Səkkiz üzlü minarə — 1880-ci illərdə tikilmiş tarix-memarlıq abidəsi, minarə. Azərbaycanın Şəki şəhərində yerləşir.
Sovet işğalından sonra məscidin binası dağıdılıb. Minarəsinə isə toxunulmayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə minarə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
Səkkiz üzlü minarə Şəki şəhərinin Yuxarı Baş məhəlləsində, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yerləşir. Ehtimallara görə bu minarə vaxtilə ərazidə yerləşən Cümə məscidinə aid olub. Minarənin üstündəki qeyddə onun 1880-ci illərdə inşa olunduğu göstərilib. Minarəyə bitişik başdaşında burada alim Mustafa Əfəndinin dəfn olunduğu qeyd olunub. Minarənin özü qırmızı kərpicdən, sökülmüş məcid binasının özülü isə çay daşındandır. Minarənin kərpic kənarları basılma romblarla naxışlanıb.
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Bu dövrdə ərazidə olan məscid dağıdılsa də Səkkiz üzlü minarə məscidin binasından ayrı tikildiyi üçün salamat qalıb. Hazırda məscid binasının ancaq özülü qalıb.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Səkkiz üzlü minarə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Şəki məscidləri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:1880-ci illərdə tamamlanmış tikililər Kateqoriya:Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu