Sərdar Süleyman oğlu Səfərov () — Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi (2025-ci ildən), general-mayor.

Həyatı Sərdar Süleyman oğlu Səfərov 1973-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini, 2020-ci ildə isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir.

Sərdar Səfərov 1996-cı ildən 2005-ci ilin avqust ayınadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etmiş və müxtəlif məsul vəzifələrdə çalışmışdır. Daxili Qoşunların hərbi hissələrində motorlaşdırılmış alayının xüsusi təyinatlı bölüyünün komandiri, xüsusi motorlaşdırılmış alayının xüsusi təyinatlı taborunun komandirinin müavini — qərargah rəisi vəzifələrində xidmət etmişdir.

2005-ci ildən Sərdar Səfərov daxili işlər orqanlarında xidmətə başlamış və bölük komandirinin müavini, bölük komandiri vəzifələrində, 2019–2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi rəisinin müavini və həmin idarənin rəisi vəzifələrində işləmişdir. 2022-ci ilin fevral ayında Bakı Şəhər Baş Polis İdarəsi rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunmuş və Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2022-ci il tarixli Sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir. 2023 yanvar- 2025 oktyabr tarixlərində Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir. Həmçinin 2023-cü ilin oktyabr ayında Xankəndi şəhərinin komendantı təyin edilmiş və 2025-ci ilin oktyabr ayınadək bu vəzifədə xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2025-ci il tarixli müvafiq sərəncamları ilə Sərdar Səfərov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilmiş və ona general-mayor ali hərbi rütbəsi verilmişdir.

Ailəlidir, 3 övladı var.

Təltifləri "Hərbi xidmətlərə görə" medalı — 6 may 2005 "İgidliyə görə" medalı — 1 iyul 2013 "Vətən uğrunda" medalı — 29 iyun 2018

İstinadlar

Kateqoriya:Azərbaycan DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisləri Kateqoriya:Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavinləri