2023 Qarabağ döyüşlərinə reaksiyalar — 2023-cü il 19–20 sentyabr tarixlərində arasında baş vermiş Qarabağ döyüşlərinə ölkədaxili və beynəlxalq reaksiyalardır.
Daxili
Azərbaycan tərəfi Azərbaycanın Xarici İşlər Nazirliyi sentyabrın 19-da Xocavənddə mina terroru nəticəsində dinc şəxslərin və Daxili İşlər Nazirliyinin polislərinin ölümü barədə açıqlama vermişdir. Açıqlamada "bölgədə sülhün təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatları və törətdiyi terror hadisələrini qətiyyətlə pislənməli və onların qarşısı alınmalı" olduğu qeyd edilmiş və 2020-ci ildən indiyə qədər ümumi olaraq mina qurbanlarının sayının 314 nəfərə çatdığı, onlardan 61 nəfərin həyatını itirdiyi vurğulanmışdır.
Xarici İşlər Nazirliyi gün ərzində verdiyi növbəti bəyanatında "bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolunun erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılması" olduğunu bildirmişdir.
Sentyabrın 19-da axşam saatlarında Azərbaycan Prezidentinin Administrasiyası bəyanat yayaraq Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni insanların nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu, antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejimin isə özünü buraxmalı olduğu bildirimişdir.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun müsahibəsi zamanı "Qarabağda olan qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhdid törətdiyini, üç ilə yaxındır həmin ərazidə 10 minə yaxın qeyri-qanuni silahlısının mövcud olduğunu" bildirmişdir.
Azərbaycanın İnsan hüquqları üzrə ombudsmanı Səbinə Əliyeva sentyabrın 19-da bəyanat yayaraq "Azərbaycan tərəfinin işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın bu xəritələri təhvil verməməsinin bu dövlətin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüququn normalarına etinasız münasibətini bir daha sübut etdiyini" bildirmişdir.
Azərbaycan Milli Məclisinin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Azay Quliyev hadisələri şərh edən zaman Azərbaycanın əsas hədəfiniz qanunsuz hərbi birləşmələrin Qarabağdan çıxarılması, orada yaşayan erməni əhalinin siyahıya alınması və reinteqrasiya prosesini başlamaq üçün lazımi digər addımların atılması olduğunu qeyd eləmişdir. Azərbaycan Milli Məclisinin deputatlarından Səttar Möhbalıyev "antiterror tədbirlərinin Azərbaycanın tam suveren haqqı" olduğunu qeyd eləmişdir, Aydın Mirzəzadə "antiterror tədbirlərinin məqsədinin Qarabağda olan erməni hərbi hədəflərinin sıradan çıxarılması" olduğunu, Soltan Məmmədov isə "heç bir dövlətin öz ərazisində qanunsuz silahlı birləşmələrin mövcudluğu ilə razılaşa bilməyəcəyini" vurğulamışdır. Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Rəşad Mahmudov hadisələrlə bağlı "bölgə terrorçu hərbi birləşmələrdən təmizlənmədən nə quruculuq prosesi, nə də sülh ola bilməz" şərhini vermişdir.
Qərbi Azərbaycan İcması sentyabrın 19-da bəyanat yayaraq "Ermənistan iqtidarının beynəlxalq hüquqa əməl etməli, öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalı, qanunsuz erməni silahlı dəstələri tərsilah edilməli və xunta rejimi ləğv olunmalı." olduğunu bildirmişdir.
Sentyabrın 19-da Azərbaycanda fəaliyyət göstərən 23 siyasi partiya birgə bəyanat imzalamışdır. Bəyanatda siyasi partiyaların "Azərbaycan prezidenti İlham Əliyevə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması üçün aparılan siyasətə və verdiyi hərbi əmrə dəstəyi, onun ətrafında sıx birləşmələri" ifadə olunmuşdur. Bəyanatı üç siyasi partiya — Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və REAL Partiyası imzalamamışdır. Bununla belə Arif Hacılı (Müsavat Partiyası sədri) və İlqar Məmmədov (REAL Partiyası sədri) özlərinin rəsmi sosial media hesablarında hərbi əməliyyatlara dəstəyini ifadə eləmişdir. AXCP sədri Əli Kərimli isə dövlət rəhbərliyini bu antiterror əməliyyatlardan yayınmağa çağırmış və bunun Üçüncü Qarabağ müharibəsinə yol aça biləcəyini vurğulamışdır.
