Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.
Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir.
Zəmin "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur. Sərhəd zastavaları müxtəlif relyef quruluşuna malik ərazilərdə olduğu üçün, ucqar nöqtələrə məhz sözügedən helikopter vasitəsilə gedilir. Hadisə nəticəsində yaralanan Emil Cəfərova görə, "Mİ-17" dünyada ən universal helikopterlərdən biridir. Bunlardan İkinci Qarabağ müharibəsində də istifadə olunmuşdur. O həmçinin, helikopterin pilot barədə danışarkən onun birinci dərəcəli pilot olduğunu bildirmişdir, onu "canlı əfsanə" adlandırmışdır. DSX-nin rəhbəri Elçin Quliyev pilot Fizuli Cavadovun təcrübəli olduğunu vurğulamış və onun Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, helikopterin demək olar yeni olduğunu və qısa müddət əvvəl onda təmir işləri aparıldığını bildirmişdir. DSX-nin döyüş növbəsinə çıxan aviasiya vasitələri uçuşdan əvvəl texniki baxışdan keçirilir. Döyüşə hazır olması ilə bağlı raport qəbul edildikdən sonra, helikopter tapşırığa göndərilir. Helikopterlər tapşırığı yerinə yetirdikdən sonra təkrar yoxlanışa qayıdır, yenidən döyüşə hazır vəziyyətə gətirilir.
Azərbaycan tarixində ən dəhşətli helikopter qəzası 20 noyabr 1991-ci il tarixində Xocavənd rayonunun Qarakənd kəndində yaxınlıqlarında baş vermişdir. Qarakənd faciəsi kimi bilinən hadisə nəticəsində Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov və başqaları olmaqla ümumilikdə 22 nəfər həlak olmuşdur. 24 iyul 2019-cu il tarixində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təlim uçuşları həyata keçirən MİQ-29 təyyarəsi qəfil radarlardan itmişdir. Təyyarə Xəzər dənizinə düşəndən sonra pilot polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüş, uzun axtarışlardan sonra pilotun nəşi tapılmışdır.
Qəza 2021-ci il 30 noyabr tarixində saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin Azərbaycanın şərqində yerləşən Səngəçal aerodromundan qalxan Mi-17 hərbi helikopteri paytaxt Bakı şəhərindən uzaqlıqdakı Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.
Helikopterin qara qutusunun tapıldığını deyən Quliyev hadisədə heç bir kənar qüvvənin iştirakı olmadığını əlavə etmişdir. Qəzanın səbəbi kimi ilkin ehtimallar olaraq pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəb irəli sürülmüşdür. Hadisə nəticəsində yaralanmış Emil Cəfərov qəzanın enişin yerinə yetirilməsi zamanı baş verdiyini bildirmişdir. Onun sözlərinə görə, helikopter təzə idi və onun hər bir şeyi yoxlanılmışdı. Küləklə bağlı heç bir məhdudiyyət aşılmamışdı, proqnoza görə külək günortadan sonra olmalı idi. Digər yaralı Ramil Ədilov da çox küləyin və heç bir kənar müdaxilənin olmadığını bildirmişdir.
Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış və cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülmüşdür. Helikopter qəzasını araşdıran istintaq qrupuna Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədov rəhbərlik etmişdir. 2 dekabrda helikopterin qara qutusu tədqiq edilsin deyə Rusiyanın Kazan şəhərinə, helikopterin istehsal olunduğu zavoda göndərilmişdir. Qəzaya nəyin səbəb olduğu dərhal açıqlanmayıb.
Qara qutuların tədqiqi zamanı müəyyən olunub ki, helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra meydançaya eniş etmək qərarı qəbul edilib, həmin vaxt helikopterin sürəti 141 km/saat, radiohündürlük 101 metr olub. Uçuşun 17 dəqiqə 10-cu saniyəsində, eniş zamanı küləyin təsiri nəticəsində helikopterin uçuş sürəti 0 km/saat, radiohündürlük 89 metrə qədər dəyişib.
