– Yaponiya sənətçisi. 1970-ci ildə Osakada baş tutmuş Expo '70 tədbiri üçün hazırladığı "Günəş qülləsi"nə görə tanınır. Digər əsas işi hazırda Şibuyada sərgilənən "Sabahın mifi" əsəridir. "Sənət bir partlayışdır" ifadəsinin müəllifidir.

Həyatı və karyerası Taro Okamoto 1911-ci ildə sənətçi ailəsində doğulmuşdur. Atası İppey Okamoto karikaturaçı, anası Kanako Okamoto isə yazıçı və şair idi. Okamoto müəllimləri ilə mübahisə etdiyi üçün tez-tez məktəb dəyişdirməli olmuşdur. 1929-cu ildə Keyo Futsubu Məktəbindən məzun olduqdan sonra Tokio Təsviri İncəsənət Məktəbinə daxil olmuşdur. Lakin "Asahi Shimbun" qəzeti atasını London dəniz müqaviləsini işıqlandırmaqla vəzifələndirdikdən sonra həmin il məktəbi buraxmışdır. Okamoto ailəsi Kobedən Londona yollansa da, Taro Parisdə yaşamağa qərar vermişdir.

Taro Parisdəki yapon sənətçi icmasına qoşulmaq yerinə şəhərətrafı liselərin birində təhsil almış, fransız dili, mədəniyyəti və həyat tərzini öyrənmişdir. Yerli sənət qalereyalarını ziyarət etmiş, Sorbonda fəlsəfə və incəsənət təhsili almışdır. O, Fransada olduğu dövr ərzində Pit Mondrian, Pablo Pikasso, Vasili Kandinski və Men Rey kimi sənətçilərlə ünsiyyətdə olmuşdur. Okamoto reallıq və abstraksiyanın bir-birinə zidd şəkildə yanaşı mövcud olduğu rəsm əsərləri yaratmağa çalışmış, daha sonra polarizm hərəkatının tərəfdarlarındna birinə çevrilmişdir. 1937-ci ildə Parisdə keçirilmiş Dünya Sərgisi zamanı açılmış İnsan Muzeyində sərgilənən maskalardan və bütlərdən xeyli təsirlənmişdir. O, etnoqrafiyanı daha dərindən anlamaq üçün Sorbonnada antropoloq Marsel Mossun rəhbərliyi altında təhsil almışdır.

Yaponiyaya qayıdışı Parisdə yaşadığı illər ərzində Yaponiyaya qısamüddətli səfərlər edən Okamotonun əsərləri 1941-ci ildə Nika Sərgisində sərgilənmiş və Avropadakı işlərinə görə mükafatlar qazanmışdır. 1942-ci ildə İkinci Dünya müharibəsi zamanı hərbi xidmətə çağırılmış və növbəti dörd ilini Çin cəbhəsində keçirmişdir. Nəhayət, 1946-cı ildə Yaponiyaya daimi olaraq qayıtmışdır. Onun ailə evi Tokio bombardımanı zamanı məhv olmuşdur. 1948-ci ildə Kiyoteru Hanada ilə birlikdə Gecə Cəmiyyəti adlı avanqard sənət hərəkatını yaratmışdır. 1954-cü ildə öz evində və studiyasında Estetik Tədqiqat İnstitutunun əsasını qoymuşdur. Həmin il "Bu günün sənəti" adlı kitabını nəşr etdirmişdor.

Əsərləri Okamoto 1970-ci ildə Osaka şəhərində baş tutmuş Expo '70 tədbiri üçün hazırladığı, 70 metr hündürlüyündə olan "Günəş qülləsi" adlı əsərinə görə tanınır. Günəş qülləsi daha sonra bu tədbirin simvoluna çevrilmişdir. Qüllənin mərkəzində onun tərəfindən hazırlanmış nəhəng "Günəşin üzü" yerləşir. Onun digər əsas əsəri 1969-cu ildə Meksikada yerləşən bir hotelin foyesi üçün hazırladığı "Sabahın mifi" əsəridir. Hotelin müflis olmasından sonra yoxa çıxan bu əsər 2003-cü ildən yenidən tapılmış və Tokio metrosunun Şibuya stansiyasında quraşdırılmışdır.

Xatirəsi Taro Okamotonun əsərlərinin çoxu hazırda Taro Okamoto Memorial Muzeyində sərgilənir.

İstinadlar

Xarici keçidlər Taro Okamoto Memorial Muzeyi

Kateqoriya:Yaponiya heykəltaraşları Kateqoriya:Yaponiyanın divar rəssamları Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni zabitləri