Qarabağda döyüşlər — 19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı. Münaqişə Azərbaycan silahlı qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılıdı. Azərbaycanın Müdafiə Nazirliyinin "Antiterror əməliyyatı" adı verdiyi silahlı toqquşmadan bir neçə saat əvvəl Xocavənd rayonu ərazisində mina partlayışları oldu və nəticədə Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 9 nəfər həyatını itirdi. Ermənistan rəsmiləri bunu "Azərbaycanın ermənilərə qarşı təcavüzü" adlandırdı.
23 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Razılığa əsasən Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərindən çıxmalı, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, paralel formada bütün silah-sursat təhvil verilməli və bütün bu proseslər Rusiya Sülhməramlı Kontingenti ilə əlaqələndirilmiş formada aparılması təmin edilməlidir. Həmçinin sentyabrın 21-də Qarabağın erməni əhalisinin nümayəndələri ilə Yevlaxda görüşün baş tutacağı da qeyd edildi.
Hərbi əməliyyatlar zamanı regionda 400-dən çox şəxs həyatını itirdi. Rəsmi olaraq Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusunu həyatını itirdi, 511 hərbi qulluqçusu isə yaralandı. Erməni silahlı dəstələrinin ölüləri barədə dəqiq say açıqlamasa da, qondarma rejimin "ombudsmanı" Geğam Stepanyan 200-dən çox hərbçinin öldüyünü bildirdi. Hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfdən dinc insanlar da həyatını itirdi — 1 ölü və 2 yaralı.
Zəmin
1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşdü, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürüldü, mindən çox insan itkin düşdü.
1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2020-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir.
2020-ci ilin sentyabr–noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar nəticəsində 26 ildən çox dondurulmuş olan münaqişə yenidən alovlanmışdır. 44 gün ərzində Azərbaycan Ordusu yeddi bölgəni – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir. Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatmışdır.
Bununla belə müharibədən sonra Azərbaycan–Ermənistan sərhədində böhran başlamışdır. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra əl qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir və ümumi olaraq həm Azərbaycan, həm də Ermənistan tərəfdən 300-dən çox insanın ölümünə səbəb oldu. 2023-cü ildə isə tərəflər əvvəlcə martda Şuşa istiqamətində, sonra isə apreldə və mayda sərhəd istiqamətində toqquşdu.
Üçtərəfli bəyanatda Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq öhdəliyini öz üzərinə götürmüşdü. Lakin Ermənistan xüsusilə 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə daşıyıb, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırıb. Bundan başqa Ermənistan ərazidə hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirib.
2023-cü il aprelin 23-də Azərbaycanın Dövlət Sərhəd Xidməti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın–Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq aprelin 23-ü saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında "Laçın" Nəzarət-Buraxılış Məntəqəsinin qurulduğunu bildirmişdir.
19 sentyabr mina partlayışları Azərbaycanın Daxili İşlər Nazirliyi sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verdiyini bildirmişdir. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumatına əsasən avtomobilinin aşması nəticəsində DİN-in 3 polisi hadisə yerində həyatını itirmiş, 6 polis isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Gecənin növbəti saatlarında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti sentyabrın 19-da saat 04:00 radələrində Xocavənd rayonu ərazisində avtomobilinin minaya düşməsi barədə məlumat vermişdir. Məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus "Hovo" avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həyatını itirmişdir. Hadisə zamanı həyatını itirənlərin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) 43 saylı idarəsinin işçiləri olan şəxslər 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 21.11.1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olundu. Hadisə yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində baş vermişdi.
thumb|338x338px|alt=|Xocavənd rayonu ərazisində minaya düşən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus Hovo avtomobili mina partlayışından sonra Səhər saatlarında Azərbaycanın Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatla çıxış eləmişdir. Məlumatda sentyabrın 19-da Daxili İşlər Nazirliyinin (DİN) polislərinin olduğu "KamAZ" nəqliyyat vasitəsinin həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunda, 58-ci Kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) işçilərinin öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində olan zaman saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd yaşayış məntəqəsinin ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşməsi nəticəsində partlamış olduğu qeyd edilmişdir. Hadisə zamanı Daxili İşlər Nazirliyinin (DİN) polisləri olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həyatını itirmişdir.
Həmçinin Azərbaycanın Müdafiə Nazirliyi sentyabrın 18-də saat 23:50 radələrində Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri ordunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğunu bildirmişdir. Məlumatda bölmələr tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görüldüyü də qeyd edilmişdir.
Hadisələr
19 sentyabr Azərbaycanın Müdafiə Nazirliyi sentyabrın 19-da saat 02:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Krasnoselo rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovo yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutulduğunu bildirmişdir. Məlumatda bölmələr tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görüldüyü də qeyd edilmişdir. Azərbaycanın Müdafiə Nazirliyi növbəti məlumatında isə Azərbaycanın hava sahəsindən uçuşlar yerinə yetirən sərnişin təyyarələrinin GPS naviqasiya sistemlərinə qarşı Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə olan qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edildiyi bildirilmişdir. Məlumata əsasən sentyabrın 18-i Tbilisi-Bakı marşrutu üzrə uçuş yerinə yetirən "Azərbaycan Hava Yolları"nın E-190 tipli sərnişin təyyarəsinə saat 20:28-dən 20:34-ə qədər radiomaneələrin tətbiqi nəticəsində GPS naviqasiya sistemlərində fasilə yaranmışdır.
Daha sonra Azərbaycanın Müdafiə Nazirliyi sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulduğunu, nəticədə Azərbaycan Ordusunun 2 hərbi qulluqçunun yaralandığı bildirilmişdir.
Saat 13:00-da isə Azərbaycanın Müdafiə Nazirliyi bəyanat yayaraq Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda antiterror tədbirlərinə başladığını bildirmişdir. Bəyanatda "Azərbaycan Müdafiə Nazirliyinin dəfələrlə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsində olan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh üçün ciddi təhdid mənbəyi" olduğu qeyd edilmişdir. Elə həmin dəqiqələrdə Müdafiə Nazirliyi növbəti məlumatında Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin artilleriya qurğularından atəşə tutulduğunu bildirmişdir.
Döyüşlərin intensiv olduğu saatlarda Azərbaycanın Müdafiə Nazirliyi bəyanat yayaraq dinc əhalinin hədəf alınmadığını və dəqiq silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarıldığı qeyd eləmişdir. Həmçinin Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq, ərazidə olan dinc əhalini hərbi hədəflərdən uzaq durmağa çağırmışdır. Həmin gün baş brifinq zamanı Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov son bir neçə ayda Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasının gərginliyin artmasına səbəb olduğunu bildirmişdir və hərbi əməliyyatlardan əvvəl Rusiya Sülhməramlı Kontingentinin Komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin məlumatlandırıldığını bildirmişdir. Həmçinin brifinqdə hərbi əməliyyatların birinci günündə Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyinin nəzarət altına alındığı, 90-dan çox hərbi təyinatlı avtomobil, artilleriya qurğusu, minaatan və hərbi təyinatlı digər vasitələri zərərsizləşdirildiyini bildirilmişdir.
20 sentyabr