Əbül-Muğirə Səmmak ibn Hərb ibn Əvs əz-Zöhli əl-Bəkri (; ) — tabiin nəslinə mənsub hədis hafizi.
Həyatı Bəkr ibn Vail qəbiləsinin Bənu Zöhl qoluna mənsubdur. Kufədə Məscidü Səmmak adlı məscidin olması, Səmmak ibn Hərbin ana tərəfdən Kufənin nüfuzlu ailələrindən birinə mənsub olduğunu göstərir. Onun dövrün valisi Əbu Xalid ibn Hübeyrə tərəfindən bir neçə dəfə Bağdada göndərilməsinə əsasən, Səmmakın dövlət adamları ilə əlaqlələrinin olduğu və ehtimal ki, bəzi rəsmi vəzifələr icra etdiyi düşünülə bilər.
Səmmak səksənə yaxın səhabə gördüyü demiş, Ənəs ibn Malik, Abdullah ibn Zübeyr ibn Əvvam, Dəhhaq ibn Qeys, Cabir ibn Səmurə, Numan ibn Bəşir kimi səhabələrdən və eləcə də İbrahim ən-Nəxai, Səid ibn Cübeyr, Həsən əl-Bəsri, Muaviyə ibn Qurrə, İkrimə əl-Bərbəri, Şəbi, Əlqamə ibn Vail kimi tabiinlərdən hədis rəvayət etmişdir. Ondan da oğlu Səid, Əməş, Həmmad ibn Sələmə, Şöbə ibn Həccac, Süfyan əs-Sövri, Şərik ibn Abdullah, Zaidə ibn Qudamə, İbrahim ibn Təhman, İsrail ibn Yunus əs-Səbii kimi şəxslər hədis rəvayət etmişlər.
Səmmakın harada öldüyü barədə məlumat yoxdur.
Hədis, tarix və təfsir mənbələrində Səmmak rəvayətlərindən istifadə edilmişdir: Əbdürrəzzaq əs-Sənaninin "əl-Müsənnəf"ində yetmiş, Əhməd ibn Hənbəlin "əl-Müsnəd"ində səksən, Müslümün "Cəmius-səhih"ində iyirmi beş, Təbəraninin mucəmlərində yüz əlli, Təbərinin "Cəmiul-bəyan"ında (təfsirlə bağlı) əllidən çox, İbn Hibbanın "əs-Səhih"ində Səmmakdan nəql edilmiş yüzdən çox rəvayət vardır. Buxari "əl-Cəmius-səhih"ində bir yerdə onun bir rəvayəti istişhad etmiş, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə sünənlərində onun rəvayətlərinə yer vermişlər.
İstinadlar