Yekaterina Lusiya Mariya Vorsli (; ) — Kent hersoqu Şahzadə Eduardın xanımı, Britaniya monarx ailəsinin üzvü, Kent hersoginyası.

Həyatı 22 fevral 1933-cü ildə Yorkşirdəki ailə mülkündə torpaq sahibkarı Sör Vilyam Vorslinin dörüncü övladı və yeganə qızı olaraq dünyaya gəldi. Anası Leydi Coys Morqan Vorsli isə ingilis inqilabçısı Oliver Kromvelin kiçik qızı Fransiskanın şəcərəsindən gəlməkdədir. 2 apreldə vəftiz edildi. 10 yaşınadək rəsmi olaraq təhsil almadı. Ardından Yorkdakı Kraliça Marqarita məktəbində və Runton Hill məktəblərində təhsil aldı. Bu illərdə musiqiylə tanış oldu və pianino, orqan, skripka çalmağı öğyrəndi.

Bir müddət Yorkdakı bir uşaq evində və ibtidai məktəbdə çalışdı. Bu illərdə mərhum Kent hersoqu Şahzadə Corc və Yunan-Danimarkalı Şahzadə Marinanın böyük oğlu Şahzadə Eduardla tanış oldu. Şahzadə Marina oğlunun bu münasibətinə qarşı çıxsa da, 8 mart 1961-ci ildə Kensinqton sarayında cütlüyün nişanlandığı elan olundu. Cütlüyün 8 iyun 1961-ci ildə Yorkminsterdə baş tutan toy mərasimi, 633 il sonra burada baş tutan ilk monarxial toy mərasimi oldu. Şahzadənin qardaşı Şahzadə Maykl sağdış oldu. Kraliça Elizabetin qızı Şahzadə Anna isə gəlinin 8 nədiməsindən biri idi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

Corc Vindzor (26 iyun 1962) Leydi Helen Taylor (28 aprel 1964) Nikolay Vindzor (25 iyul 1970)

Bundan başqa 1975-ci ildə qızılca səbəbilə bir hamiləliyi yarım qaldı və 1977-ci ildə isə ölü bir oğlan uşağı dünyaya gətirdi.

Əriylə birlikdə Kraliça Elizabetin rəsmi təmsilçisi kimi bir çox dövlət tədbirində iştirak etdi. Rəsmi iqamətgah olaraq Kensinqton sarayında yaşadılar. 1962-ci ildən Uimbldon tennis turnirinin fəxri üzvü seçildi və uzun illər bu turnirin dəstəkçisi oldu. 1994-cü ilin yanvarında rəsmi şəkildə Roma-Katolik məzhəbini qəbul etdi. Sonrakı tarixlərdə kiçik oğlu Nikolay Vindzor, böyük oğlundan dünyaya gələn nəvələri Eduard Vindzor və Leydi Marina Vindzor da katolik məzhəbinə keçərək Britaniya taxt-tac sıralamasından çıxarıldılar.

1996-cı ildən etibarən ibtidai bir məktəbdə musiqi müəlliməsi kimi çalışmağa başladı və uzun illər burada Xanım Kent () kimi tanındı. Bundan başqa yaşadığı Kensinqton sarayının yaxınlığında kirayələdiyi bir mənzildə pianino dərsləri verdi. 2002-ci ildən etibarən monarxial vəzifələrindən imtina etsə də, ailə daxilindəki bir çox tədbirdə iştirak etməyə davam etdi. Şahzadə Vilyam və Ketrin Middltonun toyu (2011), Kraliça Elizabetin Brilyant Yubileyi (2012), Şahzadə Harri və Meqan Marklın toyu (2018) bu tədbirlərdən bəziləridir.

Ancaq yaşlılığı səbəbilə Kraliça Elizabetin cənazə mərasimi (2022) və III Çarlzın tacqoyma mərasiminə (2023) qatıla bilmədi. Son göründüyü tədbir isə 9 oktyabr 2024-cü ildə ərinin 89 illiyi münasibətilə keçirilən şənlik oldu. 4 sentyabr 2025-ci ildə Kensinqton sarayında vəfat etdi. Ölümü ertəsi gün Bukingem sarayından rəsmi şəkildə elan olundu. Elanın ardından monarxial iqamətgahlarda və hökumət binalarında bayraqlar yarıya endirildi, cənazə gününə qədər Britaniya monarx ailəsi üçün yas elan olundu. 16 sentyabrda baş tutan cənazə mərasimi, Britaniya krallığında təşkil olunan ilk katolik monarxial cənazə mərasimi oldu. Mərasimin ardından cənazə Froqmor məzarlığına dəfn olundu.

Həmçinin baxın

Şahzadə Eduard və Yekaterina Vorslinin toyu

Mənbə

Ədəbiyyat

"Foreword", in: Jackson, Francis (2013). Music for a Long While. York Publishing Services. ISBN 9780957672208 Mosley, Charles, ed. (2003). Burke's Peerage, Baronetage & Knighthood (107th ed.). Burke's Peerage & Gentry. pp. 4243–4244. ISBN 0-9711966-2-1 Garner, Valerie (1991). Katharine Duchess of Kent (1st ed.). London: Weidenfeld & Nicolson. p. 36. ISBN 0297811754 Vickers, Hugo (1994), Royal Orders, Boxtree, p. 34, ISBN 9781852835101

İstinadlar Kateqoriya:İngiltərə musiqiçiləri