1982-ci ildə İran diplomatlarının oğurlanması — 4 iyul 1982-ci ildə Livanda üç İran diplomatı və İslam Respublikası Xəbər Agentliyinin (İRXA) bir müxbirinin oğurlanması hadisəsi. O vaxtdan bəri onların heç birindən səs-soraq çıxmayıb. İtkin düşən şəxslər arasında İranın Beyrutdakı səfirliyinin hərbi attaşesi Əhməd Motevaselyan, səfirliyin müvəqqəti işlər vəkili Səyid Möhsün Musəvi, səfirliyin əməkdaşı Tağı Rastegar Moğədəm və İRXA fotomüxbiri Kazım Axavan yer almışdı. Motevaselyan həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) üzvü idi və Iranın Livandakı ekspedisiya qüvvələrinin komandanı idi.

Onlara Samir Caacaanın komandanlığı altında olan Livan Qüvvələri tərəfindən ölkənin şimalındakı nəzarət məntəqəsində saxla əmri verilmişdir. Oğurlanma anından bəri onların taleyi ilə bağlı müxtəlif fərziyyələr yayılmışdır. İran rəsmiləri hesab edirlər ki, onlar oğurlandıqdan sonra İsrailə təhvil verilmişdilər və hələ də sağdırlar və İsrail ərazisində saxlanılırlar. İsrail rəsmləri diplomatların Eliye Hobeykanın komandanlığı altındakı yığma qoşun tərəfindən əsir götürüldüyünü bildirmişdir. İsrailin "Haaretz" qəzeti bildirib ki, diplomatların qaçırılmasından qısa müddət sonra onlar böyük ehtimalla falanj döyüşçüləri tərəfindən edam edildilər. Caacaa və Hobeykanın cangüdəni Robert Hətəm də onların falanjların nəzarəti altında olarkən edam edildiklərini bildirmişdilər.

Diplomatların itkin düşməsi İranda müntəzəm olaraq anılır. Həm İran, həm də Livan hökumətləri onların harada olduqları barədə məlumat əldə etməyə çalışıblar. Livan parlamentinin keçmiş üzvü Nazih Mənsurun sözlərinə görə, Samir Caacaa kimi bəzi şəxslər siyasi fiqurlara çevrildiyindən, iş məhkəmə məsələsindən daha çox siyasi məsələyə çevrilib.

Hadisənin təfərrüatları 1982-ci ildə İsrailin Livana hücumu zamanı İranın Beyrutdakı səfirliyinin hərbi attaşesi Əhməd Motevaselyan, səfirliyin müvəqqəti işlər vəkili Seyid Möhsün Musəvi və səfirliyin əməkdaşı Tağı Rastegar Moğədəm Livana diplomatik missiya ilə göndərildilər, Livandakı hadisələri işıqlandıran İRXA fotojurnalisti Kazım Axavan da onlara qoşulmuşdur.

Əhməd Motevaselyan İran-İraq müharibəsindəki xidmətlərinə görə qaçırılanlar arasında ən tanınmış şəxs idi. Onun komandanlığı altında olan 27-ci Məhəmməd Rəsulullah briqadası, müharibədə "dönüş nöqtəsi" olan Xürrəmşəhrin azad edilməsində mühüm rol oynadı. ABŞ Dövlət Departamenti və Yərusəlim İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, Motevaselyan İsrail işğalına qarşı mübarizə aparmaq üçün Cənubi Livan və Biqa vadisində Hizbullah kimi şiə hərbi hərəkatlarını dəstəkləyən İİKK ekspedisiya qüvvələrinə komandanlıq edirdi. Məqsədyönlülük Şurasının katibi olmuş Möhsün Rezayinin sözlərinə görə, Motevaselyan 1979-cu ildə İranda kürd üsyanını yatırmaqdakı uğuruna görə Livandakı İran ekspedisiya qüvvələrinə rəhbərlik etmək üçün seçilmişdi.

Livan Falanjist Partiyası o dövrdə Livanda fəaliyyət göstərən və İsraillə müttəfiq olan xristian hərbi qruplaşması idi. İsrail-Falanj münasibətləri 1948-ci ildə başlamış və 1970-ci illərin ortalarında kulminasiya nöqtəsinə çatmışdır. Diplomatlarının oğurlanması zamanı İsrail Beyrutun qərbini mühasirəyə almışdı.

Qaçırılma hadisəsi 1982-ci ildə İsrailin Livanı işğal etdiyi dövrdə dörd İran diplomatı Dəməşqdəki İran səfirliyindən Beyruta yollanmışdı. Cuniyə və Beyrut arasındakı magistral yolda şimaldakı Cəbəl-Lübnan dağ silsiləsində yerləşən Əl-Bərbara nəzarət məntəqəsinə çatdıqdan sonra Samir Caacaanın rəhbərlik etdiyi Livan falanj qüvvələri diplomatları saxlayaraq həbs etdilər. "Rai əl-Youm" onlayn qəzetinin məlumatına görə, "Əkrəm" kimi tanınan Biar Rizq və "Kapitan" kimi tanınan Əbdə Raci qaçırılmada iştirak ediblər və sonuncu nəzarət məntəqəsinə komandanlıq edib.

