Canavartəpə xalkolit dövrü yaşayış məskəni Ağcabədi rayonu, Taynaq kəndindən təxminən 700 metr şimalda, "Şirxan qobusu"nun sağ yamacında yerləşir (Şm.40° 07' 35,5''; Şq.047° 09' 56,0'') . Təbii təpə üzərində salınmış Leylatəpə mədəniyyətinə aid yaşayış yerinin diametri 120 m, hündürlüyü şimal və şimal-qərb tərəfdə 4 m-dir. Mərkəzi və cənub-şərq hissələri dağıntıya məruz qalıb. Yaşayış məskəni Qarabağ düzənliyində aparılmış arxeoloji kəşfiyyat işləri zamanı X. İ. Alməmmədov tərəfindən aşkar edilib.

Arxeoloji qazıntılar Canavartəpədə arxeoloji tədqiqatlar AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniya Arxeologiya İnstitutunun "Qarabağ düzənliyinin arxeoloji tədqiqi" layihəsi əsasında həyata keçirilir. 2022-ci ildən etibarən aparılan qazıntılara t.ü.f.d., dosent Xəqani Alməmmədov və Dr. Mark İserlis rəhbərlik edirlər.

Bu yaşayış məskənində arxeooji qazıntılar üç sahədə, təpənin cənub-şərq hissəsində yerləşən A, şimal-qərbdə yerləşən B və C kvadratlarında aparılır. 2022-ci ildə aparılmış arxeoloji qazıntılar zamanı üç yarımqazma və möhrədən inşa edilmiş tikili qalığı, həmçinin dövrün sosial-iqtisadi və təsərrüfat həyatını əks etdirən çoxsaylı artefaktlar aşkar edilib. Yaşayış məskəni tərk edildikdən sonra onun ərazisində Kür-Araz, Bedeni və Xocalı-Gədəbəy mədəniyyətlərinə aid qəbirlərin salındığı müəyyən olunub. 2024-cü il qazıntı mövsümündə də yeni yarımqazmalar və təsərrüfat strukturları aşkar edilərək öyrənilmişdir. Artefaktlar içərisində ən çox maraq doğuranı yazıya qədərki adminstrativ sistemdə uçot və təsdiqləmə vasitəsi olaraq istifadə edilmiş gil möhürlər-kretulalardır. Bu tapıntılar Cənubi Qafqazın sinxron abidələrində ilk dəfə olaraq aşkar edilib. Abidənin digər əsas xüsusiyyəti onun xronoloji mənsubiyyətidir. Aparılmış C14 analizlərinin nəticələrinə əsaslanaraq Leylatəpə mədəniyyətinin ən son mərhələsinin bu abidədə qeydə alındığı (E.ə. 3920–3430-cu illər) müəyyənləşdirilib.

Həmçinin bax Osmantəpə yaşayış yeri Leylatəpə mədəniyyəti

İstinadlar

Xarici keçidlər Qarabağda 32 il sonra almanlarla birlikdə arxeoloji tədqiqatlara başlanıldı