Carvis Brenson Koker () — İngiltərə müğənnisi; musiqiçi. "Pulp" qrupunu yaradıb və uzun illər onun aparıcı siması olub. Qrupun bütün mahnı sözlərini özü yazıb. 90-cı illərdə Britpop dalğasının ön sıralarında gedən sənətçi sonralar səhnə fəaliyyətini tək davam etdirib. BBC radiosunda yeddi il ərzində həftəlik musiqi verilişi hazırlayıb və təqdim edib.

Erkən həyatı Şeffilddə böyüyən Carvisin uşaqlıq illəri asan keçməyib. Siti məktəbində oxuduğu vaxtlar atası Mak ailəni tərk edib. Radio və teatrda işləyən atası Avstraliyaya köçüb, Sidneydə məskunlaşıb. İllər boyu nə oğlu Carvislə, nə də qızı Saskiya ilə maraqlanıb. Uşaqlar analarının qanadı altında böyüyüblər. Anaları Kristin sonradan ictimai həyata qoşulub, Mühafizəkarlar Partiyasından yerli idarəetməyə seçilib.

Carvisin atası Avstraliyada radio aparıcısı kimi ad qazanıb. "Double J" (indiki "Triple J") kanalında efirə çıxıb. Oğlu isə atasının ailəni atıb getməsinin ağrısını yaşayıb. Həyatının ən çətin vaxtında qulluqçuluq etməli olub və bütün bu yaşadıqlarını "A Little Soul" mahnısında əks etdirib. 1998-ci ildə bacısı ilə Sidneyə yollanıb, otuz il sonra ilk dəfə atasını görüb. 2018-ci ildə vəfat edən atasını bağışladığını deyən Carvis "ona nifrət etmirəm, sadəcə halına acıyıram" sözlərini dilə gətirib.

Kokerin həyatının ən çətin dövrü səksəninci illərə təsadüf edib. İşsiz qaldığından dövlətdən müavinət alıb, sığınacaq kimi köhnə zavod binasını seçib. Sonra Londona gedib, lakin orada da vəziyyəti yaxşı olmayıb, qanuni yaşayış yeri tapa bilmədiyindən boş binalarda qalmalı olub.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Alternativ rok müğənniləri Kateqoriya:Britaniya müğənniləri Kateqoriya:Britaniya rok müğənniləri Kateqoriya:İngiltərə musiqiçiləri Kateqoriya:Britpop musiqiçiləri