Xüms (, hərfi mənada — "beşdə bir hissə") – islam hüququnda əldə olunan qənimət və ya qazancın, eləcə də ona bərabər tutulan illik gəlirin beşdə birini təşkil edən icbari vergi.

Xümsün tarixi Xüms ilk dəfə Əbdülmüttəlib tərəfindən ödənilmiş, daha sonra isə Qurani-Kərimin "əl-Ənfal" ("Qənimət") surəsinin 41-ci ayəsində vacib bir hökm kimi buyurulmuşdur.

İslam təliminə görə, Əbdülmüttəlib bu əmri yuxuda Allah tərəfindən almışdır; belə ki, o, müqəddəs Zəm-zəm quyusunu yenidən aşkar etdikdən sonra onun yanında basdırılmış bir xəzinə tapmış və həmin xəzinənin dəyərinin beşdə bir hissəsini dini ehtiyaclar üçün xərcləməyə qərar vermişdir.

Quranda xüms haqqında nazil olan ayələr Müqəddəs Qurani-Kərim, İslam dininin Qiyamətə qədər olan bütün qanunlarını ümumi şəkildə bizə bəyan etmişdir. Bu qanunların incəlikləri isə zaman keçdikcə, əvvəlcə Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm), daha sonra isə məsum İmamlarımız (ələyhissalam) vasitəsilə müsəlmanlara açıqlanmışdır.

Xüms haqqında Qurani-Kərimdə üç ayə nazil olmuşdur. Onlardan birində "xüms" sözü aşkar surətdə qeyd olunmuş, digərində ona "haqq" sözü ilə işarə edilmiş və nəhayət, üçüncüsündə ondan "ənfal" (qənimət) sözü ilə bəhs edilmişdir. Həmin ayələr aşağıdakı kimidir:

Birinci ayə: Ənfal surəsi, 41-ci ayə;

"(Ey möminlər! Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün… nazil etdiyimiz ayələrə iman gətirmisinizsə, bilin ki, ələ gətirdiyiniz (qazandığınız) hər hansı bir qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrabasının (Əhlul-beytin), yetimlərin, yoxsulların və yolçularındır!"

Ayədəki "beşdə bir" sözü həmin ərəbcə işlətdiyimiz "xüms" sözünün türkcə mənasıdır. Bu ayə xüms barəsində ən aşkar və aydın şəkildə nazil olan ayədir. Ayənin nazil olma səbəbi də həmin məsələ ilə bağlı olduğundan, onun xümsün vacib olmasına dəlalət etməsində müsəlmanlar arasında heç bir ixtilaf yoxdur.

Ayədən məlum olduğu kimi, xüms Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və onun Əhli-beytinindir (yəni, Məsumların (ələyhimussalam)). Bundan əlavə, xümsün bir qismi də yetim, yoxsul və yolda pulsuz qalmış seyyidlərə (peyğəmbər övladlarına) çatır. Beləliklə, xüms iki qismə bölünür:

Əvvəl: İmamların (ə) səhmi.

Xümsün bu qisməti ya İmamın özünə verilməli, ya da o Həzrət qeybdə olan zaman bütün şəraitə malik olan müctehidə və ya onun səlahiyyətli nümayəndələrinə çatdırılmalıdır. O da öz dini elmi əsasında imam malını İmamın (ələyhissalam) razı olduğu yerlərdə, o cümlədən, dini tələbələrə, məscid tikilməsinə, yol çəkilməsinə, dini mədrəsələrin tikilməsi və sair yerlərə sərf etməlidir.

İkinci: Fəqir, yetim və yolda pulu qurtarıb qalmış seyyidlərin səhmi.

Xümsü iki yerə böldükdən sonra ikinci qismətini belə şəxslərə çatdırmaq lazımdır. Fəqihlərin nəzərinə əsasən, belə şəxslərə verilən xüms, ehtiyata görə bütün şəraitə malik olan müctehidin icazəsi ilə olmalıdır. Yəni, hər bir müsəlman öz xümsünu vermək istədikdə ya müctehidin özünə, ya da onun nümayəndəsinə verməlidir. Belə olan halda müsəlman arxayın ola bilər ki, verdiyi xüms Allah dediyi yolda xərclənmişdir. Onu da əlavə etmək lazımdır ki, xüms verilərkən niyyət yalnız Allaha xatir olmalıdır. Niyyət xalis olmasa, verilən xüms hələ qəbul deyildir. Çünki xüms verməyin özü ibadət sayılır və ibadətdə yalnız Allah nəzərdə tutulmalıdır.

