Vilyam Adams (; ) – XVII əsrdə Yaponiyada yaşamış ingilis dənizçi və tacir. Tokuqava İeyasu tərəfindən ona Miura yarımadasında torpaq verildiyi üçün Yaponiyada adı ilə tanınmışdır. O, Yaponiyaya çata bilən ilk ingilis şəxs hesab olunur.

Həyatı Vilyam Adams 1564-cü ildə İngiltərənin Kent qraflığının Cillinhem şəhərində doğulmuş, gəmiqayırma sahəsində işləməyə başlamışdır. 1598-ci ildə bir holland flotuna şturman kimi qatılmış, bir neçə bədbəxt hadisədən sonra qəzalı vəziyyətdə olan gəmisi "Liefde" ilə 1600-cü ilin aprelində Yaponiyanın Kyuşu adasına çatmışdır.

Tokuqava İeyasu onunla dostluq əlaqələri qurmuş, onu maliyyə nümayəndəsi, xəbərverən, şturman, gəmiqayıran və tərcüməçi kimi vəzifələrə təyin etmişdir. Bunun sayəsində Adams Yaponiyada varlı şəxsə çevrilmiş, 80-ə yaxın xidmətçiyə və öz mülkünə sahib olmuşdur. Rəsmi iş çərçivəsində bütün Yaponiyanı gəzmişdir. İeyasunun dəstəyi ilə ingislərə və hollandlara məktublar yazmış, onları Yaponiya ilə ticarət etməyə dəvət etmişdir. Hollandlar 1611-ci ildə Yaponiyaya gələndə Adams tərcüməçi və nümayəndə qismində onlarla görüşmüşdür. O, ingilis tacirlərə də kömək etmiş, lakin onun Yaponiyadakı fəaliyyəti həmvətənlərinin xoşuna gəlməmiş, onu "milliləşdirilmiş yaponiyalı" hesab etmişdirlər. Adams Koxinxina, Siam və Okinavada da ticarətlə məşğul olmuşdur.

İeyasunun ölümündən sonra Adamsın Yaponiyadakı təsiri azalmışdır. O, 16 may 1620-ci ildə ingilis və holland ticarət postlarının yerləşdiyi Hiradoda ölmüşdür. Adams yapon qadınla evlənmiş və ondan iki uşağı olmuşdu.

İrsi Adamsın Miura yarımadasındakı mülkü olan Hemi ərazisində hər il onun şərəfinə festival keçirilir. Burada onun həyat yoldaşının və uşaqlarının qəbirləri yerləşir. Onun həyatı bir neçə əsərin mövzusu olmuşdur. İngilisdilli yazıçı Ceyms Klavell 1975-ci ildə onun həyatı əsasında "Şoqun" romanını yazmışdır.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Samuraylar Kateqoriya:İngiltərə dənizçiləri Kateqoriya:Birləşmiş Krallıq–Yaponiya münasibətləri Kateqoriya:İngilis anqlikanlar Kateqoriya:Avropalı mühacir və ya sürgün edilmiş hərbi zabitlər Kateqoriya:Edo dövrü