Gelibolulu Mustafa Əli ibn Əhməd ibn Əbdülmövla (; ) — Osmanlı tarixçisi, dövlət xadimi və şairi. O, müxtəlif əyalət vəzifələrində çalışmış, lakin tənqidi və inadkar xarakteri səbəbindən tez-tez himayədar dəstəyi axtarmağa məcbur olmuşdur. Mustafa Əli həm Osmanlı siyasi tarixi, həm də ədəbi-mədəni həyatı haqqında yazdığı əsərlərlə tanınmışdır.

Əli şahzadə Səlimin, Lələ Mustafa Paşanın və digər nüfuzlu dövlət adamlarının xidmətində olmuş, müxtəlif vilayətlərdə katib və dəftərdar vəzifələrini icra etmişdir. O həmçinin, Şirvan və Gürcüstana yürüşlərin, Süleymanın ölümündən sonrakı hadisələrin və Osmanlı saray həyatının mühüm mənbələrini qələmə almışdır.

Onun ən məşhur əsəri "Hadisələrin mahiyyəti" XVI əsr Osmanlı tarixi üçün əsas mənbələrdən biri sayılır. Mustafa Əli həm də "Nüsrətnamə", "Yeddi səhnə", "Döyüşçülərin nadirliyi", "Sənətkarların əməlləri" və digər tarixi, siyasi və ədəbi traktatların müəllifidir. O, şeir və nəsr janrlarında zəngin irs qoymuş, həm türk, həm fars, həm də ərəb dillərində əsərlər yazmışdır.

Erkən həyatı Mustafa Əlinin həyatı və mənşəyi haqqında məlumatlar onun öz əsərlərindən məlum olmuşdur. O, 28 aprel 1541-ci ildə Qallipolidə anadan olmuşdur. Mustafa təhsilli və uğurlu tacir Əhməd bin Abdullahın oğlu idi. Tarixçinin tam adı Mustafa ibn Əhməd ibn Əbdülmövladır. Ehtimal olunur ki, onun atası boşnakmənşəli olmuş və devşirmə sistemi ilə yığılmış kölələrdən biri idi. Mustafanın anası Ümmüxani nəqşbəndi şeyxi Seyid Əhməd Buxarinin (1516-cı və ya 1517-ci ildə vəfat etmişdir) tələbəsi və mənəvi davamçısı olan şeyx Müslihəddin Mustafanın nəvəsi idi. Müslihəddinin iki övladı var idi: Mustafanın ana tərəfdən nənəsi olan qızından başqa, onun oğlu Dərviş Çələbi sultan I Süleymanın (hakimiyyəti: 1520–1566-cı illər) şəxsi imamı olmuşdur.

Qallipoli Osmanlı imperiyasının mədəni mərkəzi idi və otuzdan çox şair burada doğulub boya-başa çatmışdır. Şəhərdə müdərrislər (müəllimlər) kimi görkəmli alimlər, qanun şərhçiləri və şairləri bir araya gətirən mədrəsələr mövcud idi. Əhməd ibn Abdullah təhsilli dostlara sahib idi və Osmanlı imperiyasında məmur təbəqəsinə daxil olmaq üçün təhsilin dəyərini başa düşürdü. O, üç oğlunun – Mustafanın və digər iki oğlu, Məhməd və İbniyəminin təhsil xərclərini ödəyə bilmişdir. Mustafa altı yaşında məktəbə getməyə başlamışdır. Adətə görə, o, ərəb dilini, təfsiri və fiqhi öyrənməyə başlamışdır. Mustafa sonradan sinifdə tez-tez döyüldüyündən şikayətlənmiş, lakin təslim olmamış, səylə çalışmış və təhsilə meyl göstərmişdir. O, on iki yaşına qədər ərəb dilini və ilahiyyatın əsaslarını yaxşı mənimsəmişdir. Bu yaşdan etibarən ikinci təhsil mərhələsi başlamışdır. Mustafa Həbib-i Həmididən ali səviyyədə ərəb dilinin qrammatikasını, Sinan Xəlifədən isə məntiq və ilahiyyatı öyrənmişdir. O dövrdə ərəb dili elmin, fars dili isə saray və ədəbiyyatın dili idi. Mustafa əsərlərində fars dilini necə öyrəndiyini qeyd etməmişdir, lakin onun əsərlərində nümayiş etdirdiyi səviyyədə bu dili erkən yaşlarda öyrənməli olduğu ehtimal edilir. Ehtimal olunur ki, Mustafa və ya onun qardaşlarından biri fars dilini xüsusi müəllimdən öyrənmişdir. Mustafanın ailəsində şəxsi ünsiyyət dili türkcə olmuşdur. Onun hər iki qardaşı da özü kimi təhsil almış və 1553-cü ilə qədər divanda vəzifələr əldə etmişdilər.

On beş yaşında Mustafa "Çəşmi" () təxəllüsü ilə şeirlər yazmağa başlamış, lakin qısa müddətdə bunu "Əli" () təxəllüsü ilə əvəz etmişdir. Həbib-i Xəmidi Mustafanın ilk şeiriyyət müəllimi olmuş, lakin 1558-ci ildə onu əsasən Azərbaycan dilində yazıb-yaradan Süruri əvəz etmişdir. Sürurinin təsiri bu illərin əsərlərində nəzərə çarpır. Eyni zamanda, Mustafa Konstantinopolda Rüstəm Paşa, Hasəki və Səmaniyə mədrəsələrində təhsilini davam etdirmişdir. Onun müəllimi şeyxülislam Əbussüud Əfəndinin oğlu Mövlana Şəmsəddin Əhməd olmuşdur. Mustafa hüquq, qrammatika və bədii ədəbiyyat öyrənmiş və 1560-cı ildə Osmanlı təhsilinin ən yüksək mərhələsi olan "səhni-səman"ı tamamlamışdır.

Fəaliyyəti

Səlimin sarayında "Mehri-mah" () adlı ilk kitabını gənc Mustafa 1558-ci ildə Kütahyada şahzadə Səlimə təqdim etmişdir. O, bu zaman mülazim vəzifəsində idi. Səlim Mustafaya Konyada divan katibi kimi xidmətə girməyi təklif etmiş və o, 1560-cı və ya 1561-ci ildən 1563-cü ilə qədər tarixçi kimi şahzadənin sarayında olmuşdur. Bu dövrdə Mustafa Əlinin adı Əhməd Çələbinin bioqrafik lüğətində dövrünün görkəmli şairləri arasında qeyd edilmişdir.

Səlimin sarayının miraxuru Turak Çələbi şairlərə himayədarlıq etmiş və hətta Mustafa Əlinin maaşını öz vəsaiti hesabına artırmışdır, lakin Mustafa Əli üçün əyalət sarayında şair kimi şöhrət kifayət etməmiş, o, şəhzadəyə yox, sultana xidmət etmək istəmişdir. O, I Süleymana xidmət üçün ərizə vermiş, lakin sultan cavabında şairin artıq bir ağası olduğunu bildirmişdir. 1563-cü ildə Səlimin lələsi Mustafa Paşa Hüseyn Paşa ilə əvəz edilmiş və Mustafa Əli ilə onun arasında düşmənçilik münasibətləri yaranmışdır.

Lələ Mustafa ilə thumb|right|Mustafa Əli (solda) və Lələ Mustafa Paşa (sağda) Cəlaləddin Ruminin məzarı başında. "Nüsrətnamə", TSM, H 1365, fol. 36a.

Mustafa Əli Mustafa Paşaya vəzifə üçün ərizə ilə müraciət etmişdir və sədrəzəm bu xahişi yerinə yetirmişdir. O, şairi şəxsi katib vəzifəsinə qəbul etmişdir və 1568-ci ilə qədər Mustafa Əli Mustafa Paşanı müşayiət etmişdir. O, Dəməşqdə və Misirdə olmuş, Lələ Mustafa Paşanın Kipri fəth etmək üçün ekspedisiya hazırlığına şahidlik etmişdir.

Bu dövrdə Mustafa Əli 1563-cü ilin yayının sonunda Dəməşq qazısı təyin edilmiş Qınalızadə Həsən Çələbi ilə tanış olmuşdur. Bu illəri xatırlayanda Mustafa Əli Həsən Çələbinin geniş biliklərindən heyranlıqla bəhs etmişdir. Alimlər arasında dostluq münasibətləri yaranmış və onlar hər həftə bir araya gələrək bir-birinin əsərlərini tənqid etmişdilər. Mustafa Əlinin sözlərinə görə, Qınalızadə demişdir ki "… əsl dostluq dostunun əsərlərinə düşmən gözü ilə baxmaq deməkdir". Qınalızadənin 1604-cü ildə vəfat etməsinə qədər onlar dostluq münasibətlərini və yazışmalarını davam etdirmişdilər. Dəməşqdə xidmət edən zaman şair qəsidə və qəzəllər toplusu yaratmışdır. Saxlanılan nüsxələrdən biri 1567-ci ilə aiddir və Mustafanın qardaşı Mehmed tərəfindən köçürülmüşdür. Ehtimal olunur ki, Mustafa öz kiçik qardaşının onun yanında xidmət etməsi üçün vasitəçilik etmişdir.

