Türkiyəyə köçləri üç qrupa bölmək olar:
Osmanlı imperiyasının son illərində və Cümhuriyyətin ilk dövrlərində baş verən köçlər. 1960–1970-ci illərdə Avropaya işləməyə gedən işçilərin köçü. 1990-cı ildən sonra yaxın coğrafiyadan böyük şəhərlərə, xüsusən də İstanbula köçən yeni immiqrantlar: tranzit immiqrantlar, sığınacaq axtaranlar, yüksəkixtisaslı şəxslər və avropalı təqaüdçülər.
Tarix boyu Türkiyə həm mühacirət edilən, həm ərazisindən köç edilən, həm də tranzit ölkə olub.
XIX əsrin sonu — XX əsrin əvvəlləri Osmanlı İmperiyasının son illəri mühüm köç hərəkatlarına şahidlik etmişdir. İtirilmiş torpaqlardakı müsəlman təbəələr Anadoluya axışarkən, qeyri-müsəlmanlar Anadoludan ayrılmışdır. «Mühacir» adlanan bu dəstənin köçü Cümhuriyyət elan edildikdən sonra da davam etmişdir. Türkiyə Cümhuriyyəti xaricdən olan bu miqrasiyanı dövlət siyasəti kimi dəstəkləmişdir. Əhalinin hərbi güc kimi qiymətləndirildiyi illərdə müharibələrdən sonra azalan əhali sayının artırılması hədəflənmişdir.
Anadoluya gəlib-gedən mühacirlər Osmanlı və Türkiyə dövlətlərinin etnik, mədəni və ictimai quruluşunda böyük dəyişikliklərə səbəb olmuşdur.
1783-cü ildə Krımın Rusiyanın əlinə keçməsi ilə Anadoluya ilk böyük müsəlman köçü başlayıb. Krımın itirilməsinə qədər Krım tatarlarının kiçik qruplar halında miqrasiyası kütləvi xarakter alıb.
Osmanlı İmperiyası Çərkəz bölgələrini itirdikdən sonra Birinci Dünya müharibəsinə qədər 2,5 milyon çərkəz Anadoluya köç edib. Böyük bir mühacir kütləsi (1 milyon nəfər) yolda həlak olub.
Digər bir kütləvi köç dalğası acarların (gürcülərin) köçüdür. 1877–1878-ci illər Osmanlı-Rus müharibəsindən sonra başlayan köç 1921-ci ilə qədər davam edib.
Azərbaycandan XIX əsrin əvvəllərindən başlayan köç 1877–1878-ci illər Rusiya-Osmanlı müharibəsi ilə daha da artıb. Yalnız Dünya müharibəsi illərində 10 min insan Anadoluya köç edib.
Albanlar İstanbula ilk dəfə Fateh Sultan Mehmet dövründə (1468) gətirilərək Arnavutköydə məskunlaşdırılıblar. Balkanların itirilməsindən sonra gələnlər də daxil olmaqla, bugünkü Türkiyədə 5 milyon albanın yaşadığı ehtimal edilir.
Ərəblərin Anadoluya köçü İslam dininin yayılması və Osmanlı dövründəki müharibələrdən sonra geri dönməyənlər və burada qalanlarla bağlıdır. Əzilən ərəb ələvilərinin bir qismi Tarsus və Adana ətrafında məskunlaşır. Şərif Hüseynin başlatdığı ərəb üsyanı nəticəsində Mesopotamiya, Hicaz və Suriyadan olan 5 min ailə Qərbi və Orta Anadoluya yerləşdirilir.
Bosniya mühacirəti Bosniya və Herseqovina Avstriya–Macarıstan İmperiyasının nəzarətinə keçdikdən sonra (1878) başlayır. 1918-ci ilə qədər dörd böyük immiqrasiya dalğası olur. İlk köç Bosniyanın itirilməsindən dərhal sonra baş verir. İkinci köç 1882-ci ildə, üçüncüsü isə 1900-cü ildə Dzabiç hərəkatı ilə əlaqədar baş verir. 1908-ci ildə immiqrasiyanın dördüncü dalğası başlayır.
1830-cu ildən sonra Polşa Rusiya torpaqlarına qatıldıqdan sonra mühacirət edən 10 min nəfərin bir qismi Osmanlı İmperiyasına gəlir. Polonezköy bu mühacirlərin qurduqları qəsəbədir.
