Klassik elementlər və ya Dörd ünsür anlayışı — adətən bəzi inanclarda yaradılışı ifadə etmək, bəzi inanclarda isə maddi aləmin müxtəlif dərəcədə incəlik səviyyələrinə malik mühitlərini göstərmək məqsədilə istifadə olunur. Bu anlayışı simvolizmdə tətbiq edən daxili (ezoterik) əlkimya nümayəndələrinə görə, torpaq — fiziki planın (mühitin, aləmin), su — energetik planın, hava — psixik planın, od (atəş) isə — mental (zehni) planın rəmzidir.
Klassik elementlər ardıcıllıqla dərəcələndirildikdə, ən yuxarıda və ya ən incə səviyyədə olan od, ən aşağıda və ya ən kobud səviyyədə olan isə torpaqdır. Dörd ünsür içərisində, adətən od ruhu; hava və su — incə planları; torpaq isə fiziki mühiti ifadə edir.
Dörd ünsürün keyfiyyətləri
Dörd ünsürün bir-biriləri ilə müqayisədə daşıdıqları keyfiyyətlər aşağıdakı kimi izah olunur:
Od (Atəş) — dörd ünsür içərisində fəal (aktiv) və erkək xüsusiyyətli iki ünsürdən biridir. O, digər üç ünsürü işıqlandıran və isidən ünsür kimi qəbul edilir. Dörd ünsür arasında "çəki ilə ölçülə bilməyən" yeganə ünsür odur. Bəzən işığın rəmzi ilə eyniləşdirilir. Hava — od kimi erkək və aktiv sayılır. Torpaq və su ilə müqayisədə ən az maddi olan və ən çətin hiss edilən ünsürdür. İşığı keçirmək baxımından sudan daha şəffaf və keçiricidir. Bu xüsusiyyəti — yəni şəffaf və işıqlı olması — kəlamın (sözün) daşıyıcısı kimi yozulur. Səmaviliyin göy ilə ifadə olunduğu inanclarda hava, ruhani göylə yer üzü arasındakı vasitəçiliyin rəmzi hesab olunur. Maddənin ən incə, bəzən isə görünməz halı kimi, bəzi inanclarda səmavi aləmin rəmzi kimi qəbul edilir. Su — dörd ünsürdən biri olaraq passiv və dişi təbiətə malikdir. Məlum olduğu kimi, su yerləşdiyi qabın və ya mühitin formasını alır. Maddənin maye halının ifaçısı olan su simvolu bəzi inanclarda maddi substansiyanın ilkin forması, yəni ilk maddə (materiya prima) mənasında; bəzi inanclarda isə kainatda hər yerdə mövcud olan, maddənin efir (éter) adlanan incə halı mənasında, digərlərində isə təsir mənasında işlədilir. Torpaq — su kimi passiv və dişi keyfiyyətə malik olub, dörd ünsür arasında ən sıx, bərk və sabit olanıdır. Məlumdur ki, insanların qidalandıqları əsas mənbə torpaqdır. Bir çox inanclarda insan bədəninin yaradılışında istifadə olunan maddə kimi torpaqdan bəhs olunur; insan öldükdə isə bədəni yenidən torpaqla birləşir. Buna görə, nəsil artırmaq və analıq xüsusiyyətləri ilə əlaqələndirilən torpaq, inanc sistemlərində adətən maddəni, fiziki bədəni və "təzahür aləmi" adlanan maddi dünyanı simvolizə edir.
İlk maddə və beşinci element
thumb|Dörd küncündə dörd klassik elementin, mərkəzində isə beşinci mahiyyətin (element) yerləşdiyi kvadrat: Kornelius Petreusun Sylva Philosophorum ("Filosoofların meşəsi") adlı əsərinin dördüncü illüstrasiyası, (əsər XVII əsrin ortalarına aiddir).
Qərb əlkimyasında belə qəbul edilir ki, dörd elementin və bütün mineralların əsası eynidir — onların hamısı yaradılmış maddənin saf, yəni toxunulmamış, hələ mənəvi təsirə məruz qalmamış, formalaşmamış ilkin halı sayılan birinci maddədən () törəmişdir.
Bu ilk maddə, fiziki planda dörd element formasında fərqlənib təzahür etməzdən əvvəl, suptil (incə) planda təzahür edir. Bəzi əlkimya ənənələrinə əsasən, bu suptil təzahürə və ya bu suptil maddə substansiyasına beşinci element (, yəni "beşinci mahiyyət") deyilir.
Təzahür etmiş (maddi) aləmin beş ünsürdən ibarət olduğunu qəbul edən Hindu inancında isə, ilk maddə (prakriti) ilə beşinci element arasında fərq qoyulur. Burada beşinci element efir (eter) mənasında başa düşülür və akaşa adlanır.
İstinadlar
Ədəbiyyat siyahısı
Diccionnario de Simbolos Tradicionales, J.E.Cirlot An Illustrated Encyclopedia of Traditional Symbols An Occult Glossary, Theosophical University Press, Kaliforniya, 1933
Əlavə ədəbiyyat siyahısı
Xarici keçidlər
Section on 4 elements in Buddhism
Kateqoriya:Klassik elementlər Kateqoriya:Okkultizm Kateqoriya:Antik fəlsəfə Kateqoriya:Fəlsəfi terminlər Kateqoriya:Çin mifologiyası Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:Kimyəvi maddələr Kateqoriya:Ontologiya Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi nəzəriyyələri