Naxçıvan Duz Muzeyi – Azərbaycanın Naxçıvan şəhərində yerləşən muzey. Muzey Naxçıvan duzunun tarixinə həsr olunmuşdu. Muzey 2025-ci ilin noyabrında ləğv olunmuşdur.
Tarixi Naxçıvan Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli sərəncamına əsasən yaradılmışdır. Muzeyin açılışı 25 aprel 2018-ci ildə "Duzdağ" hotelində baş tutmuşdur. Açılışda Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov iştirak etmişdir.
Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixi əhəmiyyətini tanıtmaq və aparılmış elmi tədqiqat işlərini sistemləşdirmək idi. Belə ki, Naxçıvanda şəhər mədəniyyətinin əsasını duzçıxarma və duz mədənçiliyi təşkil etmişdir. Muzey 2025-ci ilin noyabrında ləğv olunmuş, ləğv barədə qərarın iki ay ərzində icra ediləcəyi bildirilmişdir.
Xüsusiyyətlər Muzey ekspozisiya zalı və iş otaqlarından ibarət idi. Muzey fəaliyyətinə 81 eksponatla başlasa da, bu rəqəm 104-ə çatmışdır. Burada duzdan hazırlanmış müxtəlif fiqurlar, Duzdağ haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, "Duzdağ" sənədlər toplusu nümayiş olunurdu. Muzeydə duzçıxarma və duz mədənçiliyində istifadə olunmuş daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları, duz kristalları, duz süxurları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar sərgilənirdi. Eksponatlara arxeoloji qazıntılar nəticəsində tapılmış Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatları da daxil idi.
Muzeyin mərkəzində Nuh peyğəmbərin heykəli qoyulmuşdu. Belə ki, yerli əfsanələrdə Nuh peyğəmbərin Naxçıvanda duz mədənində ilk çalışanlar biri olduğu və şəhər əhalisinə duz çıxartmağı öyrətdiyi qeyd olunur. Muzeydə duzla bağlı şifahi xalq ədəbiyyatı nümunələri nümayiş olunurdu. Duzdan hazırlanmış və üzərində "Məhəmməd və Əli" sözləri yazılmış Quran kitabı, daşduzdan hazırlanmış əl işləri, Azərbaycan bayrağının duzdan hazırlanmış maketi, Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı duzdan hazırlanmış loqo muzey eksponatları arasında idi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Naxçıvan muzeyləri Kateqoriya:Duz muzeyləri Kateqoriya:Azərbaycandakı qida muzeyləri Kateqoriya:2017-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycandakı keçmiş muzeylər