Lələ Mustafa Paşanın xidmətində olan zaman Mustafa Əli, Süleymanın oğulları Səlim və Bəyazid arasında baş tutmuş müharibəni təsvir etmək üçün istifadə etdiyi mühüm məlumatlar əldə etmişdir. Bu hadisələr haqqında kitab 1568-ci və ya 1569-cu ildə tamamlanaraq Lələ Mustafa Paşaya təqdim edilmişdir.

1567-ci ilin dekabrında sədrəzəm Sokollu Mehmed Paşa Mustafa Əlinin himayədarı Lələ Mustafa Paşanı Yəmənin fəth edilməsi üçün ekspedisiyanın sərdarı təyin etmişdir, çünki Yəmən Osmanlı imperiyasından müstəqilliyini elan etmişdi. Kampaniyaya hazırlıq üçün yeni təyin olunmuş sərdar öz müşayiəti ilə Qahirəyə yola düşmüşdür. Misir əyalətinin bəylərbəyi Qoca Sənan Paşa idi. İki vəzir arasında münaqişə yaranmış, bu da Konstantinopolda şikayətlər və donoslarla müşayiət olunmuşdur. 1569-cu ildə Lələ Mustafa Paşa Konstantinopola geri çağırılmış və məhkəməyə verilmiş, ekspedisiyanın sərdarlığı isə Sənan Paşaya tapşırılmışdır.

Bu münaqişə Mustafa Əlinin taleyinə də təsir etmişdir. Sonradan Mustafa Əli tez-tez vəzifələrdən uzaqlaşdırılmış və ya təyinat üçün uzun müddət gözləməyə məcbur edilmişdir. Şair bunu Sokullu Mehmed Paşa və Qoca Sənan Paşanın Lələ Mustafa Paşaya qarşı nifrəti ilə bağlamışdır. Mustafa Əlinin əsərləri sonrakı salnamələr və tədqiqatlar üçün əsas olduğuna görə bu münaqişə Osmanlı tarixşünaslığında bütün iştirakçıların obrazlarının necə təsvir edilməsinə də təsir etmişdir. Lələ Mustafa Paşanın tərəfdarı Özdəmiroğlu Osman Paşa "böyük qəhrəman" kimi təsvir edilmiş, Qoca Sənan Paşa isə "Osmanlı imperiyasının əsas məhvediciləri"ndən biri kimi qınanmışdır.

Şahzadə Murad ilə Mustafa Əli Lələ Mustafa Paşa ilə Konstantinopola qayıtmamışdır. 1568-ci ilin dekabrından 1569-cu ilin yanvarına qədər Əli şahzadə Muradın sancağı olan Manisaya çatmış və burada vəliəhdə bir neçə il əvvəl yazılmış "Mihr-ü-Vəfa" () kitabını hədiyyə etmişdir. O həmçinin, üç dildə Səlimə təriflər yağdırdığı "Nadirül-Məharib" () kitabını tamamlamışdır. Murad ona rəsmi vəzifə verməmişdir, lakin hədiyyələrlə mükafatlandırmış və qonaqpərvərlik göstərmişdir, çünki 1569-cu ilin yazında Mustafa Əli hələ də şəhzadənin müşayiətində olmuşdur. Murad Əliyə kiçik oğlu, şahzadə Mehmed üçün "baxnamə" (cinsi təlimat kitabı) yazmağı tapşırmışdır. Mehmedin cəmi iki yaşı olmasına və bu təlimatın hələ aktuallığı olmamağına baxmayaraq, Əli ərəbcə traktatını yenidən qurmuş və şərhlər əlavə etmiş, nəticədə "Rahatun-nüfus" əsərini yazmışdır. Ehtimal olunur ki, sifarişçi Əlinin əməyindən razı qalmışdır. Hər halda, 1569-cu ilin sentyabrında şair Muradın tövsiyə məktubu ilə Konstantinopola gəlmişdir. Bu zaman Lələ Mustafa Paşa öz əlaqələrindən və Səlimə bağlılığından istifadə etmiş, bəraət qazanmış, bağışlanmış və altıncı vəzir rütbəsi almışdır. Naməlum səbəbdən Əli öz tövsiyə məktubunu sultana və ya Sokollu Mehmed Paşaya təqdim etmək üçün nüfuzlu bir saray adamı tapa bilməmişdir. Ehtimallara görə, ya bu dövrdə Əlinin keçmiş himayədarı Lələ Mustafa ilə münasibətləri gərgin olmuşdur, ya da Lələ Mustafanın mövqeyi hələ kifayət qədər təhlükəsiz qalmamışdır.

