Butan takini — Butanda, həmçinin Hindistanın şərqində, Çinin qərb və Tibet regionunda yaşayan takinin yerli alt növü. Yerli olaraq "drong gimtse" adlanan bu heyvan Butanın milli heyvanı olaraq mühüm bir mədəniyyət və din simvolu hesab olunur.

Mifoloji əhəmiyyəti Butan takini Butanın mədəniyyəti və dini həyatında əhəmiyyətli yer tutur. Yerli miflərə görə, onun yaranışı "İlahi dəli" kimi tanınan tanrı Drukpa Künle ilə əlaqələndirilir. Əfsanəyə əsasən, bir dəfə yerli kəndlilər Drukpa Künleyə müraciət edərək ondan bir möcüzə göstərməsini istəyirlər. O, əvvəlcə bir inək və bir keçi gətirmələrini tələb edir. Kəndlilər onun istəklərini yerinə yetirirlər və Drukpa Künle bu heyvanları bişirərək yeyir, yalnız təmizlənmiş sümükləri saxlayır. Daha sonra o, keçinin başını inəyin sümüklərinə bağlayır və əl çalır. Sümüklər tam bir bədənə çevrilir, hərəkətə gəlir və çəmənlikdə otlamağa başlayır. Bu əfsanə takinin yaranmasının mifoloji izahı kimi qəbul edilir və onun müqəddəs statusunu vurğulayır.

Xüsusiyyətləri Butan takini iri və möhkəm quruluşlu bir heyvandır. Erkək takinlərin çəkisi 302 kiloqrama qədər ola bilər, dişilər isə daha kiçik ölçülüdür. Erkək fərdlərin çiyin hündürlüyü 68–140 santimetr, bədən uzunluğu isə 104–213 santimetr arasında dəyişir. Quyruqlarının uzunluğu 7–12 santimetrdir və yaşlı fərdlərdə əyri forma alır. Erkək fərdlərin daha böyük gövdəsi və buynuzları olur, lakin hər iki cinsin rəngləri oxşardır. Ayaq dırnaqları cütdür. Bədənlərinin yan tərəflərindəki tüklər 3–5 santimetr uzunluğundadır. Boynun altındakı daha uzun tüklər (təxminən 7 santimetr) saqqal, boğazın altındakı 12 santimetrdən uzun tüklər isə bığ görüntüsü yaradır.

Butan takini sosial və köç edən ot yeyən heyvandır. Şərqi Asiyanın mülayim və subtropik meşələrində yaşayır. Onlar 700 metr hündürlükdən 5.550 metr hündürlüyə qədər olan ərazilərdə məskunlaşırlar. Köç yolları müxtəlif bitki örtüyü növlərini, o cümlədən iynəyarpaqlı və genişyarpaqlı meşələri birləşdirir. Takinlər ot, bitki, bambuk, kol və ağaclardan düşən yarpaqlarla qidalanır. Butanda takinlərin ən çox tapıldığı və qorunduğu ərazilər "Ciqme Dorci Milli Parkı" (JDNP), "Vançuk Yüzilliyi Milli Parkı", "Phrumsenqla Milli Parkı" və digər meşə regionlarıdır. "Ciqme Dorci Milli Parkı"nda təxminən 500–700 takin olduğu təxmin edilir. Bu heyvanlar həmçinin Çində, Şərqi Himalayların cənub-qərb yamaclarında, Hindistanın Arunaçal Pradeş, Şimali Bengal və Sikkim regionlarında də yaşayır.

Takinlər adətən kiçik qruplar halında yaşayır, lakin yay aylarında daha böyük sürülərdə birləşirlər. Köç zamanı çətin relyefli çay yataqlarını və təpələri keçərək 2500 metrə qədər yüksəklikdə yerləşən yaylaqlara çatırlar. Yay aylarında onların cütləşmə dövrü başlayır. Hamiləlik müddəti 210–240 gün davam edir və buzovlar doğulduqdan üç ay sonra yaylaqlara köçürlər.

Böyük ölçülərinə baxmayaraq, yetkin takinlər pələng və ayı kimi yırtıcılar tərəfindən ovlana bilər. Buzovlar isə daha çox hücumlara məruz qalır. Onların əsas düşmənləri canavar, qar leoparı və qartallardır. Qartallar buzovları havaya qaldırıb qayalara ataraq öldürürlər. Bundan başqa, qeyri-qanuni ov və müxtəlif xəstəliklər də takinlər üçün təhlükə yaradır.

İstinadlar

Kateqoriya:Keçilər Kateqoriya:1907-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Asiya məməliləri Kateqoriya:Həssas növlər