Möhsün Milaniyan () ― hərbçi, siyasətçi, alim. Azərbaycan Milli Hökuməti dövründə Daxili İşlər nazirinin müavini, Qızılbaş Xalq Qoşunları Ordusunun baş qərargahının üzvü və Qızılbaş Xalq Qoşunlarının generalı.
Şah ordusunda xidmətdə ikən Tudə Partiyasının gizli hərbi təşkilatına üzv olub. Siyasi fəaliyyətinə görə həbs olunub. 1945-ci ildə həbsdən qaçaraq Təbrizə gəlib və Azərbaycan Demokrat Firqəsinə üzv olub. Ərdəbilin və Urmiyanın şah qoşunlarından təmizlənməsində iştirak edən fədailərə başçılıq edib. Təbrizdə açılmış Polis Akademiyasının direktoru və Marağa, Tikantəpə,Hulasu cəbhələrində şah ordusuna qarşı döyüşən fədailərin başçısı təyin olunub. Milli Hökumətin qurulması uğrunda göstərdiyi şücaətə görə "21 Azər" medalı ilə təltif olunub.
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra mühacirət edib. 1947-ci ildə Bakıda fəaliyyətini bərpa etmiş Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsinin üzvü olub. Bakıda və Moskvada təhsilini davam etdirib və hüquq elmləri doktoru adını alıb.
Həyatı Möhsün Məmmədcəfər oğlu Milaniyan 1908-ci ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Tehranda Hərbi Akdemiyada təhsil alıb. Müxtəlif bölgələrdə xidmət edib və şah ordusunda polkovnik rütbəsinə qədər yüksəlib. 1943-cü ildə Tudə Partiyasına üzv olub. Siyasi fəaliyyətinə görə həbs olunub. 1945-ci ildə həbsdən qaçaraq Təbrizə gəlib və Azərbaycan Demokrat Firqəsinə üzv olub.
21 Azər hərəkatında 21 Azər hərəkatında iştirak edib. Ərdəbildə və Urmiyada fədai dəstələrinin formalaşdırılmasında iştirak edib. Eləcə də bu bölgələrin şah qoşunlarından təmizlənməsində iştirak edən fədailərə başçılıq edib.
1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Salamulla Cavid Daxili İşlər naziri kimi təsdiq olunduqdan sonra Nurulla xan Yekani və Möhsün Milaniyanı özünə müavin təyin edib.
Azərbaycan Milli Hökumətinin Milli Məclisi 1945-ci il dekabrın 20-də "Qızılbaş" Xalq Qoşunlarının yaradılması haqqında qanun qəbul edib. Hökumət yeni yaranmış qoşuna Şah İsmayıl Xətainin öz ordusuna verdiyi "Qızılbaş" adını verdi. Cəfər Kavian, Mir Cəfər Pişəvəri tərəfindən Xalq qoşunları naziri təyin olundu. Qızılbaş Xalq Qoşunlarının baş hərbi qərargahı yaradıldı. Bu qərargaha Cəfər Kavian, Əbdülqasım Əzimi, Qulam Yəhya, Mir Cəfər Pişəvəri, Mirzə Rəbi Kəbiri, Mahmud Pənahiyan, Abdin Nəvai, Möhsün Milaniyan və Əbdülrza Azər üzv seçildilər. Qısa müddətdə təşkil olunan xalq qoşunlarının tərkibində müxtəlif rütbəli 300 zabit toplandı. 14 zabitə polkovnik, 8 zabitə isə general rütbəsi verildi. General rütbəsi alanlardan biri də Möhsün Milaniyan idi. Ümumilikdə qoşunların sayı 18.000 nəfərə çatdırıldı. Bir neçə hərbi məktəb açıldı.
Möhsün Milaniyan 1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün və Milli Hökumətin qurulmasında göstərdiyi şücaətə görə "21 Azər" medalı ilə təltif olunub. Təbrizdə açılmış Polis Akademiyasının direktoru təyin olunub. 1946-cı ilin sonlarında Marağa, Tikantəpə və Hulasu cəbhələrində şah ordusuna qarşı döyüşən fədailərin başçısı təyin olunub.
1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Mir Cəfər Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin bu istəyi də cavabsız qaldı.
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarının və fədai qüvvələrinin şah qoşunlarına qarşı müqavimət göstərməmələri və döyüş meydanlarını tərk etmələri haqda qərar verdi. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.
Sonrakı həyatı Möhsün Milaniyan Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Şimali Azərbaycana mühacirət edib. Mir Cəfər Bağırovun göstərişi ilə o və digər firqə rəhbərləri əvvəlcə Mərdəkanda yerləşdiriliblər. 1947-ci ildə Bakıda Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsi bərpa olundu. 1953-cü ilin iyun ayında Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvlərinin sayı 12-dən 15-ə çatdırıldı. Komitəyə seçilən 15 nəfərdən biri də Möhsün Milaniyan oldu. Milaniyan Bakıda və Moskvada təhsilini davam etdirib və hüquq elmləri doktoru adını alıb.
1988-ci ildə dünyasını dəyişib.
Mənbə
İstinadlar
Ədəbiyyat
Yazdığı kitablar Государственный строй современного Ирана / 1973-cü il, Moskva.
Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri