Küləklər şəhəri – Azərbaycanın paytaxtı Bakı şəhərinə verilən ləqəb. Şəhərdə tez-tez əsən güclü küləklər bu ləqəbin yaranmasına gətirib çıxarmışdır. "Bakı" adının etimologiyası ilə bağlı iddialardan biri fars dilində "külək döyən" mənasını verən "Badkubə" sözündən yaranmasıdır.
Arxa plan Bakı şəhəri Xəzər dənizinin qərbində, şimal küləklərinin daim döyəclədiyi yerdə yerləşir. Şəhərdə xəzri adlandırılan şimal küləyi və gilavar adlandırılan cənub küləyi əsir. Əbdürrəşid Bakuvi Bakı şəhərini küləkli şəhər kimi təsvir etmiş, hətta külək əsən zaman at və qoyunların öz yerində dayana bilmədiklərini bildirmişdir. 1826-cı ildə Bakıda olmuş səyyah Zeynalabdin Şirvani şəhərin Badkubə də adlandırıldığını, çünki burada güclü küləklərin əsdiyini qeyd etmişdir.
Populyar mədəniyyətdə Rus dramaturq Vladimir Kirşon tərəfindən 1929-cu ildə yazılmış 26 Bakı komissarından bəhs edən pyes "Küləklər şəhəri" () adlanır. 1928-ci və 1967-ci ildə çəkilmiş, Bakı şəhərinin tarixindən bəhs edən iki sənədli film "Küləklər şəhəri" adını daşıyır. Eston yazıçı Kersti Kivirüüt tərəfindən yazılmış "Küləklər şəhəri" romanı sovet hakimiyyətinin qurulması ərəfəsində Bakıda yaşayan əcnəbilərin həyatından bəhs edir. 2011-ci ildə Xəzər TV-də "Küləklər şəhəri" serialı yayımlanmışdır.
2016-cı ildən təşkil olunan Bakı Marafonunun şüarı "Küləyə qalib gəl"dir.
İstinadlar
Kateqoriya:Bakı mədəniyyəti Kateqoriya:Şəhər ləqəbləri Kateqoriya:Mədəniyyətdə külək