Cümhuriyyət dövrü Anadoluya köç hərəkatlarının intensivliyi azalsa da, Cümhuriyyətin elanından sonra da davam etmişdir.
Cümhuriyyətin elanından sonra ilk immiqrasiya hərəkatı Yunanıstandan olmuşdur. «Lozanna müqaviləsi»nin mübadilə maddələrinə əsasən 1922–1938-ci illər arasında Türkiyəyə 384 000 nəfər köç etmişdir.
Makedoniyadan ilk köç hərəkatı 1924-cü ildə ölkədəki türklərin Anadoluya köçü ilə başlayıb. Mühacirətin ikinci dalğası 1936-cı ildə, üçüncü dalğası isə 1953-cü ildə Türkiyə ilə Yuqoslaviya arasında azad immiqrasiya müqaviləsinin imzalanmasından sonra baş verib.
Cümhuriyyət dövründə Yuqoslaviyadan Türkiyəyə 305 158 nəfər (77 413 ailə) köçüb. Onlardan 14 494 nəfəri dövlət tərəfindən, qalanları isə azad mühacir olaraq Anadoluda məskunlaşdırılıb.
Bolqarıstan Türkiyəyə böyük kütləvi immiqrasiya axını olan ölkədir. 1989-cu ilə qədər 800 000 insan dörd dalğada Anadoluya çatıb. "Türkiyə-Bolqarıstan yaşayış müqaviləsi" (1925) ilə 1949-cu ilə qədər 218 998 nəfər köç edib. 1946-cı ildə Bolqarıstan Xalq Cümhuriyyətinin elan edilməsi ilə 1949–1951-ci illər arasında Türkiyəyə 156 063 nəfər köç edib. 1968–1979-cu illər arasında Türkiyə ilə Bolqarıstan arasında imzalanan yeni miqrasiya müqaviləsi ilə 116 521 nəfər Türkiyəyə köç edib. 1989-cu ildə Bolqarıstan dövlətinin müsəlman türk vətəndaşlarına qarşı etnik zülmü səbəbindən böyük bir köç dalğası yaşanıb.
1923–1949-cu illər arasında Türkiyəyə 79 287 nəfər məskunlaşan mühacir gəlmiş, 43 271 nəfər isə Rumıniyadan Türkiyəyə azad mühacir kimi köçmüşdür.
1923–1945-ci illər arasında Balkanlardan Türkiyəyə cəmi 800 000 nəfər köç etmişdir.
1950-ci ildə müstəqil dövlətə çevrilən Şərqi Türküstan Respublikası Çin tərəfindən işğal edildikdən sonra Türkiyəyə mühacirət axını başlamışdır.
İkinci Dünya müharibəsində nasist qoşunları ilə döyüşlərdə iştirak edən Şərq legionlarının bir hissəsi Türkiyədə məskunlaşmışdır. Qazax, qırğız, özbək, türkmən, balkar, qaraqalpaq, qaraçay, azərbaycanlı, çeçen, inquş və Dağıstan xalqlarından olan müsəlman əsilli insanların bir qismi Anadolunu yeni vətən olaraq seçmişdir.
1979-cu il İran İslam İnqilabından sonra 1 milyon insan (azərbaycanlı və fars) Türkiyəyə köçüb.
Əfqanıstanın Sovet Rusiyası tərəfindən işğalı ilə Türkiyəyə türk əsilli özbək, qazax, uyğur və qırğızlar köçmüşdür.
1945, 1951, 1953 və 1967-ci illərdə Suriyadan kütləvi köçlər olub. Köçənlər İskenderun, Kırıkxan və Adana şəhərlərində məskunlaşıblar. 2011-ci ildə başlayan Suriya vətəndaş müharibəsi nəticəsində Türkiyəyə 2 733 784 qaçqın köçüb.
1988-ci ildə İraqda Hələbcə qətliamından sonra 51 542 nəfər mühacirət edib. 1991-ci ildə Körfəz müharibəsi zamanı Türkiyəyə 467 489 nəfər köç edib.
Son iki əsrdə Anadoluya 6 milyon insan köç edib.
İstinadlar
Kateqoriya:Türkiyə əhalisi