı ehtiva edir. Məzmun rüblük olaraq yenilənir.

Bundan əlavə, tam nəşrin üçdə biri həcmində olan "Qısa Kolumbiya Ensiklopediyası" () adlı ixtisar edilmiş versiyası da mövcuddur.

İstinadlar

Xarici keçidlər

Kolumbiya Ensiklopediyası, Altıncı Nəşr, Infoplease tərəfindən təqdim olunur (Qeyd: Çap versiyasından fərqli olaraq, heç bir şəkil yoxdur).

Kateqoriya:Ensiklopediyalar Kateqoriya:Kolumbiya Universiteti Kateqoriya:İngilis dilində ensiklopediyalar Kateqoriya:XX əsrin ensiklopediyaları