thumb|368x368px|alt=|İlham Əliyev xalqa müraciəti zamanı görülən tədbirlər nəticəsində Azərbaycanın öz suverenliyini bərpa etdiyini qeyd eləmişdir Sentyabrın 20-də Azərbaycanın Xarici İşlər Nazirliyində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Fariz Rzayev və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri Elçin Əmirbəyov birdə brifinqi baş tutmuşur. Brifinq zamanı Hikmət Hacıyev "Qarabağın erməni əhalisinin sosial-iqtisadi inteqrasiyası Azərbaycanın daxili məsələsi" olduğunu və "Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının tərəfdarı" olduğunu bildirmişdir. Fariz Rzayev Azərbaycanın antiterror tədbirləri aparmağa məcbur olduğunu qeyd eləmişdir. Elçin Əmirbəyov isə "Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq istəyənlərin qərəzli yanaşmalardan uzaq durmalı" olduğunu vurğulamışdır.
Sentyabrın 20-də, axşam saat 20:30 radələrində Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti yayımlanmışdır. Müraciəti zamanı o, əvvəlcə İkinci Qarabağ müharibəsindən sonra 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olduğunu qeyd eləmişdir. Hərbi əməliyyatlarla bağlı İlham Əliyev əvvəlcə görülən tədbirlər nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdiyini qeyd eləmişdir və özü tərəfindən hərbi birləşmələrə Qarabağda dinc əhalinin qorunmalı olması ilə bağlı ciddi tapşırıq verdiyini qeyd eləmişdir. Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun şəxsi heyəti sırasından ölən və yaralananların olduğunu bildirən İlham Əliyev erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesinə artıq başlandığını bildirmişdir. Ardınca "Qarabağın Azərbaycan ərazisi olduğunu və bunu bütün dünyanın tanıdığını" qeyd edən İlham Əliyev bölgədə yeni vəziyyətin yaranmasının labüd olduğunu və Qarabağda yaşayan erməni əhalisinin ən qısa müddətdə yaxşılığa doğru dönüşünü görəcəyinə əminliyini vurğulamışdır.
Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev hərbi əməliyyatları şərh edən zaman bunları bildirdi:
Ermənistan və Dağlıq Qarabağ tərəfi Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın 19-da hadisələri şərh edən zaman Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatların başlanması ilə bağlı Rusiya Federasiyasına rəsmi məlumat verməsinin və rusiyalı tərəfdaşlardan İrəvana bu barədə məlumatın verilməməsinin qəribə olduğunu bildirdi. Həmçinin Paşinyan hərbi əməliyyatların olmasından istifadə edib legitim iqtidarı yıxmağa çağırışlarla bağlı vətəndaşlara müraciət etdi və bu avantürislərə uymamağa səslədi.
Ermənistan Xarici İşlər Nazirliyi sentyabrın 19-da baş verən hadisələrlə bağlı bəyanat yaydı. Bəyanatda Azərbaycan tərəfinin təqdim etdiyi tezislərin (DQR Müdafiə Ordusunun ləğvi, Artsaxın dövlət qurumlarının ləğv edilməsi) regionda yeni hərbi əməliyyatlara, Dağlıq Qarabağda təmizləməyə hazırlıqlara bənzədiyini vurğulandı. XİN Azərbaycanın Dağlıq Qarabağ xalqına qarşı növbəti genişmiqyaslı təcavüzə başladığını bildirdi və Azərbaycanın cəzasızlıq hissini rəhbər tutaraq açıq formada təcavüzə görə məsuliyyəti öz üzərinə götürdüyüdə qeyd edildi.
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün X bloqunda Azərbaycanın daha bir hərbi cinayət törətdiyini, dinc əhalini, müdafiəsiz insanları qətlə yetirdiyini bildirdi. O, həmçinin Azərbaycanın Artsaxa qarşı apardığı və Müdafiə Nazirliyinin "antiterror tədbirləri" adlandırdığı genişmiqyaslı hərbi əməliyyatlar zamanı şəhər və yaşayış məntəqələrinin intensiv atəşə tutulduğunu bildirdi.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyev BMT TŞ-nın sentyabrın 21-də baş tutan iclası zamanı "artıq münaqişənin tərəflərinin olmadığını, müharibəni törədənlərin və müharibənin qurbanlarının olduğunu" bildirdi.
