Rza Vasif oğlu Talıbov () — Azərbaycan məmuru, sahibkar, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti, Şota Rustaveli adına Batumi Dövlət Universitetinin fəxri doktoru.

Həyatı Rza Talıbov 10 may 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1999-cu ildə Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbini bitirmişdir. 2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirmişdir.

2003–2004-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir.

2007-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində referent vəzifəsində işə başlamışdır.

2009-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının qərarı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

2010-cu ildə öz arzusu ilə Xarici İşlər Nazirliyindən ayrılaraq, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi çalışmağa başlamışdır.

2013-cü ildə Böyük Britaniyanın Oksford Universiteti, Gücləndirilmiş İdarəetmə proqramını bitirmişdir. 2014-cü ildə Böyük Britaniyanın magistr dərəcəsinə layiq görülmüşdür.

2015-ci ildə dosent elmi adını almışdır. Həmin ildən Dövlət Miqrasiya Xidmətində fəaliyyətə başlamış və hazırda Vətəndaşlıq məsələləri Baş idarəsinin rəisi vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2018-ci il tarixli fərmanı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir. Ehtiyatda olan polkovnikdir.

Ailəsi Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğludur.

Azərbaycan siyasətçisi Seymur Talıbovun böyük qardaşıdır.

Ailəlidir, 3 övladı var.

Elmi fəaliyyəti Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosentidir. Böyük Britaniyanın Oksford Universiteti, Gücləndirilmiş İdarəetmə proqramını bitirib. Böyük Britaniyanın magistridir. Batumi Dövlət Universitetinin fəxri doktorudur.

Bir çox elmi məqalənin və bir neçə kitabın müəllifidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 aprel 2015-ci il tarixli 459 nömrəli əmri ilə "Asiya ölkələri beynəlxalq münasibətlər sistemində" adlı kitabı Ali məktəblər üçün dərslik kimi təsdiq edilmişdir.

"Ermənilərin Dağlıq Qarabağla bağlı iddialarının heç bir hüquqi əsəsı yoxdur" (Azərbaycan, ingilis və rus dillərində, Bakı, 2005); "Япoно-Азербайджанское сотрудничество на современном этапе" (Баку, 2005); "Azərbaycan-Yaponiya əməkdaşlığı" (Azərbaycan, ingilis və rus dillərində, Bakı, 2009); "Asiya ölkələri beynəlxalq münasibətlər sistemində" (Azərbaycan və rus dillərində, Bakı, 2015; gürcü dilində, Tbilisi, 2017);

Sahibkarlıq fəaliyyəti 2023-cü ilə qədər Azərbaycanın və Naxçıvanın ən böyük holdinqlərindən biri olan Gəmiqaya Holdinqin (daha sonra adı Arkoz Holdinq olaraq dəyişdirilib) rəhbəri olub.

OCCRP-nin 2022-ci il araşdırmasına görə, Rza və qardaşı Seymur Talıbovların bank hesablarına 2007–2012-ci illərdə ofşor şirkətlər Murova Systems və Continus Corporation-dan ümumilikdə 20,5 milyon ABŞ dolları məbləğində yüzdən çox köçürmə daxil olub. OCCRP həmin şirkətlərin daha əvvəl müəyyən edilmiş "Azərbaycan" və "Troika" Laundromatları ilə əlaqəli olduğunu və Bosniya prokurorlarının onları çirkli pulların yuyulması vasitələri kimi müəyyən etdiyini yazıb. Araşdırmada həmçinin qeyd olunur ki, Talıbovlar növbəti illərdə Gürcüstan və BƏƏ-də ümumi dəyəri təxminən 63 milyon ABŞ dolları olan daşınmaz əmlak satın alıblar.

Mükafatları 19 mart 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 079 nömrəli əmri ilə "Hərbi Əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edilmişdir. 12 may 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 048-t nömrəli əmri ilə "Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə görə" medalı ilə təltif olunmuşdur. 29 iyun 2018-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər nazirinin Ə535 nömrəli əmri ilə "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. 16 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0228-t nömrəli əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunmuşdur. 9 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Xarici İşlər nazirinin S/01–19 nömrəli əmri ilə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. 21 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin 287 ş/h nömrəli əmri ilə "Hərbi Vətənpərvərlik Tərbiyəsində Xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir. 17 mart 2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 94 nömrəli əmri ilə "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Talıbovlar