İkinci ayə: İsra surəsi 26-cı ayə

"Qohum-əqrəbaya, miskinə, (pulu qurtarıb yolda qalan) müsafirlərə də haqqını ver."

Təfsirçilərin nəzərinə görə "Qohum-əqrəbadan" məqsəd Məsumlar (ələyhissalam), miskin və müsafirlərdən isə məqsəd seyyidlərdir.

Üçüncü ayə: Ənfal surəsi, 1-ci ayə

"(Ya Peyğəmbər!) Səndən qənimətlər (onların kimə çatması) haqqında soruşurlar. De ki: Qənimətlər Allahın və Peyğəmbərindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) möminsinizsə Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Peyğəmbərinə itaət edin!"

Bu ayədə də xümsün Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) çatması və Onun göstərişi ilə sərf olunmasına işarə edilmişdir. Təbii ki, Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) olmadığı vaxtda isə başqa Məsumlar (ələyhimussalam) bu vəzifəni öz öhdələrinə almışlar.

Bütün bu ayələr ümumilikdə xümsün vacib olmasına dəlalət edir. Bundan əlavə, Məsumlardan (ələyhimussalam) bizə yetişən onlarla hədislər də bu məsələnin vacibliyini subuta yetirir. Növbəti bəhsimiz həmin mövzuda, yəni xümsün Məsumların (ələyhissalam) rəvayətlərində araşdırılmasıdır.

Məsumlar xüms barəsində İmam Sadiq buyurmuşdur:

"İlk dəfə öz malının xümsünu çıxaran şəxs İbrahim peyğəmbər olmuşdur."

Xüms məsələsi İslamdan əvvəl də qanun kimi insanlar arasında icra olunurdu. İslam dini bir çox şeyləri cəmiyyətdə olduğu kimi saxlamış və müsəlmanların məsləhətinə xatir onları vacib etmişdir.

İslam Peyğəmbərindən (s) rəvayət olunur ki, Əli (ə)-a buyurur:

"Ey Əli! Əbdül-Mütəllib cahiliyyət dövründə beş şeyin əsasını qoymuş və İslam da onu təsdiqləmişdir;

Ataların arvadlarını övladlarına haram etmişdir; Xəzinə taparkən onun beşdən birini (xümsünu) çıxarıb vermişdir; Həccə gələnlərə yolda su paylamışdır; İnsanın qan bahasını yüz dəvə qərar vermişdir; Kəbəni yeddi dəfə təvaf etmişdir;"

Qeyd olundu ki, xüms ümumiyyətlə İmamın və seyyidlərin payıdır. Bu barədə İmam Sadiq buyurur:

"Qiyamət günü insanın ən çətin halı o vaxtdır ki, xüms sahibi (xümsü alan) Allah dərgahında dayanıb xümsün ona çatmamasından şikayətlənsin!"

İmam Sadiq xümsü verilməyən malın istifadəsi barəsində buyurur:

"Heç kəs xümsünu vermədiyi təqdirdə onu öz malına qatıb yeyə bilməz…."

İmam Baqir isə xüms barəsində belə buyurur:

"Bizim haqqımızı (xümsü) vermədiyi halda xümsü olan mal ilə bir şey almaq heç kəsə halal deyildir."

Nəhayət, həmin mövzuda İmam Zamandan xüms məsələsini aydın şəkildə bilib, lakin qəsdən onu verməyənlər barəsində belə bir hədis vardır:

"(Xümsü olan halda və xüms məsələsini billə-bilə) Bizim haqqımızı (halal sayıb, icazəmiz olmadan) öz mallarına qatıb yeyənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!"

Xüms məsələsi İslam Peyğəmbərinin (s) zamanından bəri olmuş və tarix boyu məsum İmamların vasitəsilə toplanaraq öz sahiblərinə çatdırılmışdır. İmam Zamanın qeybə çəkilmaəsindən sonra bu iş İmamın xüsusi vəkillərinə, daha sonra isə ədalətli din alimlərinə və müctehidlərə tapşırılmışdır.

Bütün bu rəvayətlər tam aşkarlığı ilə dəlalət edir ki, xüms heç bir şəkk-şübhə olmadan hər bir müsəlmana vacibdir. Doğrudur ola bilsin müəyyən şəraitə görə bəziləri bu vacib əməli yerinə yetirə bilməsin, lakin məsələni tam aydınlığı ilə dərk etdikdən sonra ona əməl etmək hər bir müsəlmanın borcudur. Bu işdən boyun qaçırmaq isə şeytanın tələsinə düşüb Qiyamət günündə Allah dərgahında üzü qara olmaq deməkdir.

Xümsün hesablanması

Xüms vacib olan şeylər Xümsa cəlb olunan gəlirlər aşağıdakılardan ibarətdir:

Mənfəət; Yəni, iş və ya ticarətlə əldə edilən mal; Mədən; Yəni, yerdən çıxan qiymətli şeylər, qızıl, gümüş və sair; Xəzinə; Yerdən, divardan, dağ və ya ağac kimi yerlərdən tapılan qiymətli mallar; Halal malla haram mal qarışarsa, onun xümsünu çıxarmaq lazımdır; Döyüş qənimətləri; Üzgüçülük vasitəsilə əldə edilən ləl-cəvahir; Zimmi kafirin müsəlmandan aldığı torpağın pulunda olan xüms.

Mənfəət Mənfəəti tərif etməkdən ötrü şəri kitablara müraciət etmək lazımdır. O cümlədən ayətullah Fazil Lənkərani öz risaləsində yazır:

"Əgər insan ticarətdən, sənətkarlıqdan, yaxud sair qazanc yerlərindən müəyyən qədər qazanc əldə etsə, …bu halda bu qazanc özünün və ailəsinin illik xərclərindən artıq qalsa, onda (həmin illik xərcdən artıq qalan pulun) xümsünu, yəni beşdən birini sonradan deyiləcək göstərişlərə əsasən verməlidir."

Deməli, mənfəət bilməliyik ki, qazancımız bir illik ailə xərcini ödədikdən sonra artıq qalsın. Həmin artıq qalan pula və ya mala mənfəət deyilir və xüms yalnız həmin mənfəətə düşür. Əlbəttə, xümsünu hər vaxt belə bir mənfəət ələ gətirdikdə, həmin an və yaxud gözləyib ilin axırında çıxara bilər. Bir şeyi də yadda saxlamaq lazımdır ki, mənfəətin haradan gəlməsinin də rolu vardır. Çünki bəzi mənfəətlər vardır ki, onlara xüms düşmür. Məsələn, qızın cehizi, hədiyyə və sair ki, sonradan müfəssəl şəkildə onlara işarə edəcəyik.

Adi halda mənfəət iki yolla – ya ticarət yolu, ya da adi işləmək yolu ilə ola bilər. Bunların hər birisinin də özünəməxsus hesablama tərzi vardır. Mənfəət barəsində aşağıdakı məsələlərə diqqət yetirilməlidir:

"Əgər qənaət etməklə müəyyən bir şey illik xərclərdən artıq qalarsa, (ilin axırında) onun da xümsü verilməlidir."

"Əgər bir kəsin xərclərini başqaları verirsə, əldə etdiyi bütün malın xümsünu verməlidir. Lakin onun müəyyən miqdarını ziyarətə və sair yerlərə xərcləsə bu vaxt yalnız yerdə qalanının xümsü verilməlidir"

"Tacir, qazanc əldə edən, sənətkar və sair kimi şəxslər işə başladığı vaxtdan bir il keçdikdə, illik xərclərdən artıq qalanın xümsünu verməlidirlər. Lakin peşəsi kəsb və ticarət olmayan bir kəs, təsadüfən müəyyən qədər mənfəət əldə edərsə, ondan bir il keçdikdən sonra illik xərclərindən artıq qalan hissəsinin xümsünu verməlidir."

