Əməyin mühafizəsi və təhlükəsizliyi (, qısaca OSH) — işçilərin sağlamlığını, təhlükəsizliyini və rifahını təmin etmək məqsədilə tətbiq olunan elmi, hüquqi və təşkilati tədbirlər sistemi. Bu sahə insanların iş şəraitində fiziki, kimyəvi, bioloji və psixososial təhlükələrə məruz qalmasının qarşısını almağa yönəlmişdir.
Əməyin mühafizəsinin əsas məqsədi istehsalatda baş verə biləcək bədbəxt hadisələrin, peşə xəstəliklərinin və digər mənfi halların qarşısını almaqdır. Bu sahə həm işçilərin həyat və sağlamlığının qorunmasına, həm də istehsalın səmərəliliyinin artırılmasına xidmət edir.
Tarixi
Ən qədim cəmiyyətlərdə insanların təhlükəsizliyi əsasən təbii təcrübəyə əsaslanırdı. Misir, Mesopotamiya və Roma kimi qədim sivilizasiyalarda tikinti, mədənçilik və sənətkarlıq sahələrində çalışan işçilərin sağlamlığına müəyyən səviyyədə diqqət yetirilirdi. Məsələn, Hammurapi qanunlarında (e.ə. XVIII əsr) işçilərin zədələnməsi və kompensasiya məsələlərinə dair hüquqi müddəalar mövcuddur. Orta əsrlərdə Avropada fəaliyyət göstərən sənətkar birlikləri (gildiyalar) üzvlərinin iş şəraitinə nəzarət edir, peşə xəstəliklərinin qarşısını almağa çalışırdılar. Bu dövrdə həkimlər və alimlər arasında mədən işçilərinin sağlamlığına dair ilk tibbi müşahidələr aparılmışdır. 1556-cı ildə Georgi Aqrikola tərəfindən yazılmış De Re Metallica əsərində mədən işçilərinin qarşılaşdığı təhlükələr və onların azaldılması yolları təsvir olunur.
XVIII-XIX əsrlərdə baş verən Birinci sənaye inqilabı iş şəraitində ciddi dəyişikliklər yaratdı. Fabriklərdə və mədənlərdə iş saatlarının uzunluğu, avadanlıqların təhlükəli olması və uşaq əməyinin geniş yayılması əməyin mühafizəsi məsələlərini daha da aktuallaşdırdı. 1833-cü ildə Böyük Britaniyada qəbul edilən ilk Fabrik Qanunu () işçilərin hüquqlarını qismən qorumağa başladı. Bu qanunla 9 yaşdan aşağı uşaqların işləməsi qadağan edildi və müəyyən saat limiti tətbiq olundu.
1919-cu ildə Beynəlxalq Əmək Təşkilatının () yaradılması əməyin mühafizəsində beynəlxalq səviyyədə ilk ciddi addım oldu. BƏT tərəfindən iş yerlərində təhlükəsizlik və sağlamlıqla bağlı konvensiyalar qəbul edildi.
1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı əməyin qorunmasının tibbi aspektlərini daha sistemli şəkildə araşdırmağa başladı. XX əsrin ortalarından etibarən bir çox ölkələrdə əməyin mühafizəsi üzrə milli qanunvericilik sistemi formalaşdı və xüsusi nəzarət qurumları yaradıldı.
Hazırda əməyin mühafizəsi konsepsiyası təkcə fiziki təhlükəsizliklə məhdudlaşmır, həm də psixososial risklər, stres, ergonomika və iş yerlərində sağlam həyat tərzinin təşviqi kimi məsələləri əhatə edir. ISO 45001 kimi beynəlxalq standartlar təşkilatlarda əməyin mühafizəsi menecmentinin effektivliyini artırmaq üçün tətbiq edilir.
İdarəetmə sistemləri
Şirkətlər iş yerlərində sağlamlıq və təhlükəsizlik risklərini strukturlaşdırılmış və sistemli şəkildə idarə etmək məqsədilə təhlükəsizlik və sağlamlıq üzrə idarəetmə sistemi (TSİS) tətbiq edə bilərlər. Bu, ya könüllü şəkildə, ya da mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilə bilər. TSİS iş yerlərində baş verə biləcək qəzaların və hadisələrin qarşısının alınmasını sistematik qiymətləndirmə və idarəetmə yolu ilə təkmilləşdirmək üçün nəzərdə tutulmuşdur. Sistem təşkilatın biznes fəaliyyətində və qanunvericilikdə baş verən dəyişikliklərə uyğunlaşa bilməlidir. Adətən bu sistem Deminq dövrünə – yəni planlaşdırma-icra-yoxlama-fəaliyyət (PDCA) prinsipinə əsaslanır.