Ermənistanın insan hüquqları üzrə ombudsmanı Anahit Manasyan sentyabrın 19-da bəyanatla çıxış etdi. Azərbaycan silahlı qüvvələrinin dinc əhalinin yaşayış məntəqələrinə qarşı törətdiyi hərbi təcavüzü müasir insan hüquqlarının müdafiəsi sisteminin əsası olan bütün dəyərlərin pozulması olaraq adlandırdı. O, beynəlxalq ictimaiyyəti və insan hüquqlarını müdafiə eləməyə və səlahiyyəti olan şəxslərin təcili addımlar atmağa çağırdı.
Ermənistan Parlamentinin deputatı Tiqran Abramyan hadisələri şərh edən zaman Paşinyanın Artsax iqtidarına "zərbələr" endirməsi üçün öz resurslarından istifadə etdiyini bildirdi. Parlamentin "Ermənistan" qrupundan olan deputatı Armen Rüstəmyan isə Ermənistan iqtidarının Artsaxı Azərbaycan ərazisi olaraq tanımaq siyasəti məhvə gətirib çıxardığını bildirdi.
Dağlıq Qarabağın insan hüquqları üzrə ombudsmanı Geğam Stepanyan hadisələri soyqırım adlandırdı.
Beynəlxalq
BMT, Avropa Şurası, ATƏT və qərb təsisatları
BMT TŞ: Sentyabrın 21-də BMT TŞ-da Azərbaycanla bağlı dinləmələr baş tutdu. Dinləmələr zamanı Almaniya, Fransa və Malta Ermənistana, Türkiyə isə Azərbaycana dəstəyini ifadə etdi. BƏƏ, Çin və Rusiya isə neytral mövqe nümayiş etdi. İclasda çıxış edən Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri Əhməd Əli Əl-Sayeğ "BƏƏ-nin Rusiyanın vasitəçiliyi ilə dünən regionda əldə edilmiş razılığı alqışladığını və bunun bütün maraqlı tərəflərin hərbi əməliyyatlar yolunu tutmamaq qərarına gəldiyini təsdiq etdiyini" bildirdi və "bu gün Azərbaycanın Yevlax şəhərində Qarabağın erməni əhalisi ilə baş tutan görüşünün və mübahisələrin nizamlanmasına yardım edəcəyinə ümidvar" olduğunu vurğulandı Rusiyanın BMT yanında daimi nümayəndəsinin birinci müavini Dmitri Polyansi isə Rusiyanın Azərbaycan tərəfinin sülhməramlıların ölümünün araşdırılması ilə bağlı bəyanatını nəzərə aldığını bildirdi. Çinin BMT-də daimi nümayəndəsinin müavini Qen Şuan "Ermənistan və Azərbaycan arasında dialoqun beynəlxalq sabitliyin maraqlarına uyğun" olduğunu bildirdi. O, həmçinin Ermənistan və Azərbaycanın qonşu olduğunu və bir-birindən qaçmayaraq dialoq aparmağın vacibliyini vurğuladı. Türkiyənin BMT-də nümayəndəsi Burah Ağçapar isə "Azərbaycanın antiterror tədbirləri aparmasından başqa yolunun qalmadığını" qeyd etdi və Azərbaycana dəstədiyini bildirdi. Almaniyanın xarici işlər naziri Annalena Berbo isə çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin şübhə altına alınmamalı olduğunu bildirdi, ardınca isə Azərbaycanın Qarabağda yaşayan hər uşaq, hər insan qarşısında məsuliyyət daşıdığını qeyd etdi. Fransa xarici işlər naziri Katrin Kalonna isə çıxışı zamanı Azərbaycanın bu hərbi əməliyyatları əvvəlcədən planlamadığının inandırıcı olmadığını bildirdi və Azərbaycanın ərazi bütövlüyününün mübahisə mövzusu olmadığını, amma Azərbaycanın Qarabağın erməni əhalisinin öz yurdunda hüquqlarına, tarixinə və mədəniyyətinə hörmət mühitində yaşamalı olduğunu vurğuladı. Birləşmiş Ştatların BMT-də səfiri Linda Tomas-Qrinfild isə Azərbaycanın öz silahlı qüvvələrini beynəlxalq hüquq normalarına ciddi riayət etməyə borclu olduğunu qeyd etdi. İclasın sonunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyev çıxış etdi.