Ənvər Paşa üsyanı () — daha geniş Basmaçı hərəkatının tərkib hissəsi olan silahlı qiyam. Bu qiyamı keçmiş Osmanlı hərbi naziri Ənvər Paşa təşkil etmişdir.
Qiyam 1921-ci ilin yayında Ənvər Paşanın Buxaraya gələrək basmaçılarla danışıqlar aparmaq cəhdi ilə başlamışdır. O, nəticədə basmaçıların tərəfinə keçərək bolşeviklərə qarşı vuruşmağa başlamışdır. Basmaçı hərəkatının məhz bu dövrü onun ən güclü çağı hesab olunur, lakin 1922-ci ilin may ayından etibarən Türküstanda bolşevik qoşunlarının əks-hücumları başladıqda basmaçılar parçalanmağa başlamışdır. İyun ayının ortalarında İbrahim bəy Ənvər Paşaya qarşı üsyan qaldırmış və bu, basmaçıların daxilində vətəndaş müharibəsi yaratmışdır. Üsyan nəhayət 4 avqust 1922-ci il tarixində Ənvər Paşanın özünün öldürülməsi ilə tamamilə yatırılmışdır.
Zəmin
Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Ənvər Paşa Camal Paşa və Tələt Paşa ilə birlikdə Almaniyaya qaçmışdır. İstanbulda həyata keçirilən hərbi tribunal gənc türklərdən ibarət bu üçlüyü edam cəzasına məhkum etdiyi üçün o, orada "Əli bəy" adı ilə gizlənməli olmuşdur. 1919-cu ildə Berlində Komintern nümayəndəsi Karl Radek ilə görüşmüş və ona Qızıl Orduya rəhbərlik edərək basmaçılara qarşı vuruşmaq təklifi verilmişdir. 1920-ci ilin əvvəllərində Moskvaya səfəri zamanı İslam ilə İnqilabın Birliyi Cəmiyyəti çalışmış,Moorehead, Alan (1997), Gallipoli, Wordsworth Editions, p. 79, . islamla kommunizmin sintezini vəd edərək kommunist–müsəlman ittifaqı yaratmaq, basmaçıları dayandırıb öz tərəfinə çəkmək öhdəliyi götürmüşdür. 1921-ci ilin iyununda bir neçə nümayəndə və zabitlə birlikdə Buxaraya gəlmiş, Buxara hökumətində hərbi nazir vəzifəsi təklifini rədd etmiş və əsir düşmüş şəxsləri edam etdirərək üsyanını başlatmışdır.Burovsky. A. Weller. M. Civil history of a crazy war - M. AST-Astrel. 2007 - 640 p.
Üsyan Ənvər Paşanın müsəlman sosializmi ideyaları Şərqi Buxaranın kəndliləri və fəhlə sinfi arasında tez bir zamanda populyarlıq qazanmış, lakin bu, zadəganlar və çoxsaylı çorbaçılar tərəfindən ondan uzaqlaşdırılmasına səbəb olmuşdur. Zadəganlar dolayısı ilə İbrahim bəyi dəstəkləmiş və ikisi arasında vətəndaş münaqişəsinin əsasını qoymuşdular. Nəticədə, İbrahim bəy ilə görüş zamanı Ənvər Paşa silahsızlaşdırılaraq əsir alınmış, sonradan Buxara əmiri Seyid Əlim xan tərəfindən azad edilmiş və naib təyin olunmuşdur. Yeni vəzifəsində bolşeviklərə düşmən olan ölkələrdən, xüsusilə Əfqanıstan və Britaniya imperiyasından silah toplamağa çalışmış, hər iki dövlət ona yardım göndərməyə hazır olduğunu bildirmişdir, lakin bolşeviklər buna mane olmuş və Buxaranı blokadaya almışdılar. Bütün çətinliklərə baxmayaraq, Ənvər Paşa 20 minlik ordu ilə hərəkətə keçmiş, bir aylıq mühasirədən sonra Düşənbəni ələ keçirmiş və ilk qələbəsini qazanmışdır. Onlar blokadanı qırmaq üçün Çin sərhədini açmağa cəhd göstərmiş, lakin uğursuzluğa düçar olmuşdular. Buna baxmayaraq Qarşi, həmçinin Buxaraya doğru irəliləmiş və bir neçə qələbə əldə etmişdir. Bu məğlubiyyətlər bolşevikləri ciddi narahat etmiş və onlar Türküstanda böyük qüvvə ilə əks-hücuma keçmişdilər. 1922-ci ilin may ayından etibarən Qızıl Ordu Vaxşbent, Gicduvan, Kərminə, Baysun, Balcuvan, Körfük kimi nöqtələri geri almış, 14 iyun 1922-ci ildə isə Düşənbənin düşməsi basmaçılar üçün ən böyük itki olmuşdur. Eyni vaxtlarda İbrahim bəy ilə Ənvər Paşa arasında vətəndaş müharibəsi alovlanmış və bu, Ənvər Paşaya ciddi zərbə vurmuşdur. Ənvər Paşa iyul ayında Əfqanıstana çəkilməyə çalışmış, lakin Düşənbə yaxınlığında yerləşən Balcuvanda erməniəslli bolşevik komandir Yakov Melkumovun başçılıq etdiyi qüvvələrin pusquya salması nəticəsində döyüşdə həlak olmuş və beləliklə, üsyan tamamilə sona çatmışdır.
Nəticəsi Basmaçı hərəkatı Ənvər Paşa dövründə ən yüksək gücünə çatmış və sonradan heç vaxt əvvəlki səviyyəsinə qayıda bilməmişdir. Bolşeviklər İbrahim bəy ilə mübarizəni bərpa etmiş, bu mərhələdə basmaçıların əsas strategiyası Əfqanıstan–sovet sərhədi boyunca əməliyyatlar olmuşdur. Bu əməliyyatlar nəticədə SSRİ-nin Əfqanıstana birbaşa müdaxilələrinə səbəb olmuşdur. 1929-cu ildə səqqaviçilər hakimiyyətini ələ keçirməsinin qarşısını almaq məqsədilə həyata keçirilən hərbi əməliyyat buna misaldır. Basmaçı hərəkatı 1938-ci ildə Cüneyd xanın ölümü ilə tamamilə sona çatmışdır.Yılmaz Şuhnaz, "An Ottoman Warrior Abroad: Enver Paşa as an Expatriate." Middle Eastern Studies 35, no. 4 (1999)
İstinadlar
Kateqoriya:Rusiyada vətəndaş müharibəsi