– Yaponiyanın ilk peşəkar fotoqrafı. Yaponiyada fotoqrafiyanın qabaqcıllarından biri hesab olunur. Yaponiyada kommersiya məqsədli fotostudiya açan ilk yapondur.
İlk illəri Ukay Qyokusen 1807-ci ildə İşioki şəhərində (indiki İbaraki prefekturası) varlı samuray ailəsində doğulmuşdur. Onun atası daymyo Matsudayra Cicu Yorisakinin maliyyə müvəkkilli idi və böyük kamberlen titulunu daşıyırdı.
Dörd qardaşın ən kiçiyi olan Ukay 13 yaşında başqa bir daymyonun sake tədarükçüsü Mikavaya tərəfindən övladlığa götürülmüş və beləliklə, tacir statusu almışdır. Lakin rəssam Tani Bunço ilə tanışlığından sonra incəsənətə və əntiq əşyalara maraq göstərməyə başlamışdır. 1831-ci ildə sake biznesindən əl çəkərək rəssam olmağa qərar vermişdir.
Fotoqrafiya Ukay 1859-cu ildə fotoqrafiya haqqında məlumatlar əldə etmək üçün Yokohamaya getmiş və ABŞ fotoqrafı Orrin Frimandan dərslər almışdır. O, Frimanın kamerasını və fotoqrafiya təchizatlarını satın almış, 1860 və ya 1861-ci ildə Edo şəhərinin Yaqenbori bölgəsində "Eyşin-do" adlı fotostudiya açmışdır. O, bir neçə il ərzində zadəgan zümrəsindən olan 200-dən çox şəxsin fotosunu çəkmişdir. 1867-ci ildə fotostudiyanı bağlamışdır. Fotoqraf Kitaniva Tsukuba onun şagirdi olmuşdur.
1879-cu ildə Xəzinədarlığın Çap Ofisinin müvəqqəti işçisi olmuş və 5 ay boyunca səyahət edərək Yaponiyanın qərbində əntiq əşyaların fotolarını çəkmişdir. Onun nəticələri 1880–1881-ci illərdə Xəzinədarlığın Çap Ofisi tərəfindən adı ilə nəşr olunmuşdur.
1860-cı illərə aid edən, müəllifi bilinməyən ambrotipiyalarının bəzilərinin Ukayın işi olduğu güman olunur. Onun tərəfindən çəkildiyi müəyyən edilmiş fotolardan biri 9 mart 1863-cü ildə çəkilmiş Miura Şuşinin portretidir.
Ukay ölümündən 4 il əvvəl – 1883-cü ildə Tokioda yerləşən Yanaka qəbiristanlığındakı bir abidənin altında yüzlərlə şüşə neqativini basdırmışdır. Bu şüşə neqativlər 1956-cı ildə araşdırma məqsədilə torpaqdan çıxarılmışdır. Ukay 1887-ci ildə öldükdən sonra bu abidənin yanında dəfn olunmuşdur.
Qeydlər
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Ukay Qyokusen Kotobank saytında.
Kateqoriya:Yaponiya fotoqrafları Kateqoriya:Fotoqrafiyanın qabaqcılları Kateqoriya:Samuraylar Kateqoriya:Meyci dövrü şəxsləri Kateqoriya:Portret fotoqrafları