Əli Kiçik Asiyaya getməzdən əvvəl fəaliyyət göstərdiyi paytaxt intellektuallar dairəsinə qayıtmışdır. O, Səlimin qohumu və muzahibi (yoldaşı) olan şair Şəmsi Əhməd Paşanın mülkünü ziyarət etməyə başlamışdır. Şəmsi Əhməd ilə birgə Əli 1569-cu ilin sentyabr sonunda Konstantinopolun yəhudi məhəlləsində baş vermiş dəhşətli yanğının şahidi olmuşdur. Yanğın bir həftə boyunca davam etmiş və minlərlə evi məhv etmişdir. Əli bu yanğını orijinal mövzu kimi istifadə etmiş, o dövrdə Ədirnə qazisi olan Qınalızadəyə məktub şəklində "Hariknamə" () yazmışdır. Əlavədə Əli böhran dövründə səmərəli idarəetməsinə görə Sokollu Mehmed Paşaya təriflər yağdırmışdır, lakin bu, Əlinin vəzifə əldə etməsi cəhdlərinə kömək olmamış və o, 1569–1570-ci illərin qışını Konstantinopolda təyinat almadan keçirmişdir. O, bu dövrdə xəlvəti təriqətinin şeyxi, nüfuzlu və varlı Bali əfəndi ilə yaxınlaşmışdır. Bali əfəndi Əliyə maddi dəstək vermişdir. Eyni zamanda, Əli Həlvəti təriqətinin digər şeyxi, Bali əfəndi ilə rəqabət aparan Nürrəddinzadə Müslihəddinlə də yaxınlaşmışdır. Bu rəqabətdə Əli tərəddüdlə Sokollunun müəllimi olan Müslihəddinin tərəfini tutmuşdur. Məhz bu seçim Mustafa Əlinin yeni vəzifəyə təyin olunmasına səbəb olmuşdur. Əli sədrəzəmi tərifləmiş, Siqetvarın mühasirəsini və ona bağlı hadisələri, yəni Süleymanın ölümünün gizlədilməsi, Səlimin çağırılması, Səlimin Belqradda cülusu "Yeddi səhnə" kitabında təsvir etmiş, şeyx Müslihəddin Muradın məktubu ilə birlikdə bu əsəri Sokolluya təqdim etmişdir.

Fərhad Paşanın ilə 1570-ci ildə Mustafa Əli Sokollunun başqa bir qohumu olan, Kilis sancaqbəyi Fərhad bəyin yanına katib kimi göndərilmişdir. Sonradan Əli bu təyinatı sürgün kimi qiymətləndirmiş və paytaxtdan uzaqlaşdırıldığına görə öz incikliyini ifadə etmişdir. Onun fikrinə görə, sədrəzəm ya Lələ Mustafa Paşaya sədaqətinə görə ondan qisas almış, ya da Əlinin ədəbi istedadını düzgün qiymətləndirə bilməmişdir, lakin Sokollu sadəcə Muradın tövsiyə məktubunda ifadə olunan Əliyə ziyamət vermək barədə xahişi yerinə yetirmişdi. Belə böyük bir torpaq sahəsi yalnız əyalətlərdə əldə edilə bilərdi.

1574-cü ildə Fərhad bəy Bosniyanın bəylərbəyi təyin edilmişdir və o, Əlinin xidmətindən razı qaldığını üçün onu özü ilə aparmışdır. Əli Fərhad bəyin rəsmi yazışmalarını aparmışdır. Sonradan əsərlərində Fərhad bəyə verdiyi sərt xarakteristikalarına baxmayaraq, onların münasibətləri kifayət qədər yaxşı olmuşdur.