Qazaxlar — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədalılar kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Qazaxlar kəndi əhalisi öncə Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirə, onun vəfatından sonra isə oğlu Cəfərqulu xana vergi ödəyirdi. 1823-cü ilə bağlı rus qaynağında göstərilir ki, kənd Cəfərqulu xana məxsusdur. Kənddə xana 9 ailə vergi ödəyirdi. Kədxuda Musa, təbib Ağa Məhəmmədhüseyn vergidən azad olunmuşdu. Xorasanoğlu məaf idi.
07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Qazaxlar bələdiyyəsi olub.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18.2-ci bəndinə əsasən "18.2. Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar və Mollaməhərrəmli bələdiyyələrinin əhatə etdiyi Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmli kəndlərində Əhmədalılar bələdiyyəsi" yenidən təşkil edilib. Bununla da Füzuli rayonunun Qazaxlar bələdiyyəsinin fəaliyyətinə xitam verilib.
Coğrafiyası Düzənlikdədir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 918 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 2012-ci ilin fevralın 15-də Qazaxlar kəndinin əhalisinə yeni çəkilmiş boru xətti vasitəsilə ilk dəfə təbii qaz verilməsinə başlanmışdır. Kəndə təbii qazın verilməsi ilə əlaqədar həmin gün kəndə tədbir keçirilmişdir.
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qazaxlar kəndinə gedən avtomobil yolu Füzuli rayonunun yol infrastrukturunun inkişafı çərçivəsində inşa edilmişdir. Qarabağ–Böyük Bəhmənli–Arayatlı–Mirzənağılı avtomobil yolunun tikintisi Azərbaycan Prezidentinin 5 oktyabr 2013-cü il tarixli sərəncamı ilə nəzərdə tutulmuşdur. Sərəncama əsasən, yolun tikintisinin maliyyələşdirilməsi üçün Füzuli Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılmışdır. Sənəddə yolun 28 min nəfərin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirdiyi bildirilir.
2014-cü il 1 iyul tarixli sərəncamla yolun tikintisinin davam etdirilməsi üçün əlavə olaraq 5,4 milyon manat vəsait ayrılmışdır. Sərəncamda yenə yolun 13 yaşayış məntəqəsini birləşdirdiyi qeyd edilmişdir.
2016-cı il 23 iyul tarixli sərəncamla isə yolun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 1,8 milyon manat ayrılmışdır. Sərəncamda tikinti işlərinin maliyyələşdirilməsi və həyata keçirilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” ASC-yə həvalə edilmişdir.
Beləliklə, yolun tikintisi üçün 2013-cü ildə 3 milyon manat, 2014-cü ildə 5,4 milyon manat, 2016-cı ildə isə 1,8 milyon manat olmaqla, rəsmi sərəncamlarda ümumilikdə 10,2 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün Baş Mil kanalı üzərində nasos stansiyasının tikintisi məqsədilə vəsait ayrılmışdır.
Həmçinin bax Qazaxlar bələdiyyəsi Əhmədalılar bələdiyyəsi Füzuli rayonu
İstinadlar
Xarici keçidlər
Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
Kateqoriya:Füzuli rayonunun kəndləri