Livan məhkəmə mənbələrinin məlumatına görə, qaçırılan şəxslər Beyrutun Karantina rayonunda o vaxtlar falanjist olan Eliye Hobeykanın nəzarəti altındakı həbsxanada 20 gün ərzində saxlanılıblar və sonra Beyrutun Adonis həbsxanasına köçürülüblər.

Oğurlanmış diplomatların taleyi

İsrail tərəfindən həbs olunma fərziyyələri Hadisədən sonra İran İsraili diplomatları qaçırmaqda və həbsxanalarında saxlamaqda günahlandırdı və Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) onların harada olduğunu aydınlaşdırmağa çağırdı. 1994-cü ilin noyabr ayında İranın Livandakı səfiri Homayun Əlizadə bildirdi ki, qaçırılan dörd nəfər sağdılar və İsrail həbsxanalarında saxlanılırlar. Eynilə, İranın Livandakı keçmiş səfiri Qəzənfər Roknabadi onların İsraildə sağ olduqlarını sübut edən "konkret dəlillərin" olduğunu bildirdi. Bu iddia illər sonra İranın keçmiş prezidenti Mahmud Əhmədinejad və İranın müdafiə naziri briqada generalı Hüseyn Dehqan tərəfindən təkrarlandı. "Tehran Times" qəzetinin məlumatına görə, 2017-ci ilin iyul ayında İran parlamenti sədrinin baş müşaviri qaçırılan İran diplomatlarının Təl-Əviv həbsxanasında olduğunu və öldürülmədiyini iddia etmişdi.

1997-ci ildə İsraildə yerləşən məhbuslara yardım təşkilatı olan Məhbusların Dostları Assosiasiyası bildirmişdir ki, azadlığa buraxılmış bir məhbus iki il əvvəl İsraildəki Atlit həbsxanasında itkin düşmüş dörd iranlını görüb, lakin İsrail Baş nazirinin sözçüsü bu məlumatı təkzib etmişdir. İsrail rəsmləri diplomatların başına nə gəldiyini bilmədiyini və onların Livandakı bir militant qrup tərəfindən oğurlandığını və qaçırıldıqdan qısa müddət sonra edam edildiyinə inandığını bildirmişdir. Fars Xəbər Agentliyinin məlumatına görə, İsrail itkin düşmüş diplomatların onlara təhvil edilmə iddiasını rədd edərək və diplomatların artıq öldüyünü bildirərək məsələ ilə bağlı ziddiyyətli şərhlər verib. Eliye Hobeyka 31 avqust 1997-ci ildə Londonda nəşr olunan "Əl-Vasat" jurnalına müsahibə vermişdir. İran İslam Respublikası Teleradio Yayımı (İRİB) bildirib ki, müsahibə zamanı diplomatların oğurlanması və onların Caacaanın qrupu tərəfindən İsrailə təhvil verilməsi faktı təsdiqlənib. O qrup İsrail ilə sıx əlaqələri və Livana hücumu zamanı bir çox livanlı və əcnəbini İsrailə təhvil verməsi ilə tanınırdı.

2016-cı ildə Londonda yerləşən panərəb "Rai əl-Yum" gündəlik çap edilən qəzetinin Fars Xəbər Agentliyi tərəfindən ingilis dilinə tərcümə edilmiş xəbərinə görə, İsrail həbsxanalarından yenicə azadlığa buraxılmış bir yunan məhbus, Afinadakı İran səfirliyinə qaçırılan dörd şəxsi İsrail həbsxanalarında sağ gördüyünü bildirmişdir. Həmin məruzədə həmçinin deyilir ki, İsrail həbsxanalarındakı məhbusların "mənəvi atası" kimi tanınan Əhməd Həbibollah Əbu Heşam da İsrail həbsxanalarındakı məhbusları ziyarət edib yoxladıqdan sonra Motevaselyan və digərlərinin Atlit düşərgəsində sağ olduqları barədə oxşar bir şərh vermişdir. Əbu Heşam Rai əl-Yumun "İsrail tərəfindən uydurma qəza" adlandırdığı hadisədə həlak olmuşdur.

Lakin Reuters agentliyinin məlumatına görə, İsrail Livanda qaçırılan iranlı diplomatlar və jurnalistlərin saxlanılması iddiasını rədd etmişdir.

Ölüm fərziyyəsi Caacaanın sözlərinə görə, iranlılar əsir götürüldükdən bir müddət sonra öldülər. 1980-ci illərin əvvəllərində Hobeykanın təhlükəsizlik rəisi vəzifəsində çalışmış "Kobra" ləqəbli Robert Hətəm diplomatların "oğurlanması və qətlə yetirilməsi"ndə Hobeykanın məsuliyyət daşıdığını söyləmişdir. Ronen Berqmanın "İranla gizli müharibə" kitabında yazdığına görə, Hətəm 1993 və 2000-ci illərdə İsrail agentlərinə demişdi ki, iranlılardan ən azı birini Əhməd Motevaselyanı özü öldürüb və iranlıların edamını aydın şəkildə xatırlayır. Hətəm iranlılar üçün elektrik işgəncə alətinin eskizini çəkən kimi təsvir olunur. Berqmanın sözlərinə görə, Hətəm bunları söyləmişdir: "Ən başda onlardan birinin ərəb dilində danışdığını gördük. Səbəbini bilməsəm də, onu dərhal öldürdülər". İsrailin "Haaretz" qəzeti bildirib ki, onların basdırıldığı yer daha sonra baş tutan tikinti işləri nəticəsində məhv edilmişdir.

İranda yerləşən "Press TV"-nin jurnalisti Əli Qusair və qaçırılan Səyid Möhsün Musəvinin oğlu Səyid Raed Musəvi falanjistlərin keçmiş rəhbəri Kərim Pakraduni ilə müsahibədə diplomatların taleyini müzakirə ediblər. Livan Qüvvələrinin yüksəkrütbəli kəşfiyyat rəsmisi Əsəd Çaftari ilə söhbətini xatırlayan Pakraduni qaçırılan diplomatların Karantinaya çatmadan öldürülmə ehtimalını həqiqətə uyğun olduğunu hesab edirdi.

Siyasi reaksiya 2016-cı ildə Livanın keçmiş xarici işlər və mühacirlər naziri və İrandakı keçmiş səfir Adnan Mənsur İran və Livanın diplomatların taleyini araşdırmağı dayandırmadığını bildirmişdi. O, ilkin məsuliyyətin Livan tərəfinin üzərində olduğunu bildirdi, çünki qaçırılma hadisəsi Livan ərazisində baş vermişdi. Livan parlamentinin keçmiş üzvü Nazih Mənsur oğurlanmış şəxslərin ailələrindən birinin rəsmi vəkili idi. O, İRXA-ya verdiyi müsahibədə Livan məhkəmələrində işin çox yavaş irəlilədiyini bildirmişdir. Mənsur həmçinin bildirmişdir ki, bu qədər illərdən sonra iş məhkəmə məsələsindən daha çox siyasi məsələyə çevrilib.

2014-cü ildə İranın Beyrutdakı səfiri Məhəmməd Fəthəlinin sözlərinə görə, İranın fikrincə beynəlxalq ictimaiyyət və insan haqları qurumları tərəfindən Livanda iranlı diplomatların oğurlanması və onların taleyi ilə bağlı heç bir ciddi tədbir görülməyib. 2015-ci ildə verilən açıqlamada İran Livan hökumətinin və beynəlxalq şəxslərin bu işə beynəlxalq diqqəti cəlb etmək üçün göstərdiyi səylərə, o cümlədən Livanın BMT-yə 2008-ci ildə göndərdiyi məktuba görə minnətdarlığını bildirmişdir. "Mehr News"-un məlumatına görə, 2018-ci ilin iyul ayında qaçırılmanın 36-cı ildönümü ilə bağlı keçirilən tədbirdə İranın Xarici İşlər Nazirliyinin üzvü qaçırılan iranlı diplomatların İsrailə aparıldığına dair kifayət qədər dəlil olduğunu söyləmişdir.

2008-ci ildə İsrail-Hizbullah əsir mübadiləsi sazişində İsrail dörd iranlının taleyi ilə bağlı hesabat verməyə razılaşmışdı. Hesabatda bildirilirdi ki, dörd nəfər Eliye Hobeykanın (2002-ci ildə qətlə yetirilmişdir) rəhbərlik etdiyi bir qrup xristian hərbi qruplaşması tərəfindən əsir götürülmüşdür. "Fars News"-un məlumatına görə, Livanda oğurlanmış İran diplomatlarının xatirəsini yad etmək üçün keçirilən 37-ci ildönümü mərasimində İran Parlamenti sədrinin baş müşaviri bildirmişdir ki, İran və Livan oğurlanmış İran diplomatlarının məsələsini həll etmək üçün əməkdaşlığını uzadacaqlar.

"Middle East Monitor" qəzetinin məlumatına görə, İranın müdafiə naziri Hüseyn Dehqan İsraili oğurlanmış dörd İran diplomatının təhlükəsizliyinə görə məsuliyyət daşımağa çağırıb.

Anım tədbirləri İranda oğurlanmış diplomatların itkin düşməsi hər il anılır.

Həmçinin bax Livanda vətəndaş müharibəsi

İstinadlar

Kateqoriya:1980-ci illərdə itkin düşənlər Kateqoriya:1982-ci ildə Livanda cinayətkarlıq Kateqoriya:1982-ci ildə İran Kateqoriya:1982-ci ildə İsrail Kateqoriya:İsrail–Livan münaqişəsi Kateqoriya:İran diplomatları Kateqoriya:Diplomatik insidentlər Kateqoriya:Oğurlanmış diplomatlar Kateqoriya:Qaçırılmış İran şəxsləri Kateqoriya:Livanda adam oğurluğu hadisələri Kateqoriya:Livanda itkin düşmüş şəxslər hadisələri Kateqoriya:İran–İsrail münasibətləri Kateqoriya:İran–Livan münasibətləri Kateqoriya:İsrail–Livan münasibətləri