"Əgər bir nəfər (illik xərclərindən artıq qalan) malın xümsünu verməsə, hətta sonradan xüms vermək niyyətində olsa da o maldan istifadə etməyə şəri cəhətdən ixtiyarı yoxdur."

"Əgər birisi bir nəfərlə şərik olsa, beləliklə onlardan biri xümsünu versə, digəri verməsə və sonrakı ildə xümsünu vermədiyi maldan şirkətin sərmayəsi üçün qoysa, heç biri o maldan istifadə edə bilməz."

Bütün müctehidlərin nəzərlərinə əsasən, bir malın xümsünun verilib-verilməməsində şəkk olunarsa, ondan istifadə etmək olar.

Bütün bu və onlarla xüms məsələləri ilə daha yaxından tanış olmaqdan ötrü müctehidlərin "şəriət məsələlərinin izahı" kitablarına müraciət etmək lazımdır.

Mədən Bəziləri mədən və qazıntı işləri ilə məşğul olur. Bu sahənin də özünəməxsus xümsü vardır. Belə şeylərin xümsünu çıxarmaqdan ötrü əvvəlcə bilmək lazımdır ki, yerdən çıxan hansı mədən qazıntılarına və hansı miqdara çatdıqda onlara xüms düşür:

"Əgər mədəndən qızıl, gümüş, bürünc, mis, dəmir, neft, daş kömür, füruzə, əqiq, mineral maddələr, duz və ümumiyyətlə "mədən qazıntıları" adlana bilən hər şey əldə olunsa, onlar nisab həddinə (yəni, müəyyən olunmuş həddə) çatanda xümsü verilməlidir."

Diqqət olunmalıdır ki, mədən qazıntılarının xümsü xüsusi şəraitlə vacibdir. Yəni, xüms o vaxt vacib olur ki, bu qazıntılara çəkilən bütün xərclər əvvəlcə ələ gələn dəyərdən çıxılır və yerdə qalan miqdar müəyyən olunmuş həddə çatarsa, onun beşdə biri xüms niyyəti ilə çıxarılır. Bu barədə yenə də aşağıdakı məsələlərə diqqət yetirilməlidir:

"Ehtiyata əsasən, mədəndən çıxarılan şeylərin nisabı (yəni, bütün çəkilən xərcləri çıxdıqdan sonra yerdə qalan miqdar ki, ona xüms düşür) 105 gümüş, yaxud 15 qızıl misqal (hər misqal 18 noxud) qədərdir."

Bu barədə daha çox məlumat almaqdan ötrü şəriət məsələlərinin izahlı kitablarına müraciət etmək lazımdır.

Xəzinə Ola bilər ki, hər hansı bir müsəlman hansısa bir yerdən elə bir xəzinə tapsın ki, pul və ya hər hansı qiymətli əşyalardan ibarət olsun. Belə olan halda, həmin müsəlmana vacibdir ki, əgər tapdığı xəzinə sonradan deyiləcək şəraitlə uyğun olarsa, onun xümsünu (beşdə birini) versin. İndi də xəzinənin şəri tərifi və hökmlərinə diqqət yetirək:

"Xəzinə o mala deyilir ki, yerdə, ağacda, dağda, divarda gizlədilmiş olsun və bir kəs də onu tapsın. Elə olmalıdır ki, ona xəzinə deyilsin."

"Xəzinənin nisabı (yəni, xüms düşən miqdarı) ehtiyata görə 105 misqal gümüş, yaxud 15 misqal (hər misqal 18 noxud) qızıl olmalıdır. Yəni, xəzinədən əldə edilən şeyin qiyməti, onu əldə etmək üçün sərf olunan xərcləri çıxdıqdan sonra 105 misqal gümüş sikkə, yaxud 15 misqal qızıl sikkəyə çatarsa vacib ehtiyata görə xümsü verilməlidir."

Harama qarışan halal mal Əgər halal mal haramla qatışarsa, belə ki, onların hər hansı tərəfini (haram və ya halalı) heç bir ünvanla müəyyən etmək mümkün olmazsa, o malın hamısının xümsü çıxarılmalıdır. İndi də bu barədə bir neçə şəri məsələyə diqqət yetirək: