Hüseyn Cavid (doğum adı: Hüseyn Abdulla oğlu Rasizadə; ) — Azərbaycan şairi, yazıçı və dramaturq. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid milli romantik şeirin və mənzum faciənin banisidir.
İbtidai təhsilini Naxçıvan molla məktəbində, orta təhsilini M. T. Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. 1899–1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.
Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır.
1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlər yazır. 1920–1930-cu illərdə Hüseyn Cavid "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi bir sıra tarixi dramlar yazmışdır.
1938-ci ildə həbs olunaraq "əks-inqilabi əlaqələr saxlamaq", "bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq", "öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək" kimi ittihamlarla günahlandırılıb. 9 iyun 1939-cu ildə şair 8 il islah əmək düşərgəsinə məhkum edilir. O, 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonununda dünyasını dəyişib. Ölümündən sonra 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət alır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Hüseyn Cavid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Həyatı və təhsili Hüseyn Cavid 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində ruhani ailəsində anadan olub. Atası Abdulla 1877-ci ildə Naxçıvana Şahtaxtı kəndindən gəlib. Hüseyn Cavid beş il Naxçıvanda molla məktəbində ibtidai təhsil aldıqdan sonra orta təhsilini Qurbanəli Şərifovun məsləhəti ilə atasından gizlin Məhəmməd Tağı Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. 1899–1903-cü illərdə Cənubi Azərbaycanda qardaşının yanında olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. O, burada ərəb və fars dillərinə yiyələnmişdir. Daha sonra ağır göz xəstəliyinə görə təhsilini dayandırmış və ticarətlə məşğul olmuşdur. Daha sonra Təbrizdən Urmiyaya getmiş, 1904-cü ilin may ayına qədər orada yaşamışdır. 1904-cü ildə Gürcüstana gedib orada yol tikintisi ilə məşğul olan şirkətdə mühasib olaraq işləməyə başlayır. 1906-cı ildə qardaşı Məhəmməd onu İstanbula təhsil almağa göndərir.
Fəaliyyəti İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.
Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.
Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Ana" pyesi H. Cavidin dramatik növdə yazdığı ilk əsəridir. Əsərdəki hadisələr Dağıstanda cərəyan edir.
"Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına gəlib çıxmışdır.
Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində yazıçı müharibələri pisləyir, müharibənin ağır nəticələrini açıb-göstərir.
1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıtdı.
20–30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.
Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor Neyzən" poeması, 1930).
Yaradıcılığı
Şeirləri 200px|thumb|right|Hüseyn Cavidin "Azər" poeması (1937) Hüseyn Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir.
İdealla varlıq arasındakı ziddiyyət, ideal həqiqət axtarıcılığına istiqamətlənən xəyallardan yaranan lirik-fəlsəfi düşüncələr Cavid şeirinin başlıca məzmununu təyin edir. Şairin lirik "mən"i qayğılı, narahat düşüncələr və zəngin xəyallarla yaşayan filosof xarakterli aşiqdir:
Xəyal!.. Əvət, yaşadan yalnız əhli-halı odur, Yaşarsa bir könül, az-çox xəyal içində yaşar.
H. Cavid bədii yaradıcılığa klassik lirika üslubunda yazılmış qəzəllərlə başladığı üçün ədəbi fəaliyyətinin birinci dövründəki şeirlərinin dilində ərəb-fars tərkiblərinə rast gəlinir, lakin belə ifadələr əsasən lirikada əsrlərdən bəri qanuniləşən "qəmi-hicran", "zülfü-yar", "əhli-dərd", "zənciri-zülf", kimi anlaşıqlı təsvir vasitələrindən ibarətdir:
Məndən fələk ayırdı vəfapişə yarımı, Tar etdi zülfi-yar kimi ruzigarımı.
Səbrim tükəndi, yox qəmi-hicranə taqətim, Hicri-nigar əlimdən alıb ixtiyarımı.
Bir əhli-dərd yoxdu bu viranə şəhərdə, Tainki şərh edəm ona mən qəlbi-zarımı.
…Hər kəs ki, Salika, çəkib eşqin bəlasını – Mən eyləməz görəndə mənim ah-zarımı.
Sonrakı illərdə İstanbulda təhsil alması, türk poeziyasını dərindən öyrənməsi onun şeir dilində Anadolu şivəsinə məxsus ifadələrin fəallığını bir qədər artırmışdır. Şairin təhsil illəri zamanı qələmə aldığı "Rəqs", "Pəmbə çarşav", "Uyuyur", "Ah yalnız sən" və s. şeirləri də və 1913-cü ildə Tiflisdə nəşr olunan "Keçmiş günlər" şeir Kitabında toplanan digər nümunələrdə Anadolu şivəsinin müəyyən əlamətləri nəzər çarpır, lakin İstanbul mühitində ayrıldıqdan sonra şairin əsərlərində Anadolu şivəsinə məxsus əlamətlər get-gedə azalmış, nəhayət, davamlı bir prosesdən sonra təxminən aradan qalxmışdır.
H. Cavidin şeir yaradıcılığının ilk mərhələsində janr baxımından ənənəvi iki üslubluluq özünü göstərir. Şair həmin illərdə həm klassik lirika üslubunda qəzəllər, həm də xalq-aşıq şeiri ruhunda qoşma və gəraylılar yazmışdır. Bu dövrün məhsulu olan "Get", "Könlümü" rədifli şeirlər, habelə "Hər yer səfalı, nəşəli" şeiri qəzəl formasında, "Xuraman-xuraman" şeiri isə qoşma formasındadır. "Rəqs", "Uyuyur" və s. şeirlərdə müxəmməs və müsəddəslərin müəyyən əlamətləri müşahidə olunur. Bədii yaradıcılığın başlanğıc mərhələsinə xas olan həmin cəhət sənətkarın fərdi üslub axtarışları dövrü üçün səciyyəvi hal hesab oluna bilər. Çünki elə ilk yaradıcılıq mərhələsinin özündə də Cavidin yeni formalı şeirlər yazdığını asanlıqla müşahidə etmək mümkündür. Türkiyədə təhsil illərində yazılan "Yadi mazi", "Bir ahi-məzlumanə" şeirlərinin quruluşunda müəyyən orijinallıq vardır. Bu şeirlər hər iki üslubun — klassik lirika və xalq-aşıq lirikası üslublarının qovuşuğundan yaranmışdır. Xalq-aşıq poeziyasında olduğu kimi, şeirlər bəndlərdən ibarətdir, lakin bəndlərin arasında klassik lirikadakı beytlərə bənzər cüt misralar verilmişdir. Dördlüklər çox vaxt çarpaz qafiyə üsulu ilə, beytlər isə məsnəvi formasında qafiyələndirilmişdir:
Ey Vətən! Ey könül pərəstişkarı! Yar ümidim, qüsura baqmayasan.
Bizə tərcih edib də əğyarı, Buraqıb nari-hicrə yıqmayasan.
Səni bu hala saldı qəflətimiz, Daha əfv et! Yetər nədamətimiz.
Sonrakı dövrlərdə Cavidin yaradıcılığında belə orijinal quruluşlu şeirlərin sayı getdikcə çoxalmışdır. "Otuz yaşında", "Bir rəsm qarşısında", "Dəniz tamaşası" şeirlərində dördlük bəndlər mənanı qüvvətləndirən və tamamlayan beytlərlə növbələşmişdir. Beləliklə, poetik forma axtarışları H. Cavidin janr sahəsində orijinal üslubunun kəşfi ilə nəticələnmişdir. Hətta bir sıra janrları, xüsusən sonet, türkü və marşları Azərbaycan şeirinə ilk dəfə Hüseyn Cavid gətirmişdir. Şairin "Mən istərim ki", "Çəkinmə, gül" şeirləri Avropada geniş yayılmış italyan soneti formasında qələmə alınmışdır.
H. Cavid şeirlərini həm əruz, həm də heca vəznlərində yazmışdır. Hər iki vəznə yaradıcı münasibət bəsləyən şair onlara əsaslı keyfiyyət dəyişiklikləri gətirmişdir. O, əruzun klassik lirikadan məlum olan xəfif, həzəc, rəməl, müctəs, müzare, mütəqarib bəhrlərində şeirlər yazmaqla bərabər, həm də həzəc bəhrinin yeni bir növünü yaratmağa müvəffəq olmuşdur. Əruzşünaslar həmin növü "Cavid həzəci" adlandırırlar.
Əsrin əvvəllərində əruzdan hecaya keçmək də şeirdə yeni üslub axtarışından irəli gəlirdi. Heca vəznli şeirə üstünlük verməklə, Hüseyn Cavid bu vəznin Azərbaycan yazılı poeziyası üçün daha da doğmalaşmasına xidmət etmişdir. O, XX əsrin əvvəllərində heca vəzninin müxtəlif şəkillərində qiymətli şeirlər yazmağa müvəffəq olmuşdur.
Orijinal təşbeh və metaforlar, epitet və təkrirlər, monoloq və dialoqlar Cavidin şeirlərində fikrin, mənanın qüvvətli və emosional vasitələrlə ifadəsinə xidmət edir. Cavidin şeirlərində təşbeh yaratmaq üçün təbiət hadisələrilə insan həyatı müqayisə olunur. Şair Qara dəniz sahillərində təsvir etdiyi səksən yaşlı qocanın məğrurluğunu canlandırmaq məqsədilə onu "ulu bir dağ"a bənzədir, bədii obrazın dolğun poetik rəsmini çəkir:
Bu keşakeşdə möhtəşəm, məğrur, Qoca, səksən yaşında bir sima; Uca bir dağ möhnətilə vüqur, Qoca bir türk edib namazı əda. Vird oxur, Haqqa eylər ərzi-niyaz, Bəlkə dağ sarsılar, o sarsılmaz.
thumb|Hüseyn Cavidin Bakıda heykəli. Heykəltəraş — Ömər Eldarov, 1996
Poemaları Hüseyn Cavidin yaradıcılığında poema janrının da özünəməxsus yeri vardır. Şair ilk poemalarını hələ XX əsrin əvvəllərində qələmə almışdır. Cavidin ilk poemaları əsasən lirik-romantik, yaxud romantik-fəlsəfi əsərlərdən ibarətdir. Bu poemaların əksəriyyətində süjet əlamətləri və obrazlar yox dərəcəsindədir. Həmin qəbildən olan poemalar sanki Hüseyn Cavidin lirik-romantik monoloqlarından yoğrulmuşdur. Həyata və insanlara romantik münasibət, bədii və fəlsəfi ümumiləşdirmələr bu poemaların əsas qayəsini müəyyən edir. "Bir ahi-məzlumanə" (1907), "İştə bir divanədən bir xatirə" (1912), "Hübuti-Adəm" (1913), poemalarında epik təsvirlərdən qat-qat çox lirik-romantik düşüncələr öz əksini tapmışdır. Yalnız "Hübuti-Adəm" poemasında Adəm peyğəmbərlə Həvvanın münasibətlərindən alınmış bir məqamın təsviri şairə nəfsin fəlakətləri ətrafında poetik mülahizələr irəli sürməyə imkan vermişdir. "Bir ahi-məzlumanə" poeması "küncü-möhnətdə" bəlaya düçar edilmiş, "ayaq altında paymal olmuş" vətənin acı halına dərin təəssüf hissləri mənalandırılmış, qeyrət etməyə, himmət göstərməyə çağırış motivləri ifadə olunmuşdur.
Hüseyn Cavidin yaradıcılığında ideya-sənətkarlıq baxımından ən kamil poema "Azər" əsəridir. Poemanı şair hələ 1926-cı ildə Almaniyada müalicə olunarkən yazmağa başlamış, nəhayət, 1928-ci ildə tamamlamışdır.