Sain Daş Karvansarası və ya Şah Abbas karvansarası — Səfəvilər dövrünə aid Cənubi Azərbaycanın Ərdəbil bölgəsində yerləşən memarlıq abidəsidir. Bu karvansara Nir şəhristanında, Sain aşırımı ərazisində, köhnə Nir–Sərab yolunun 10-cu kilometrində yerləşir və 1383-cü ildə 1653 inventar nömrəsi ilə İranın Milli İrsi siyahısına daxil edilmişdir. Haqqında Xüsusiyyətləri Səfəvi hökmdarı I Abbasın əmri ilə inşa edilən Sain Daş karvansarası Ərdəbil ostanının Nir şəhristanından təxminən 10 kilometr məsafədə yerləşir. Karvansaray Səfəvi hökmdarı Şah Abbasın göstərişi ilə Sain aşırımının qarlı və çətin keçilən bölgəsində səyyahların təhlükəsizliyini təmin etmək məqsədilə inşa edilmişdir. Tikili bölgənin sərt iqlim şəraitinə uyğun planlaşdırılmışdır: daxili yaşayış məkanlarının girişlərinin eni və hündürlüyü minimuma salınmış, beləliklə az vasitə ilə bu girişləri bağlamaq və şaxta ilə qarlı küləyin içəri daxil olmasının qarşısını almaq mümkün olmuşdur. Tikintidə istifadə edilən materiallar həmin bölgədən əldə olunan və sərt hava şəraitinə davamlı daşlardan ibarət olmuşdur. Dam üstündəki işıqlıq tipli açılışlar ən kiçik ölçüdə nəzərdə tutulmuş və yalnız hava mübadiləsinə ehtiyac yarandıqda və daxili məkanların işıqlandırılması zərurəti olduqda kifayət qədər funksionallıq təmin etmişdir. Binanın mərkəzi hissəsinə açılan əlaqələndirici girişlər yan sahələrlə müqayisədə nisbətən geniş tutulmuşdur ki, karvan iştirakçılarının gətirdikləri yük heyvanlarının da içəridə qorunması mümkün olsun. Karvansara iri daş sütunlara malikdir; bu sütunlar küləyin qarşısını almaq məqsədilə paralel olmayan formada inşa edilmişdir. Tikili daxildə otaqcıq və hücrələrə bölünmüşdür və ehtimal edilir ki, onların hər biri müəyyən qrupların istirahətinə ayrılmışdır. Binanın mərkəz hissəsində daş günbəz yerləşir və dam örtüyünə çıxış üçün son dərəcə dar pilləkən nəzərdə tutulmuşdur; həmin pilləkənin giriş hissəsi də çox alçaqdır. Tavan üzərində havalandırma və işıqlandırmanı təmin etmək üçün yaradıldığı güman edilən çox kiçik gözlər də müşahidə olunur.
2023-cü ildə UNESCO Siyahısına daxil edilməsi 2023-cü il sentyabrın 26-da Ər-Riyadda keçirilən UNESCO Dünya İrs Komitəsinin 45-ci sessiyası zamanı Sain Daş karvansarası İranın 24 ostanında yerləşən ümumilikdə 54 tarixi karvansaraydan ibarət "İran karvansaraları" nominasiyası çərçivəsində Dünya İrs Siyahısına daxil edilmişdir. Bu nominasiyanın qəbul edilməsi nəticəsində "İran karvansaraları" ölkənin 27-ci Ümumdünya İrs obyektini təşkil edir. Sain Daş karvansarası sosial dəyişikliklər, ədəbiyyat, poeziya, musiqi və rəssamlıqda təsir gücünə görə ölkə xaricindəki karvansaralardan fərqli xüsusiyyətlər nümayiş etdirdiyindən ölkə tipli ilkin karvansaray nümunəsi kimi qiymətləndirilir. Qalereya
Həmçinin bax Uğurlu Xan karvansarası Şah Abbas karvansarası (Gəncə) İstinadlar
Kateqoriya:İrandakı ümumdünya irsi Kateqoriya:Karvansaralar Kateqoriya:Azərbaycan karvansaraları