Sirşa Una Ronan () — Amerika Birləşmiş Ştatlarında anadan olmuş irland aktrisası. Dövr dramlarında çəkilir. "Qızıl Qlobus" mükafatçısıdır. Dörd dəfə "Oskar", yeddi dəfə "BAFTA" mükafatlarına namizəd göstərilib.
S. Ronan 2003-cü ildə irland televiziyasının "Klinika" tibb serialında ilk dəfə ekrana çıxmışdır. 2007-ci ildə "Kəffarə" filmində yeniyetmə rolunu ifa etmiş, bu rola görə Amerika Kino Akademiyasının ikinci dərəcəli qadın rolu üzrə mükafatına namizəd göstərilmişdir. Sonrakı illərdə "Sevimli sümüklər" (2009) və "Hanna. Mükəmməl silah" (2011) filmlərində əsas, "'Qrand Budapeşt' oteli" (2014) filmində isə ikinci dərəcəli rolda çəkilmişdir.
S. Ronan "Bruklin" (2015) filmində irland mühaciri, "Parabüzən" (2017) filmində yuxarı sinif şagirdi və "Balaca qadınlar" (2019) filmində Co Marş rollarına görə "Ən yaxşı qadın aktrisa" nominasiyasına təqdim edilmişdir. "Parabüzən" roluna görə "Qızıl Qlobus" mükafatını almışdır. 2024-cü ildə "Ötüb keçmə" filminin istehsalçısı və baş rol ifaçısı olmuşdur.
Teatr fəaliyyətində "Ağır sınaq" tamaşasında (2016, Brodvey) Ebiqeyl Vilyams və "Makbet" tamaşasında (2021, Vest-End) Ledi Makbet rollarını ifa etmişdir. "Forbes" jurnalı onu 2016-cı ildə "30 yaşadək 30" siyahısına iki dəfə daxil etmişdir. "The New York Times" qəzeti 2020-ci ildə onu XXI əsr aktrisalarının siyahısında onuncu yerə layiq görmüşdür.
Erkən illəri və təhsili Sirşa Una Ronan 1994-cü il aprelin 12-də Nyu-York şəhərinin Bronks rayonunda, hər ikisi Dublin şəhərindən olan irlandiyalı valideynləri - Monika (qızlıq soyadı Brennan) və Pol Ronanın tək övladı olaraq anadan olub. Atası Nyu-Yorkda aktyorluq təhsili almazdan öncə tikinti sahəsində çalışıb və barlarda işləyib. Anası dayəlik edib, həmçinin uşaq yaşlarında aktrisalıqla məşğul olub. Valideynləri 1980-ci illərdə İrlandiyada baş verən iqtisadi böhran səbəbindən ölkəni tərk etməyə məcbur qalan sənədsiz mühacirlər idi və Nyu-Yorkda yaşadıqları müddətdə maddi sıxıntı çəkiblər. S. Ronan üç yaşında ikən ailəsi Dublinə geri dönüb.
O, Karlov qraflığının Ardattin qəsəbəsində böyüyüb və burada Ardattin Milli Məktəbində təhsil alıb. Bir müddət sonra valideynləri onun üçün fərdi müəllimlər dəvət edərək təhsilini evdə davam etdiriblər. Yeniyetməlik dövrünün ilk illərində S. Ronan valideynləri ilə birgə Dublində yaşayıb və onlar dəniz sahilindəki Hout kəndində məskunlaşıblar.
Katolik tərbiyəsi almasına baxmayaraq, uşaq yaşlarından dini inanclarına dair suallar yarandığını etiraf edib. S. Ronan aktrisalıq sənətində ən böyük ilham mənbəyinin Xanım Meggi Smit olduğunu qeyd edib.
Şəxsi həyatı thumb|upright|left|S. Ronan həyat yoldaşı Cek Lauden ilə (2019-cu il).
ABŞ-də dünyaya göz açan və İrlandiyada tərbiyə alan S. Ronan ikili - İrlandiya və ABŞ vətəndaşlığına malikdir. O, öz mənsubiyyəti barədə belə deyib: "Haradan olduğumu dəqiq deyə bilmərəm. İrlandiyalam, bu qədər". O, eyni zamanda özünü nyu-yorklu hesab edir. Valideynləri ilə sıx bağlı olan aktirsa 19 yaşınadək onlarla birgə yaşayıb. O, yeniyetməlik dövründə film çəkilişlərində ona dəstək olan anasına xoşagəlməz vəziyyətlərdən qoruduğuna görə minnətdarlığını bildirib. 2018-ci ildə Qreystonsda mənzil alan S. Ronan həmin mülkü 2019-cu ildə satıb. 2020-ci ildə isə Qərbi Korkda (İrlandiya) ev əldə edib. 2018-ci ildən "Şotlandiya kraliçası Meri" filmindəki tərəf-müqabili, şotlandiyalı aktyor Cek Laudenlə münasibət qurub. Onlar vaxtlarını Dublin, London, Şimali İngiltərə və Şotlandiya arasında bölüşdürürlər. "Irish Independent" qəzeti 2024-cü ilin iyul ayında cütlüyün Edinburqda məxfi mərasimlə nikah bağladıqlarını yazıb. 2025-ci ildə onların ilk övladı dünyaya gəlib.
Şəxsi həyatını göz bəbəyi kimi qoruyan S. Ronan sosial şəbəkələri "hədsiz dərəcədə gərginlik yaradan" hesab etdiyindən onlardan yan gəzir. O, 2009-cu ilin sonlarında sosial şəbəkələrdən fəal istifadəsi ilə məşhur olan britaniyalı komik Stiven Frayın pərəstişkarı olduğu üçün "Twitter"ə qoşulsa da, qısa müddətdən sonra hesabını ləğv edib. S. Ronan 2018-ci ilin fevral ayında bu barədə belə açıqlama verib: "Musiqiçilərin, jurnalistlərin və ya ictimai şəxslərin [sosial şəbəkələrdən] istifadə etməsinin səbəbini anlayıram. Lakin aktyorluq tamam başqa məsələdir, çünki çəkiliş meydançasında sən özün olmursan. İnsanların məni gördüyü heç bir rolda mən özüm deyiləm [...] üstəlik özünütəbliğat məndə həmişə daxili narahatlıq yaradıb".
S. Ronan İrlandiyada Uşaqlara qarşı Qəddarlığın Qarşısının Alınması Cəmiyyətinin təmsilçisi statusunu daşıyır. O, "Home Sweet Home" ("Ev, əziz ev") adlı evsizliklə mübarizə hərəkatının fəaliyyətində iştirak edir və 2016-cı ildə təşkilatın 31 evsiz ailəni məskunlaşdırmaq məqsədilə Dublində inzibati binanı qanunsuz zəbt etməsi aksiyasına dəstək verib. Elə həmin il məşhur müğənni Hozierin məişət zorakılığı probleminə diqqət çəkən "Cherry Wine" ("Albalı şərabı") mahnısının videoklipində rol alıb. S. Ronan 2015-ci ildə İrlandiyada keçirilən konstitusiya referendumunda eynicinslilərin nikahının lehinə səs verib, 2018-ci ildə isə abort hüququnun qanuni əsasda təmin olunması ilə bağlı referendum kampaniyasını dəstəkləyib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ feministləri Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:Birləşmiş Krallıq teatr aktrisaları Kateqoriya:Uşaq aktyorlar