Ukrayna Müdafiə Nazirliyi (, МОУ, ) — Ukraynanın milli müdafiəsi və Ukrayna Silahlı Qüvvələrinə nəzarət edən hökumət nazirliyi. Nazirliyin rəhbəri müdafiə naziridir. Ukrayna Prezidenti Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.

Nazirlik 24 sentyabr 1991-ci ildə, Ukrayna İstiqlaliyyət Bəyannaməsinin elan edilməsindən bir ay sonra qurulmuşdur Nazirlik Ukrayna yurisdiksiyası ərazisindəki bütün SSRİ hərbi qüvvələrinin yenidən təşkilinə cavabdeh olmuşdur. və Hərbi İşlər üzrə Komitəni əvəz etmişdir. 1994-cü ildə Ukrayna könüllü olaraq bütün nüvə silahlarından imtina etmişdir. Nazirlik nüvə silahlarının, hərbi bazaların və avadanlıqların ləğvi üçün əhəmiyyətli vəsait sərf edərək Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin tələblərinə cavab vermişdir.

2022-ci ildə Ukrayna ÜDM-in 5%-ni Müdafiə Nazirliyinin ehtiyacları üçün ayırmağı planlaşdırırdı. 2022-ci ilin iyulunda, Rusiyanın Ukraynaya hücumu zamanı Ukrayna Müdafiə Nazirliyi Rusiya ilə müharibənin hər ayı üçün nazirliyin bir illik büdcəsini xərclədiyini bildirmişdir.

Qərargahı Ukrayna Müdafiə Nazirliyinin qərargahı Kiyev şəhəri, Povitroflotski prospekti 6 ünvanında yerləşir. 14 oktyabr 2018-ci ildə Ukrayna Silahlı Qüvvələrinin azadlıq, müstəqillik və ərazi bütövlüyü, dünya sülhü və nizamı uğrunda həlak olan hərbçilərinin xatirəsinə həsr olunmuş "Xatirə zalı" memorial kompleksi açılmışdır. Bu kompleks Ukrayna Müdafiə Nazirliyinin ərazisində yerləşir. Bu, Xatirə kitabı olan zal, həmçinin təntənəli və mərasim tədbirləri üçün Xatirə zəngi olan steladan ibarətdir.

Missiyası Ukrayna Müdafiə Nazirliyinin səlahiyyətləri Ukrayna "Ukrayna Silahlı Qüvvələri haqqında" Qanunun 10-cu maddəsində dəqiq müəyyənləşdirilir.

Ali Rada tərəfindən təsdiqləndiyi üzrə, nazirliyin əsas məqsədləri düşmənçiliyin qarşısını almaq, ordunun strukturlaşdırılması, ölkə daxilində və beynəlxalq səviyyədə hər cür təcavüzün dəf edilməsidir. Ukrayna təhlükəsizlik siyasəti qeyri-müdaxilə, digər dövlətlərin milli sərhədlərinə və suverenliyinə hörmət, güc tətbiqini təsir vasitəsi kimi rədd etmə prinsipinə əsaslanır.

Siyasi həssaslıq səbəbindən hərbi doktrina, Ukrayna təhlükəsizlik siyasətinə bənzər şəkildə, xüsusi təhdidləri göstərmir. Bunun əvəzinə "davamlı siyasəti hərbi təhlükə yaradan, Ukraynanın daxili işlərinə müdaxiləyə səbəb olan və ya Ukraynanın ərazi bütövlüyünə və milli maraqlarına təcavüz edən dövlətlərə" istinad edir.

Buna görə də, Müdafiə Nazirliyi aşağıdakılara cavabdehdir: Silahlı Qüvvələrin gündəlik fəaliyyətinə dəstək Missiya və səfərbərlik hazırlığı Döyüş dəyəri Tapşırılmış missiyaları yerinə yetirmək və iştirak üçün təlim Kadr təminatı və müvafiq təlim Silah və hərbi texnika təchizatı Tələblərə uyğun maddi, maliyyə və digər resurslar Bu resursların səmərəli istifadəsinə nəzarət İcra hakimiyyəti, mülki qurumlar və vətəndaşlarla qarşılıqlı fəaliyyətin inkişafı Beynəlxalq hərbi və hərbi-texniki əməkdaşlıq Silahlı Qüvvələrin fəaliyyətinin qanuna uyğunluğuna nəzarət Silahlı Qüvvələr üzərində mülki nəzarət üçün şəraitin yaradılması.

