2019–2020-ci illərdə şimal-qərbi Suriyada döyüşlər və ya kod adı ilə İdlib şəfəqi 2 — Suriya Ərəb Respublikası Silahlı Qüvvələri, Rusiya, İran, "Hizbullah" və onlara müttəfiq digər silahlı qruplaşmalar tərəfindən Suriya müxalifət qüvvələrinə qarşı həyata keçirilmiş hərbi əməliyyat. Əməliyyat Suriya Milli Ordusu, "Heyət Təhrir əş-Şam", "Möminləri Oyandırın" Əməliyyat Otağı, Türküstan İslam Partiyası və digər üsyançı qruplara qarşı aparılmışdır. Hücum 19 dekabr 2019-cu il tarixində başlamış, Rusiya tərəfindən dəstəklənən hökumətyönlü qüvvələrlə Türkiyənin dəstəklədiyi müxalif qüvvələr arasında şiddətli döyüşlərə səbəb olmuş, nəticədə təxminən 980 min mülki şəxs öz yaşayış yerini tərk etmək məcburiyyətində qalmışdır.
2020-ci ilin fevral ayına qədər hökumətyönlü qüvvələr İdlib mühafəzəsi boyunca yerləşdirilmiş bir neçə Türkiyə müşahidə məntəqəsini mühasirəyə almışdır. 27 fevral tarixində Türkiyə və Suriya qüvvələri arasında vaxtaşırı baş verən ölümcül toqquşmalardan sonra Türkiyə rəsmi şəkildə əməliyyata müdaxilə etmiş və Suriya hökumət qüvvələrini hücumdan əvvəlki cəbhə xəttinə geri çəkmək məqsədilə "Bahar qalxanı" əməliyyatının başlandığını elan etmişdir.
5 mart 2020-ci il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə 6 mart tarixindən qüvvəyə minən atəşkəs razılaşdırılmışdır. Razılaşmaya əsasən M4 avtomobil yolu boyunca altı kilometrlik təhlükəsizlik dəhlizi yaradılmış, həmçinin 15 martdan etibarən magistral boyunca birgə Türkiyə–Rusiya patrullarının həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Zəmin Türkiyənin 2016-cı ildə Suriyada vətəndaş müharibəsinə birbaşa müdaxiləsindən sonra münaqişə tərəflərindən biri olan və Bəşər Əsədi dəstəkləyən Rusiya və İran mümkün birbaşa hərbi toqquşmanın qarşısını almaq məqsədilə Türkiyə ilə Suriya mövzusunda danışıqlar aparmışdır. Müharibədə müxtəlif tərəfləri dəstəkləyən bu dövlətlər Suriyada döyüşlərin dayandırılması üçün Astana platformasından səmərəli istifadə edilməsi, Bəşər Əsəd ilə Suriya müxalifəti arasında dialoq prosesinin inkişaf etdirilməsi və ölkənin bir sıra bölgələrində — İdlib mühafəzəsi, Hələb mühafəzəsinin qərb hissəsi, Əl-Laziqiyyə mühafəzəsinin müəyyən əraziləri, Həma mühafəzəsinin şimalı, Hüms mühafəzəsinin bəzi hissələri, Şərqi Qutə, Dəra mühafəzəsi və Əl-Qüneytirə mühafəzəsində "gərginliyin azaldılması zonaları"nın elan olunması barədə razılığa gəlmişdir. 13 oktyabr 2017-ci il tarixindən etibarən Türkiyə ordusu həmin zonalardan biri olan İdlibə daxil olmuşdur.
Bununla belə, qeyd olunan bölgələrin "gərginliyin azaldılması zonaları" elan edilməsinə baxmayaraq, Rusiya, İran və Suriya ordusu bu ərazilərdə hərbi əməliyyatlar keçirmişdir. Nəticədə Həma, Şərqi Qutə, Hüms və Əl-Qüneytirə hökumət qüvvələrinin nəzarətinə keçmişdir. 18 iyun 2018-ci ildə Dəraya hücum başlanmış, 31 iyul 2018-ci il tarixində şəhər tam ələ keçirilmişdir. Rusiya, İran və Bəşər Əsəd hökuməti bu əraziləri nəzarətə götürdükdən sonra oradakı müxalif qüvvələrin İdlibə köçməsinə məcbur etdiyi bildirilmişdir. Müharibədən əvvəl təxminən 2 milyon nəfər olan İdlib əhalisinin qısa müddətdə 4 milyona çatdığı qeyd edilmişdir.
Əvvəllər müxaliflərin nəzarətində olan və "gərginliyin azaldılması zonası" elan edilmiş bölgələrə əməliyyatlar keçirərək müxalifləri İdlibə yönəldən Rusiya, İran və Suriya hökumət qüvvələrinin növbəti hədəfinin, 4 milyona yaxın insanın yaşadığı və Türkiyə ordusunun yerləşdiyi İdlib olduğu bildirilmişdir. Türkiyənin belə bir əməliyyata etiraz etməsindən sonra 7 sentyabr 2018-ci ildə İranın paytaxtı Tehranda Türkiyə, Rusiya və İran liderlərinin sammiti keçirilmişdir. Mətbuata açıq hissədə Vladimir Putin İdlibin "terrorçulardan təmizlənməli" olduğunu vurğulamış, Rəcəb Tayyib Ərdoğan isə atəşkəsə ehtiyac olduğunu bildirmişdir. Tehran sammitindən 10 gün sonra — 17 sentyabr 2018-ci ildə Putin və Ərdoğan Soçidə görüşmüş və Soçi Memorandumu imzalanmışdır.
Soçi razılaşmasına baxmayaraq, 2019-cu ilin aprel ayında Rusiya, İran və Suriya qüvvələrinin İdlibə hücumu başlanmışdır. Bu hücum zamanı İdlibdə yerləşən Türkiyə ordusunun müşahidə məntəqələri Suriya ordusu tərəfindən müxtəlif hücumlara məruz qalmışdır. 23 avqust 2019-cu il tarixində Morek qəsəbəsində yerləşən Türkiyə müşahidə məntəqəsi Suriya ordusunun irəliləməsi nəticəsində mühasirəyə düşmüş, İdlibin cənubunda başlayan döyüşlər Türkiyə ordusunun yerləşdiyi digər ərazilərə də çatmışdır. Morekdə yerləşən müşahidə məntəqəsinin mühasirəyə alınmasından bir həftə sonra Suriya ordusu birtərəfli atəşkəs elan etdiyini bildirmiş və İdlib istiqamətində əməliyyatları dayandırmışdır.
İdlibdə müvəqqəti atəşkəs əldə edildikdən sonra Türkiyə ordusu 9 oktyabr 2019-cu il tarixində Fərat çayının şərqində yerləşən Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı "Sülh bulağı" əməliyyatını həyata keçirmişdir. Əməliyyatın hərbi mərhələsi çərçivəsində Türkiyə ordusu səkkiz gün ərzində Təl-Əbyəz və Rəsulayn daxil olmaqla təxminən 4,820 kvadratkilometr əraziyə nəzarəti təmin etmişdir. 17 oktyabr 2019-cu ildə ABŞ rəsmilərindən ibarət nümayəndə heyəti Ankaraya gəlmiş və əməliyyatın dayandırılması məqsədilə Türkiyə tərəfi ilə danışıqlar aparmışdır. ABŞ tərəfi 120 saatlıq atəşkəs təklif etmiş, bu müddət ərzində Türkiyə sərhədləri yaxınlığındakı SDQ qüvvələrinin 30 km geri çəkilməsi nəzərdə tutulmuşdur. Nəticədə Ankara razılaşması imzalanmışdır, lakin SDQ geri çəkilməkdən imtina etmiş və Rusiya ilə əlaqə saxlamış, bunun ardınca Suriya ordusu SDQ-nin çağırışı ilə Fəratın şərqinə keçmiş və Türkiyə əməliyyat bölgələrinin qarşısında mövqe tutmuşdur. Bəşər Əsəd Türkiyənin bu əməliyyatını "açıq pozuntu və işğal" kimi qiymətləndirmiş, Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə SDQ rəhbəri Məzlum Kobani ilə görüş keçirmişdir.
Türkiyənin ABŞ tərəfinə verdiyi 120 saatlıq müddət başa çatdıqdan sonra Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə yenidən görüşmüş və bu dəfə Fəratın şərqi boyunca Türkiyə sərhədlərini əhatə edən yeni Soçi razılaşması imzalanmışdır. Bununla da Türkiyənin əməliyyatı dayandırılmışdır.
Döyüşlər "Sülh bulağı" əməliyyatının dayandırılmasından iki ay sonra — 19 dekabr 2019-cu il tarixində Rusiya, İran və Suriya qüvvələri İdlibə yenidən hücum başlatmışdır. Bu hücum zamanı bölgədə yerləşən Türkiyə müşahidə məntəqələri hədəfə alınmış, Rusiya Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin hərəkətlərinin pilotsuz uçuş aparatları ilə qeydə alındığını açıqlamışdır. Tərəflər arasında aşağı intensivlikli toqquşmalar başlamışdır.
Döyüşlər əsasən İdlibin cənubunda və Hələbin qərbində cəmlənmişdir. Xüsusilə M4 və M5 avtomobil yollarının kəsişdiyi Sərakib şəhərində fevral ayı boyunca şiddətli toqquşmalar davam etmişdir. 27 fevral tarixində Türkiyə tərəfindən dəstəklənən müxalif qüvvələrin Sərakibi geri aldığı bildirilmişdir. Həmin gün Rusiya Müdafiə Nazirliyi Türkiyənin İdlibdə Soçi razılaşmasını pozduğunu, bölgədə fəaliyyət göstərən müxalif qruplara dəstək verdiyini və bu qrupların Suriya Silahlı Qüvvələrinə məxsus bölmələrə pilotsuz uçuş aparatları ilə hücum etdiyini bəyan etmişdir. Rusiya mətbuatı 27 fevral tarixində Türkiyə Silahlı Qüvvələri və onun dəstəklədiyi qrupların Türkiyə müşahidə məntəqələrinin yerləşdiyi ərazilərdən Suriya Hərbi Hava Qüvvələrinə məxsus iki Su-17 və Rusiya Hərbi Hava Qüvvələrinə məxsus bir Su-34 təyyarəsini vurmaq üçün üç hücum cəhdi etdiyini, lakin təyyarələrin istilik tələləri tətbiq edərək yayındığını iddia etmişdir.
27 fevral 2020-ci il saat təxminən 11:00 radələrində iki Rusiya istehsalı olan Su-34 təyyarəsi və Suriyaya məxsus iki Su-22M4 qırıcı-bombardmançısı İdlib mühafizəsinin cənubunda yerləşən kənd ərazilərinə "Heyət Təhrir əş-Şam" qüvvələrinə qarşı intensiv bombardman reydlərinə başlamışdır. Rusiya mənbələrinə görə, saat 13:00-dan sonra Türkiyə qüvvələri Rusiya və Suriya təyyarələrinə qarşı 15-dən çox DZRK) ilə hücum həyata keçirmişdir. Bəzi Rusiya təyyarələrinin atəşdən yayınarkən zədələndiyi barədə məlumatlar yayılmışdır.
Saat təxminən 17:00 radələrində 400 nəfərlik Türkiyə mexanikləşdirilmiş piyada batalyonundan ibarət konvoy əl-Bəra ilə Bəlyun arasında, Kəfr Nəbl şəhərindən təxminən 5 km şimalda yerləşən yolda hərəkət edən zaman hava zərbəsinə məruz qalmışdır. Konvoy əvvəlcə Su-22M4 təyyarəsi tərəfindən həyata keçirilmiş yüngül zərbə ilə dayandırılmış, ardınca ikinci bombardman nəticəsində 65-ci Mexanikləşdirilmiş Piyada Briqadasının 80 hərbçisi yaxınlıqdakı binalara sığınmağa məcbur olmuşdur. "Al-Monitor" nəşrinin məlumatına görə, Rusiya təyyarələrinin KAB-1500L tipli idarəolunan bombalardan istifadə etdiyi ehtimal edilmiş, nəticədə iki bina dağılmış və bir neçə hərbçi dağıntılar altında qalmışdır.
Hücuma cavab olaraq Türkiyə Silahlı Qüvvələri İdlib mühafizəsində "Bahar qalxanı" əməliyyatına başlamışdır. Cavab zərbələri zamanı döyüş təyyarələri, zərbə pilotsuz uçuş aparatları və yerüstü atəş vasitələrindən istifadə olunmuşdur. Türkiyə mənbələrinə görə, pilotsuz uçuş aparatları Suriya hava məkanına daxil olmuş, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16C qırıcıları isə Suriya hava məkanına girmədən uzaqmənzilli dəqiq idarə olunan sursatlardan istifadə etmişdir. Müstəqil qiymətləndirmələrə əsasən cavab zərbələri nəticəsində 197–405 arası Suriya hökumət qüvvəsi həlak olmuşdur. Türkiyə Müdafiə Nazirliyi bu rəqəmi xeyli yüksək göstərərək 3,138 nəfər olduğunu bildirmişdir.
Qeydlər
İstinadlar
Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:2019-cu ildə Suriya Kateqoriya:2020-ci ildə Suriya Kateqoriya:Hələb mühafəzəsi Kateqoriya:Həma mühafəzəsi Kateqoriya:İdlib mühafəzəsi Kateqoriya:Əl-Laziqiyyə mühafəzəsi