Calut — Azərbaycan Respublikasının Oğuz rayonunun Calut kənd inzibati ərazi dairəsində kənd. Rayonun mərkəzindən 6 km qərbdə, Oğuz–Şəki şose yolunun sağında, Baş Qafqazın ətəyindədir.

Tarixi Calut kəndi Qafqaz Albaniyası dövlətinin (E.ə. IV əsr – E. VII əsri) ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Burada hazırda qədim və orta əsrlərə aid arxeololi və memarlıq abidələrindən Alban kilsəsinin, Alban pirinin, qədim yaşayış yerinin, Alban nekropolunun qalıqları durur ki, bunlar da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi qərarı ilə ölkə və yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmişdir.

1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Calut kəndində 232 təsərrüfatda 1048 nəfər əhali yaşayırdı ki, onların da 542 nəfərini kişilər, 506 nəfərini isə qadınlar təşkil edirdi.Z. Cavadova. Şimal-Qərbi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası (XIX əsrin əvvəlləri — 70-ci illəri) Bakı,2002, səh.51

Etimologiyası Tarixi mənbələrdə (Musa Kalankaytuklu, Fəridə Məmmədova, Qiyasəddin Qeybullayev, Tofiq Məmmədov, Mahmud İsmayılov və başqalarının əsərləri) qeyd olunan 26 alban tayfasından biri türkdilli çullar (çol–çal) olmuşdur. Çul tayfası Qafqaz Albaniyasının (bugünkü Azərbaycan Respublikası) şimal–şərqində yaşamışdır. Eramızın ilk əsrlərində Dərbənddən cənubda bir şəhər Çol–Çul–Çala adı ilə məlumdur. "Çul" etnonimi öz varlığını bu gün Azərbaycanda mövcud olan Çullu (Ağdam, Cəbrayıl), Çorbinə (Balakən), Tahirçal (Qusar), Çallı (Zərdab) və s. kəndlərin adında saxlamışdır. Oğuzdakı Calut da (əvvəllər Calud, Çalud, Çalut da deyilib) həmin kəndlərdən biridir. Burada "çul"–"çal"a (çul–çal–cal) çevrilmişdir. "Cal" (çal)– "böyük, başçı" anlamındadırQ. Qeybullayev, adı çəkilən əsəri, səh. 62 "ud" (ut–it–üt) isə cəmlik bildirən şəkilçidirQ. Qeybullayev, adı çəkilən əsəri, səh. 68 Deməli, "Calut" (Calud, Çalud, Çalut) toponimi "ucada duranlar, böyüklər, başçılar, ulular" anlamını daşıyır. Caluq variantında da qeydə alınmışdır. Cal/cil Azərbaycanda "sucaq yer", "otlu bataqlıq", "çay qollarının birləşdiyi yer"ə deyilir. Toponim coğrafi obyektin landŞaftı haqqında məlumat verir"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 166.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1016 nəfər yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 Əhalisi əkinçilik, bağçılıq, heyvandarlıq və tərəvəzçiliklə məşğuldur.

Kənddə orta məktəb, uşaq bağçası, klub, kitabxana, poçt, 100 yerlik ATS, tibb məntəqəsi var.

İstinadlar

Kateqoriya:Oğuz rayonunun kəndləri

Xarici keçidlər

Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti

Həmçinin bax Oğuz rayonu