Tarixi 1991-ci ildə Ukrayna, yalnız postkommunist məkanda yox, Rusiya istisna olmaqla bütün Avropada ən böyük hərbi qüvvələrdən birini miras götürmüşdür. Buraya 780,000 nəfər keçmiş SSRİ hərbi personalı, bir raket ordusu, dörd hərbi hava qüvvələri ordusu, ayrıca hava hücumundan müdafiə ordusu və Qara Dəniz Donanması daxil idi. Ümumilikdə, Ukrayna Silahlı Qüvvələri yaradıldığında 350-dən çox gəmi, 1500 döyüş təyyarəsi və 1272 strateji nüvə başlığı olan qitələrarası ballistik raketlərə malik idi. Bu qüvvə NATO ilə tam miqyaslı müharibədə, adi və nüvə silahlarından istifadə edərək qarşıdurma üçün nəzərdə tutulmuşdu.James Sherr, 'Ukraine's Defence Reform: An Update', Conflict Studies Research Centre, 2002 24 sentyabr 1991-ci ildə Ukrayna Ali Radası Ukrayna ərazisində yerləşən keçmiş SSRİ Silahlı Qüvvələrinin bütün hərbi hissələrinin yurisdiksiyaya alınması və Müdafiə Nazirliyinin yaradılması haqqında qərar qəbul etmişdir. Beləliklə, Ukrayna keçmiş Sovet respublikaları arasında ilk dəfə müdafiə nazirliyi quran ölkə olmuşdur. Nazirlik və Ukrayna hökuməti sonradan Ukraynanın müxtəlif hərbi qollarını yaratmağa başlamışdır.

Ukrayna rəhbərliyinin nüvəsiz və ittifaqsız dövlət statusuna siyasi üstünlük verməsi Silahlı Qüvvələrin təşkilatlanma prosesinin əsasını təşkil etmişdir, lakin əsasən, Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin təsdiq edilməsi və 1992-ci il Daşkənd bəyanatının icra edilməsi ilə bağlı məhdudiyyətlər də eyni dərəcədə vacib idi. Bu sazişlər keçmiş SSRİ dövlətləri üçün silahların maksimal səviyyələrini müəyyənləşdirmişdir. Buna görə də, 1992–1997-ci illər arasında Ukraynadakı hərbi personalın sayı təxminən yarıbayarı azalmışdır.

Qısa müddət ərzində Ukrayna Ali Radası hərbi sahə ilə bağlı bir sıra qanunvericilik aktları qəbul etmişdir: Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi və təşkili konsepsiyası, "Ukrayna Təhlükəsizlik Şurası haqqında" qərar, "Ukraynanın müdafiəsi haqqında" qanunlar, "Ukrayna Silahlı Qüvvələri haqqında" və Ukrayna hərbi doktrinası. Bunlar əsasən Silahlı Qüvvələrin struktur nəzarəti ilə bağlı idi. Bundan əlavə, Ukrayna 1990-cı illərin əvvəllərində nüvə silahlarından imtina proqramına başlamışdır. 1 iyun 1996-cı ilə qədər Ukraynada nüvə silahı qalmamışdı.

Müstəqilliyin ilk illərində Müdafiə Nazirliyi hiperinflyasiya, sosialist iqtisadiyyatdan kapitalist iqtisadiyyata keçmiş və Ukrayna ÜDM-in 60%-nin itirilməsi kimi çətinliklərə baxmayaraq, funksional müdafiə sisteminin əsaslarını qurmuşdur. Müdafiə Nazirliyi, Baş Qərargah, Silahlı Qüvvələrin qolları, icra sistemi və Silahlı Qüvvələrin təlim sistemi bu dövrdə yaradılmışdır. Bir müddət sonra məlum olmuşdur ki, Silahlı Qüvvələrin təkmilləşdirilməsi prosesi yeni başlamışdır. Problem onda idi ki, nəinki o dövrdə hərbi inkişaf problemlərini həll etmək üçün xüsusi sistem və effektiv plan yox idi, həm də onun inkişafı və reallaşdırılması üçün təlim keçmiş kadrlar çatışmırdı.

Hərbi idarəetmədəki dəyişikliklər hərbi inkişaf prosesinə olduqca mənfi təsir göstərmişdir. 1991–1996-cı illər ərzində üç Müdafiə naziri və dörd Baş Qərargah rəisi dəyişdirilmişdir. Ukrayna Silahlı Qüvvələrinin formalaşmasının ilkin mərhələlərində inzibati heyətin təxminən 70%-i dəyişdirilmişdir. Bütün hərbi dairə komandirləri, ordu komandirləri, korpus və diviziya komandirləri bir neçə dəfə dəyişdirilmişdir.

Bu problemi Ukraynanın beynəlxalq hərbi personalın yerləşdirilməsi ilə bağlı qeyri-sabitliyi daha da mürəkkəbləşdirmişdi. 1991–1994-cü illər arasında təxminən 12,000 nəfər zabit başqa ölkələrə (əsasən Rusiyaya) sədaqət andı içmiş, 33,000 nəfərdən çox personal isə Ukrayna ordusunda xidmət etmək üçün geri qayıtmışdır. Silahlı Qüvvələrin inkişaf prosesinin əsas prosedurlarının qeyri-qənaətbəxş icrasının əsas səbəbi milli müdafiə üçün ümumi xərclərin daimi azalması, Silahlı Qüvvələrə, silah və hərbi texnika alımlarına, tədqiqat mühəndisliyi və dizayn səylərinə ayrılan xərclər idi.

2016-cı ildə Ukrayna Müdafiə naziri Stepan Poltorak ABŞ, Kanada, Polşa, Litva, Birləşmiş Krallıqdan olan və "The Quint" adlanan məsləhətçilər qrupunun dəstəyi ilə Müdafiə Nazirliyinin proseslərinin islahatına başlamışdşt. Bundan əlavə, bir neçə Qərb ölkəsi Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün təlim proqramları başlatmışdır.

15 fevral 2022-ci ildə Ukrayna Müdafiə Nazirliyi "Twitter"də öz veb-saytının müvəqqəti olaraq dayandırıldığını və bunun çox güman ki, paylanmış xidmətdən imtina hücumu (DDoS) nəticəsində olduğunu bildirmişdir. Bu hücumlar Rusiyanın Ukraynaya hücum əməliyyatının ilkin mərhələsində 2022-ci il Ukrayna kiberhücumlarının bir hissəsi idi. Ukraynanın Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi Rusiyanı bu hücumlarda məsuliyyətli hesab etmişdir.

30 aprel 2023-cü ildə Ukrayna Müdafiə Nazirliyi "Twitter"də ABŞ aktrisası Merilin Monronun məşhur "uçan ətək" pozasında təsvir olunduğu, fonda hindu ilahəsi Kalinin üzü və detalları ilə partlayışın qeyri-adi və təhqiramiz qarışığını özündə birləşdirən bir təsvir paylaşmışdır. Tvitin başlığı "incəsənət əsəri" idi və Ukrayna rəssam Maksim Palenkonun improvizasiya edilmiş şəklini nümayiş etdirmişdir. Bu yazı böyük tənqidlərə səbəb olmuş və internet istifadəçiləri arasında qəzəb doğurmuşdur, xüsusən də bir çox hind "Twitter" istifadəçisi Ukrayna Müdafiə Nazirliyini hindufobiya və hindulara qarşı həssasiyyətsizlikdə günahlandırmışdır. Ukrayna Xarici İşlər nazirinin birinci müavini Əminə Cabbar qeyd etmişdir: "Ukrayna Müdafiə Nazirliyinin hindu ilahəsi Kalini təhrif olunmuş şəkildə təsvir edən tvitinə görə təəssüf edirik. Ukrayna və onun xalqı unikal Hindistan mədəniyyətinə hörmət edir və Hindistanın dəstəyini yüksək qiymətləndirir. Təsvir artıq silinmişdir".

Hərbi inkişaf Ukrayna Müdafiə Nazirliyinə görə, Ukraynanın hərbi təşkilatlanması və inkişafı üç əsas dövrə bölünür:

Birinci dövr, yəni 1991–1996-cı illər – Ukrayna Silahlı Qüvvələrinin ilkin qurulması, yenidən təşkili; İkinci dövr, yəni 1997–2000-ci illər – Ukrayna Silahlı Qüvvələrinin daha da təşkili və inkişafı; Üçüncü dövr, yəni 2001-ci ildən etibarən – Ukrayna Silahlı Qüvvələrinin islahatı və inkişafı, yeni hərbi texnikanın tətbiqi.

İlk mərhələlər İlk dövrün aspektləri Silahlı Qüvvələrin fəaliyyətinin hüquqi əsaslarının formalaşdırılması, onun strukturunun yenidən təşkili, müvafiq icra və dəstək strukturlarının yaradılması və fəaliyyəti üçün zəruri olan digər elementlər olmuşdur. Silahlı Qüvvələrin ilk inkişaf mərhələlərində hərbi təsisatların, personal sayının, silah və nüvə texnologiyalarının sayının azaldılması da başlanmışdır. Bu qədər böyük miqdarda silah Ukrayna üçün həm lazımsız idi, həm də müdafiə büdcəsi ilə saxlanıla bilməzdi.

1996-cı ilin sonuna qədər 3500-dən çox müxtəlif hərbi təsisat və 410000 nəfər personal buraxılmışdır. Həmçinin, silah və müdafiə texnologiyalarının sayı azaldılmışdı. Döyüş təyyarələri – 600 ədəd, helikopterlər – 250 ədəd, qarnizon tankları və döyüş zirehli maşınları – 2400 və 2000 ədəd. 1992–1997-ci illər ərzində ordudan 400,000 nəfər hərbçi azaldılmışdır. Bu dövrdə 1300-dən çox vahid, təşkilat, komanda və idarəetmə qurğuları ləğv edilmişdir. 1999-cu ilin sonuna qədər Silahlı Qüvvələrin təşkilati gücü təxminən 400,000 nəfər, o cümlədən 310,000 hərbçi və 90,000 mülki şəxs təşkil etməli idi.

Təhlili 2017-ci ildə Amerika Birləşmiş Ştatlarının RAND analitik mərkəzinin ekspertlərinin qeyd etdiyinə görə, Ukraynanın müstəqilliyi dövründə Müdafiə Nazirliyi ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı arasında vəzifə bölgüsü bir neçə dəfə dəyişikliyə məruz qalmışdır. Müdafiə qurumlarının funksiyalarında üst-üstə düşmələr, boşluqlar və nizamsızlıq onların işinin effektivliyini əhəmiyyətli dərəcədə aşağı salmış və bu qurumlar üzərində ictimai nəzarətin qurulmasını çətinləşdirmişdir. Vətəndaş cəmiyyətinin hərbi strukturlar üzərində kifayət qədər nəzarətinin olmaması, siyasi yollarla həll oluna biləcək problemlərin hərbi üsullarla aradan qaldırılmasına meyilli bir sistemin formalaşmasına səbəb olmuşdur. Eyni zamanda, xidməti iyerarxiyada qeyri-müəyyənlik ən yüksək səviyyədən başlayır, komanda və idarəetmə xətlərinin ayrılması çaşqınlıq yaradır və məsuliyyət sahələrinin sərhədləri ilə bağlı problemlərlə yanaşı, kommunikasiya sahəsində də uğursuzluqlara yol açmışdır. Xüsusilə, Müdafiə Nazirliyi ilə Baş Qərargahın hərbi kəşfiyyat sahəsindəki funksiyalarının qarışıqlığı vurğulanmışdır ki, bu funksiyalar hətta öz personalı üçün də anlaşılmaz hesab edilmişdir. Hər iki strukturun iş rejimi adi fəaliyyətlərin icrasını xeyli ləngitmiş, təşkilati mədəniyyət isə qərar qəbul etmə zərurətini yüksək komanda səviyyələrinə yönəltmişdir, bu da yüksəkrütbəli zabitləri dörd və ya beş eşelon aşağı səviyyədə asanlıqla həll oluna biləcək məsələlərlə məşğul olmağa məcbur etmişdir.