Müxtəsər əl-Xiraqi () — özündə Hənbəli məzhəbinin fiqhi görüşlərini ehtiva edən əsər.
Əsər "Əl-Müxtəsər"in həcc bölməsində Həcərül-əsvədin qərmətilər tərəfindən oğurlanmasına eyham vuran, "hacı Həcərül-əsvədin yanına gəlir və imkan taparsa — əgər yerindədirsə — onu salamlayır və öpür" ifadəsi, əsərin həcc bölməsinin və ondan sonrakı bölmələrinin hicri 317-ci (929) ildən sonra yazıldığı deməyə əsas verir. Çünki Həcərül-əsvəd, qərməti lideri Əbu Tahir əl-Cənnabi tərəfindən bu tarixdə oğurlanmış və yalnız hicri 339-cu (950–51) ildə geri qaytarıla bilmişdir.
Əl-Xiraqi əsərə xüsusi bir ad verməmişdir, lakin əsər Hənbəli məzhəbinin görüşlərini qısa və mənalı formada ifadə etdiyi üçün əsər "əl-Müxtəsər" deyə məşhurlaşmışdır. "əl-Müxtəsər" Hənbəli məzhəbinə dair ilk klassik fiqh mətnidir. Kitabın bölmələrinin tərtib edilməsində Şafei məzhəbindəki əsərlər əsas götürülmüş və bu tərtibat sonrakı hənbəli müəlliflər tərəfindən mənimsənmişdir. "Əl-Müxtəsər" İbn Qudamə əl-Məqdisi "əl-Muqni"ni yazana qədər hənbəlilərin yeganə mötəbər fiqh mətni olma xüsusiyyətini qorumuşdur. İbn Qudamənin əsəri ilə birlikdə "əl-Müxtəsər"in tərtibatı da tərk edilmişdir.
Əsər 2300 görüş ibarətdir. Bu görüşlərin hamısı Əhməd ibn Hənbələ aid olmayıb, bir hissəsi bir onun görüşlərinə əsaslanan əl-Xiraqinin təxriclərdir. Əl-Xiraqinin əsərində bunu qeyd etməməsi, bütün görüşlərin Əhməd ibn Hənbələ aid olduğunu düşündürə biləcəyi üçün tənqid olunmuşdur. İbn Əbu Yalə, Qulam əl-Həllalın "əl-Müxtəsər"in bir nüsxəsi üzərində "əl-Xiraqi mənimlə altmış məsələdə fərqlənmişdir" yazdığını qeyd etmiş və araşdırma apararaq aralarında doxsan səkkiz məsələ üzrə fərqlər olduğunu müəyyən etmişdir. Hənbəli məzhəbində böyük əhəmiyyətə malik olan "əl-Müxtəsər" məktəblərdə dərs vəsaiti kimi oxunmuş, tələbələr tərəfindən əzbərlənmiş, bəzi alimlər tərəfindən mənzum hala salınmış və ona çoxsaylı şərhlər yazılmışdır. İbnül-Mibrəd bildirir ki, müəllimi İzzəddin əl-Misri "əl-Müxtəsər"in 300 şərhini müəyyən etmiş, özü isə təxminən iyirmiyə yaxın şərhini görmüşdür.
"Əl-Müxtəsər" M. Züheyr əş-Şəviş tərəfindən nəşr edilmişdir (Dəməşq: 1959, 1964).
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar