thumb|Müqəddəs Tacın qabaq tərəfi
Müqəddəs İştvanın tacı, Müqəddəs Macarıstan tacı və ya Müqəddəs macar tacı (), — Macarıstan krallığında kral tərəfindən istifadə olunan tac. XII əsrdən etibarən mövcud olduğu dövr ərzində krallar bu tacla taclandırılmışdırlar.
Əyilmiş xaçın sirri
Tacın zirvəsindəki xaç hal-hazırda əyilmiş vəziyyətdədir. Bu zədələnmənin XVII əsrdə baş verdiyi ehtimal olunur. Tarixi mənbələrə görə, tacın saxlandığı dəmir sandığın qapağı tac içəri düzgün yerləşdirilmədən bağlanmış və nəticədə qapağın təzyiqi xaçı sola doğru əymişdir. Bəzi tədqiqatçılar bu hadisənin 1608-ci ildə, II Matveyin tacqoyma mərasimi zamanı baş verdiyini iddia edirlər.
Macarlar bu zədəni düzəltməmiş, əksinə, onu tacın ayrılmaz bir hissəsi və tarixin izi kimi qəbul etmişdirlər. Hazırda Macarıstanın dövlət gerbində də tac məhz bu əyilmiş xaçla təsvir olunur.
thumb|1916-cı ildə IV Karlın tacqoyma mərasimi
Tacın tarixi
Orta əsrlər və əfsanələr
XII əsrin əvvəllərində Dyör yepiskopu Hartvik tərəfindən yazılmış "Müqəddəs İştvanın həyatı" əsərindəki əfsanəyə görə, tac 1001-ci ildə Papa II Silvestr tərəfindən Macarıstana göndərilmiş və Esterqom arxiyepiskopu Astrik tərəfindən I İştvanın başına qoyulmuşdur. Lakin Merzeburqlu Titmar qeyd edir ki, İştvan tacı 1000-ci ildə imperator III Ottonun xeyir-duası ilə qəbul etmişdir.
Xalq inanclarında tacın mənşəyi ilə bağlı fərqli versiyalar mövcuddur: Tacın İsa Məsih üçün hazırlandığı və onun Dirilişindən sonra "Dünyanın Kralı" kimi taclandırılması üçün nəzərdə tutulduğu iddia edilir. Digər bir rəvayətə görə, tacı Avropaya Atilla gətirmiş, sonradan avarların əlinə keçmiş və 795-ci ildə Böyük Karl tərəfindən ələ keçirilmişdir.
Tarixçilər hal-hazırda mövcud olan tacın Papa Silvestrin göndərdiyi tac olub-olmadığını hələ də müzakirə edirlər. Bir fərziyyəyə görə, orijinal tac 1038-ci ildə imperator III Henri tərəfindən Romaya aparılmış və orada itmişdir. Digər bir versiyaya görə isə, tac 1075-ci ildə Macarıstanın qaçqın kralı Şalamon tərəfindən ölkədən çıxarılmış və itirilmişdir.
Yunan və Latın hissələrinin birləşməsi
Şalamonun xələfi olan I Geza, 1075-ci ildə Bizans imperatoru VII Mixail Dukasdan yeni bir tac (diadema) almışdır. Bu "Yunan tacı" adlanan hissənin üzərində İsa Məsih, imperator Mixail və kral Gezanın təsvirləri var idi.
Məşhur əfsanəyə görə (eyni zamanda "Müqəddəs Tac" filmində əks olunub), Müqəddəs I Laslonun dövründə Müqəddəs İştvanın məqbərəsi açılmış, oradan çıxarılan hissələr Gezanın yunan tacı ilə birləşdirilmişdir. Lakin tədqiqatçılar bu birləşmənin daha gec — Macarıstan kralı olan Kitabsevən Kalmanın və ya IV Belanın dövründə baş verdiyini ehtimal edirlər.
Əyilmiş xaç və oğurlanma hadisəsi
Tacın zirvəsindəki xaçın əyilməsi ilə bağlı ən məşhur rəvayət 1439-cu ilə aiddir. Almaniya kralı olan II Albrextin ölümündən sonra onun dul qalmış kraliçaçı Lüksemburqlu Elizabet tacı oğurlatdıraraq körpə oğlu V Ladislavı taclandırmaq istəmişdir. Tac saraydan çıxarılarkən tələsik şəkildə dəmir sandığa yerləşdirilmiş və sandığın qapağı bağlanarkən xaçı əymişdir. O vaxtdan bəri xaç bu vəziyyətdə saxlanılmış və Macarıstanın dövlət möhürlərinə bu şəkildə həkk olunmuşdur.
Tacın səyahətləri və ABŞ-yə aparılması
Müqəddəs Tac tarixi boyu 11 dəfə Macarıstanı tərk etmişdir. Monqol istilası zamanı IV Bela tacı müasir Xorvatiya ərazisinə qaçırmışdır. Süleyman Qanuni 1526-cı ildə tacı ələ keçirsə də, onu özünə götürməyərək himayəsindəki Yanos Zapolyaya qaytarmışdır.
İkinci Dünya müharibəsinin sonunda tac nasist tərəfdarları tərəfindən Avstriyaya aparılmış və bir mazut çəlləyində gizlədilmişdir. Onu tapan ABŞ hərbçiləri tacı 1953-cü ildə Fort-Noks qızıl anbarına aparmışdılar. Uzunmüddətli danışıqlardan sonra, 6 yanvar 1978-ci ildə ABŞ dövlət katibi Sayrus Vensin iştirakı ilə tac Budapeştə qaytarılmışdır.
Müasir dövr
1 yanvar 2000-ci ildən bəri tac Macarıstan parlamentinin binasında nümayiş etdirilir. Hər saatın ilk iyirmi dəqiqəsində tacın ətrafında tarixi uniformalı fəxri qarovul dəyişimi həyata keçirilir.
Tacın təsviri
Tacın hündürlüyü 127 mm, aşağı hissəsinin diametri 204-216 mm, çevrəsinin uzunluğu isə 720 mm-dir. Tac qızıldan filiqran texnikası ilə hazırlanmış, kabaşon cilalı qiymətli daşlar, mirvarilər və 27 (ilkin olaraq 28) ədəd mina işləməli (minaetmə texnikası ilə hazırlanmış) lövhə ilə bəzədilmişdir. Bu lövhələrin üzərində ornamental motivlər və fiqurlu təsvirlər, o cümlədən iki ədəd Pantokrator Xristos təsviri yer alır.
Tac iki hissədən ibarətdir. Üst hissə yarımkürə formasındadır və aşağıdakı dairəvi çənbərin üzərinə bərkidilmiş iki kəsişən qövsdən ibarətdir. Tacın zirvəsində isə məşhur əyilmiş xaç yerləşir.
Səkkiz həvari və Pantokrator Xristosun təsvirləri ilə bəzədilmiş üst hissədə latın dilində yazılar mövcuddur; xristian müqəddəslərinin, Pantokratorun digər təsvirinin və Bizans hökmdarlarının obrazları yer alan aşağı hissədə isə yazılar yunan dilindədir. Buna görə tacın hissələri müvafiq olaraq "Latın tacı" () və "Yunan tacı" () adlandırılır.
Təsvirlərin xüsusiyyətləri, hazırlanma texnikası və minaların tərkibi onların IV əsrin əvvəllərində erməni emalatxanalarından birində hazırlandığını ehtimal etməyə əsas verir.
Tacın əhəmiyyəti
Tac qədim dövrlərdən bəri Macarıstan dövlətçiliyinin simvolu hesab olunur.
Macarıstan kralı Şalamonun hakimiyyətindən başlayaraq Macarıstanda hakimiyyət formal olaraq Müqəddəs I İştvanın tacına məxsus idi. Bu müddəa Macarıstan kralı IV Belanın dövründə sənədləşdirilmişdir. Buna müvafiq olaraq, krallığın ərazisi "Müqəddəs Tacın torpaqları" adlanırdı.
"Macarıstanın Müqəddəs Tacı dövlətin suverenliyi və kralın hakimiyyəti haqqındakı debatlarda təkcə metaforik deyil, həm də hərfi mənada yer tutur".
25 aprel 2011-ci ildə qəbul edilmiş Macarıstan Konstitusiyasının preambulasında bəyan edilir:
K. Şeppelinin fikrincə, "1989-cu ildən bəri Müqəddəs Tacın konstitusion statusu bir neçə dəfə aktiv debat mövzusuna çevrilmişdir. Hər dəfə Tac öz simvolik iştirak sahəsini genişləndirmiş — əvvəlcə milli gerbin bir hissəsi olmuş, sonra isə parlament binasına köçürülmüşdür. Lakin onun qanuniləşdirilməsi cəhdləri hər dəfə müqavimətlə qarşılanırdı. Yalnız 1 yanvar 2012-ci ildə ölkənin yeni konstitusiyasının qüvvəyə minməsi ilə Tac nəhayət Macarıstanın konstitusiya quruluşunun rəsmi hissəsinə çevrilmişdir".
Kinematoqrafiyada
Tacın tarixi Macarıstan istehsalı olan "Müqəddəs Tac" (, 2001) filmində əks olunmuşdur. Film Macarıstan kralı I Andraşın hakimiyyətinin son illərindən Müqəddəs I Laslonun hakimiyyət dövrünə qədər olan dövrü əhatə edir. Filmin süjetinə görə, I Laslonun dövründə Macarıstanın ilk kralı olmuş Müqəddəs I İştvanın məqbərəsi açılmış və onun tacı oradan çıxarılmışdır. Daha sonra bu tac Bizans imperatoru VII Mixail Dukas tərəfindən I Gezaya hədiyyə edilmiş tacqoyma tacı ilə birləşdirilmişdir. Beləliklə, filmin süjetinə əsasən, Macarıstan krallarının əfsanəvi Müqəddəs Tacı yaranmış və bu tacla ilk dəfə Müqəddəs I Laslo taclandırılmışdır.
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
Xarici keçidlər
The Holy Crown of Hungary (images) Sceptre (images) The crown jewels (images)
Exhibition of the Holy Crown of Hungary
Kateqoriya:Reqaliya Kateqoriya:Macarıstan tarixi Kateqoriya:Taclar