və ya bocin – Qədim Yaponiyada Kyuşu adasını qorumaqla vəzifələndirilən əsgərlər. Sakimori sistemi VI-X əsrlərdə qüvvədə olmuşdur.

Tarixi 720-ci ildə yazılmış "Nihon Şoki" xronikalarına görə sakimorilər ilk dəfə 562-ci ildə Yaponiyanın Koreya yarımadasındakı anklavı Kayanın süqutundan sonra Kyuşuya göndərilmişdir.

"Sakimori" termini ilk dəfə 645-ci ildə Tayka islahatı zamanı işlədirilmişdir. Yenicə yaradılmış Ritsuryo sisteminə görə milli müdafiə məqsədilə bütün ölkə boyunca yığılan əsgərlər üç illiyinə Kyuşuya göndərilməli idi. Lakin 730-cu ildən sonra ancaq Şərqi Honşu əyalətlərindən sakimorilər Kyuşuya göndərilməyə başlamışdır.

Şimali Kyuşunun hökumət iqamətgahı olan Dazayfuda sakimori məsələləri ilə məşğul olmaq üçün xüsusi ofis yaradılmışdır. Sakimorilər hərbi vəzifələrini yerinə yetirməklə yanaşı öz qidalarını da yetişdirməli idilər. Sakimorilər hərbi xidmət zamanı biyar əməkdən və vergidən azad edilmişdilər, lakin zireh, yemək və səyahət pulunu özləri ödəməli idilər. Buna görə də kasıb kəndlilər hərbi xidmətdən yayınmağa çalışırdılar. Qıtlıqlar, epidemiyalar və sosial rifahın aşağı səviyyədə olmasına görə sakimori toplamaq getdikcə çətinləşmişdir. Buna görə də 795-ci ildə sakimori sistemi ləğv olunmuş, Kyuşunun müdafiəsi yerli döyüşçülərə həvalə edilmişdir. Buna baxmayaraq, sakimori toplamaq praktikası X əsrə kimi davam etmişdir.

VIII əsrdə yazılmış "Manyoşu" şeir antologiyasında sakimorilər tərəfindən yazılmış 100-ə yaxın şeir öz əksini tapmışdır. Bu şeirlər toplusu "Sakimori no uta" adlanır. Şeirlərin çoxunda imperator tərəfindən çağırılmanın bir qürur olduğu təsvir olunsa da, bəzi şeirlərdə sevdikləri şəxslərdən ayrılmağın yaşatdığı kədər əks olunmuşdur.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Məcburi hərbi xidmət Kateqoriya:Nara dövrü Kateqoriya:Heyan dövrü Kateqoriya:Yaponiyanın hərb tarixi Kateqoriya:Kyuşu regionu