Sadə əlavə paradoksu (həmçinin iyrənc nəticə, ) — etika sahəsində Derek Parfit tərəfindən irəli sürülmüş problem və onun Səbəblər və Şəxslər () (1984) adlı əsərində geniş şəkildə müzakirə olunur. Paradoks əhalinin nisbi dəyəri ilə bağlı intuitiv cəhətdən inandırıcı görünən dörd iddianın bir-biri ilə uzlaşmadığını göstərir. Parfitin iyrənc nəticənin ilkin formulu belədir: “Tam bərabər və çox yüksək müsbət rifaha malik istənilən bir əhali üçün, digər şərtlər eyni qalmaqla, çox aşağı müsbət rifaha malik, lakin daha yaxşı olan bir əhali mövcuddur.”Derek Parfit, Reasons and Persons (Clarendon Press, 1984), s. 388.
Paradoks Parfit A, A+, B− və B kimi işarələnmiş dörd əhali qrupunu nəzərdən keçirir. Aşağıdakı diaqramda hər bir sütun ayrı-ayrı insan qruplarını təmsil edir. Sütunların eni əhali sayını, hündürlüyü isə qrupun xoşbəxtlik səviyyəsini göstərir. A və B-dən fərqli olaraq, A+ və B− mürəkkəb əhalilərdir və hər biri iki fərqli qrupdan ibarətdir. Həmçinin, hər bir qrupun üzvlərinin həyatının kifayət qədər yaxşı olduğu, yəni onların mövcud olmağı yoxluğa üstün tutduqları qəbul edilir.
Parfit əhalilərin dəyəri ilə bağlı aşağıdakı üç mülahizəni irəli sürür:
1. A+ A-dan pis görünmür. Çünki A-da olan insanlar A+-da daha pis vəziyyətdə deyillər, A+-da əlavə mövcud olan insanlar isə mövcud olmadıqları vəziyyətlə müqayisədə daha yaxşı durumdadırlar.
2. B− A+-dan daha yaxşı görünür. Bunun səbəbi B−-nin həm ümumi, həm də orta xoşbəxtlik səviyyəsinin A+-dan yüksək olmasıdır.
3. B, B− qədər yaxşıdır, çünki B− ilə B arasındakı yeganə fərq B−-də iki ayrı qrupun B-də birləşdirilməsidir.
Bu üç müqayisə birlikdə B-nin A-dan daha yaxşı olduğu nəticəsini verir. Lakin Parfit aşağıdakı müşahidəni də qeyd edir:
4. A (yüksək orta xoşbəxtliyə malik əhali) ilə B (daha aşağı orta xoşbəxtliyə, lakin daha çox ümumi xoşbəxtliyə malik daha böyük əhali) birbaşa müqayisə edildikdə, B-nin A-dan daha pis olduğu intuitiv olaraq mümkün görünür.
Beləliklə, paradoks yaranır. Aşağıdakı iddialar birlikdə ziddiyyətlidir: (1) A+ A-dan pis deyil; (2) B− A+-dan yaxşıdır; (3) B− B qədər yaxşıdır; (4) B A-dan pis ola bilər.
İyrənc nəticə
Parfit iddia edir ki, A-dan B-yə doğru bu cür “sadə əlavələr” təkrar-təkrar həyata keçirilə bilər və nəticədə Z adlandırılan, çox böyük, lakin rifah səviyyəsi cüzi müsbət olan bir əhali əldə edilər. Belə bir Z əhalisinin daha yaxşı sayılması Parfit tərəfindən iyrənc nəticə adlandırılır.
Cavablar Bəzi alimlər, o cümlədən Larri Temkin və Stüart Reyçels, bu dörd iddia arasındakı uyğunsuzluğun “daha yaxşıdır” münasibətinin tranzitiv olması fərziyyəsinə əsaslandığını bildirirlər. Bu fərziyyə rədd edilərsə, paradoks aradan qalxa bilər. Bu yanaşmaya görə, A+ A-dan pis deyil və B− A+-dan yaxşıdırsa da, buradan B−-nin A-dan yaxşı olduğu nəticəsi çıxmır.
Digər bir cavab ümumi utilitarizmin rədd edilib orta utilitarizmin qəbul edilməsidir. Bu halda A+ A-dan pis sayılardı, çünki orta xoşbəxtlik azalır. Parfitə görə isə bu yanaşma absurddur, çünki yaşamağa dəyər həyatı olan insanların əlavə edilməsi dünyanı daha pis hala gətirmiş olur.
Torbyorn Tannşyo B-nin A-dan pis olduğu intuissiyasının səhv olduğunu müdafiə edir. B-dəki insanların həyatı A-dakılardan daha pis olsa da, onların sayı daha çoxdur və bu səbəbdən B-nin ümumi dəyəri A-dan yüksəkdir. Maykl Hyumer də iyrənc nəticənin əslində iyrənc olmadığını iddia edir.
Bir sıra filosoflar (o cümlədən Torbyorn Tannşyo, Yu-Kvan Nq, Hilari Qrivz və Tobi Ord) hesab edirlər ki, iyrənc nəticədən yayınmaq əhali etikası üçün qənaətbəxş bir nəzəriyyənin zəruri şərti deyil.
Digərləri isə ümumbəşəri etik nəzəriyyənin mövcud olmaya biləcəyini irəli sürürlər. Qustav Arrenius sübut etmişdir ki, əhali etikası sahəsində olan bir nəzəriyyə eyni zamanda bir sıra intuitiv cəhətdən inandırıcı aksiomları təmin edə bilməz.
Variantlar Çox iyrənc nəticə əhali etikası nəzəriyyələrinin bəzilərinə aid daha güclü bir iddiadır. Bu iddiaya görə, çox yüksək rifaha malik bir əhali üçün, çox sayda ciddi mənfi rifaha malik insanlar və onlardan daha çox sayda cüzi müsbət rifaha malik insanlardan ibarət daha yaxşı bir əhali mövcud ola bilər.
Alternativ istifadə “Sadə əlavə paradoksu” termini 2010-cu ildə Hassoun tərəfindən fərqli mənada da istifadə edilmişdir. Bu yanaşma statistik göstəricilərin əhali üzərində tətbiqi zamanı yaranan paradoksal nəticələri təsvir edir. Məsələn, kasıb insanların həyat şəraiti dəyişmədiyi halda, zəngin bir şəxsin əhaliyə əlavə olunması orta göstəriciləri süni şəkildə yaxşılaşdıra bilər.
İstinadlar
Ədəbiyyat Parfit, Derek. Reasons and Persons, ch. 17 and 19. Oxford University Press 1986. Ryberg, Jesper & Tännsjö, Torbjorn (eds.). The Repugnant Conclusion. Essays on Population Ethics. Dordrecht: Kluwer Academic Publishers, 2004 . Larry Temkin. "Intransitivity and the Mere Addition Paradox", Philosophy and Public Affairs. 16 (2) (Spring 1987): 138–187 Tännsjö, Torbjörn. Hedonistic Utilitarianism. Edinburgh University Press 1998. Hassoun, Nicole. Another Mere Addition Paradox, UNU-WIDER Working Paper 2010, .
Xarici keçidlər The Repugnant Conclusion (Stanford Encyclopedia of Philosophy) Contestabile, Bruno. On the Buddhist Truths and the Paradoxes in Population Ethics, Contemporary Buddhism, Vol. 11 Issue 1, pp. 103–113, Routledge 2010
Kateqoriya:Utilitarizm Kateqoriya:1984-cü ildə tanıdılanlar