Effektiv TSİS aşağıdakıları təmin etməlidir: Təşkilatın riskləri necə idarə etdiyini müəyyənləşdirməlidir İş yerindəki təhlükələri aşkar edib uyğun nəzarət mexanizmləri tətbiq etməlidir Təşkilatın bütün səviyyələri üzrə effektiv ünsiyyətin həyata keçirilməsini təmin etməlidir Uyğunsuzluq və normativ pozuntuların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün mexanizm tətbiq etməlidir Davamlı təkmilləşmə prosesini həyata keçirməlidir
Ətraf mühitin mühafizəsi, keyfiyyət və təhlükəsizlik kimi müxtəlif idarəetmə sahələri üzrə standartlar artıq ayrılıqda deyil, vahid biznes idarəetmə sistemi çərçivəsində inteqrasiya olunmuş şəkildə idarə edilmək üçün hazırlanır. Buna görə də bəzi təşkilatlar prosess təhlükəsizliyi, ətraf mühitin idarə olunması və keyfiyyətin idarə olunması kimi digər idarəetmə funksiyalarını da təhlükəsizlik üzrə idarəetmə sistemi ilə birləşdirirlər. Bu yanaşma həm qanunvericilik, həm sənaye sahəsinin tələbləri, həm də təşkilatların daxili standartlarına cavab vermək məqsədi daşıyır.
Standartlar Beynəlxalq Beynəlxalq Əmək Təşkilatı (BƏT) iş yerlərində əmək təhlükəsizliyi və sağlamlığının idarə olunması üçün "ILO-OSH 2001" adlı istiqamətverici sənədi təqdim etmişdir. Bu sənəd təşkilatlara TSİS-in tətbiqində yardım məqsədi daşıyır və siyasət; təşkilatlanma; planlaşdırma və icra; qiymətləndirmə; və təkmilləşmə üzrə davamlı fəaliyyət dövrü əsasında sağlamlıq və təhlükəsizliyin daimi inkişafını təşviq edir. Bu mərhələlərin effektivliyi davamlı audit vasitəsilə yoxlanılır.
1999–2018-ci illər ərzində OHSAS 18001 standartı beynəlxalq miqyasda geniş istifadə olunmuşdur. Bu standart beynəlxalq səviyyədə təsdiqlənmiş ilk sertifikatlaşdırıla bilən təhlükəsizlik standartı yox ikən milli standart təşkilatları, akkreditasiya qurumları, tədqiqat institutları və digər aidiyyəti qurumların iştirakı ilə hazırlanmışdır. OHSAS 18001 eyni zamanda ISO 9001 (keyfiyyətin idarə olunması) və ISO 14001 (ətraf mühitin idarə olunması) standartları ilə inteqrasiya edilə biləcək şəkildə hazırlanmışdı.
2018-ci ilin mart ayında OHSAS 18001 standartı ISO 45001 ilə əvəz olunmuş, 2021-ci ilin martında isə ISO 45001 tam tətbiq edilmişdir.
Azərbaycan qanunvericiliyində Azərbaycan Respublikasında əmək hüquqlarının qorunması və əməyin təhlükəsizliyi Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək şəraitinin normativlərə uyğun qurulması işəgötürənin əsas vəzifələrindən biridir.
Maraqlı fakt BƏT-in hesablamalarına görə, dünyada hər il təxminən 2.3 milyon insan iş yerində baş verən hadisələr və peşə xəstəlikləri nəticəsində həyatını itirir.
İstinadlar
Ədəbiyyat siyahısı
Əlavə ədəbiyyat siyahısı
Xarici keçidlər
Beynəlxalq agentliklər (EU) European Agency for Safety & Health at Work (EU-OSHA) (UN) International Labour Organization (ILO)
Milli orqanlar (Canada) Canadian Centre for Occupational Health and Safety (Japan) Japan Industrial Safety and Health Association (Japan) Ministry of Health, Labor and Welfare (Japan) Japan National Institute of Occupational Safety and Health (UK) Health and Safety Executive (US) National Institute for Occupational Safety and Health (NIOSH) (US) Occupational Safety and Health Administration (OSHA)
Qanunvericilik (Canada) EnviroOSH Legislation plus Standards
Nəşrlər American Journal of Industrial Medicine
Təhsil National Examination Board in Occupational Safety and Health (NEBOSH) Occupational Safety Organization
Kateqoriya:Əmək hüququ Kateqoriya:Təhlükəsizlik Kateqoriya:Sosial müdafiə Kateqoriya:Əməyin təhlükəsizliyi Kateqoriya:Risklərin idarə edilməsi Kateqoriya:Sosial müdafiə hüququ Kateqoriya:Yoluxucu xəstəliklər