İtkilər Helikopterin qəzaya uğraması nəticəsində üç polkovnik, beş mayor, dörd kapitan, iki leytenant və bir podratçı həlak həlak olmuşdur. Həlak olan zabitlərin nəşləri Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilmiş, müayinə olunduqdan sonra növbəti gün morqdan çıxarılaraq DSX-nin "Sərhədçi" İdman Kompleksində onların vida mərasimi keçirilmişdir. Həlak olanların çoxusu II Şəhidlər xiyabanında, Fərid Nağıyev isə Beyləqan Şəhidlər xiyabanında dəfn olunmuşdur. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev qəzada həlak olan zabitlərə şəhid statusunun veriləcəyini demiş, Azərbaycan Prezidenti İlham Əliyevin hadisənin təfərrüatlarının daha da aydınlaşdırılması, şəhidlərin dəfn edilməsi və yaralıların müalicəsi üçün lazım olan hər şeyin edilməsi ilə bağlı tapşırıqlar verdiyini də diqqətə çatdırmışdır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qəzada həlak olanların "şəhid" olduğunu bildirmiş, bu statusda nəzərdə tutulan bütün ödənişlərin onların ailələrinə ödəniləcəyini, mənzil və avtomobil təminatı olacağını əlavə etmişdir. DSX-nin məlumatına görə, hadisə nəticəsində həlak olanların siyahısı:
Cavadov Fizuli Əli İbram oğlu — polkovnik Nəbiyev Elçin Fikrət oğlu — polkovnik Nəzirov Emil Nəzir oğlu — polkovnik Həsənov Elmir Mircəlil oğlu — mayor Əhmədov Elbrus Səmrəddin oğlu — mayor Mayılov Emil Şahid oğlu — mayor Məmmədov Murad Yaşar oğlu — mayor Əliyev Emil Elman oğlu — mayor Əhmədxanov Ceyhun Xanlar oğlu — tibb xidməti kapitanı Bayramlı Cavid Əhliman oğlu — kapitan Əliyev Xəyyam Əlixan oğlu — kapitan Qaraisayev Teymur Ənvər oğlu — kapitan Nağıyev Fərid Təyyar oğlu — baş leytenant Süleymanov Abdulla Telman oğlu — leytenant
Qəza nəticəsində bir polkovnik və bir kapitan isə yaralanmışdır. Quliyev qəza zamanı xəsarət alan iki hərbçi ilə telefonla danışdığını və onların səhhətinin normal olduğunu bildirmişdir. DSX-nin Mətbuat Mərkəzinin 4 dekabrda verdiyi məlumata görə, hər iki hərbi qulluqçunun səhhəti normaldır, onların sağlamlıqlarının bərpa olunması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlər görülür. DSX-nin məlumatına görə, hadisə nəticəsində yaralananların siyahısı:
Cəfərov Emil Məmməd oğlu — polkovnik-leytenant Ədilov Ramin Ramiz oğlu — kapitan
Reaksiyalar
Ölkə daxili Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva həlak olanların ailələrinə başsağlığı veriblər. Milli Məclisin sədri Sahibə Qafarova qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı vermişdir. DSX rəisi, general-polkovnik Elçin Quliyev həlak olan hərbi qulluqçuların ailələrinə başsağlığı vermiş və qeyd etmişdir ki, "onların xatirəsi daima yaşayacaq". Quliyev 2 dekabrda+ DSX-nın digər vəzifəli şəxsləri ilə birlikdə həlak olan hərbi qulluqçular Cavadov və Əliyevin məzarlarını ziyarət etmişdir. Milli Məclisin 3 dekabrda keçirilən payız sessiyasının plenar iclasında qəzada həlak olan hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Beynəlxalq BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Xızıda faciəvi helikopter qəzası xəbərinin onu kədərləndirdiyini bildirmiş, yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı vermişdir. Türk Dövlətləri Təşkilatı və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) Azərbaycana başsağlığı vermişdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək Azərbaycanda hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərə başsağlığı verib. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general Zakir Həsənova və Dövlət Sərhəd Xidmətinin rəisi general Elçin Quliyevə başsağlığı vermişdir. Türkiyə Xarici İşlər Nazirliyi, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türkiyənin İYİ Partiyanın sədri Meral Akşenər, Türkiyənin sabiq baş naziri Binəli Yıldırım, Türkiyənin "Baykar Makine" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Azərbaycan xalqına başsağlığı vermişdir.
Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar qəza nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı vermişdir. Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev qəza nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı vermişdir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Azərbaycan Respublikası hökumətinə və xalqına, həmçinin hərbi helikopterin faciəvi qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı vermişdir. İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi Məhəmməd Baqiri Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Silahlı Qüvvələrin Baş qərargah rəisi Kərim Vəliyevə başsağlığı vermişdir. Ukrayna Baş prokuroru İrina Venediktova Azərbaycana başsağlığı vermişdir. Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı vermişdir. Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı vermişdir.
ABŞ-nin Azərbaycandakı səfiri Örl Litzenberger, Avstraliyanın Azərbaycandakı səfirliyi, Belarusun Azərbaycandakı səfirliyi, İranın Azərbaycandakı səfirliyi, İtaliyanın Azərbaycandakı səfirliyi, Fələstinin Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfiri Zakari Qross, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema, Xorvatiyanın Azərbaycandakı səfirliyi, İndoneziyanın Azərbaycandakı səfirliyi, İsrailin Azərbaycandakı səfiri Corc Dik, Qazaxıstanın Azərbaycandakı səfirliyi, Serbiyanın Azərbaycandakı səfirliyi, Slovakiyanın Azərbaycan səfirliyi, Gürcüstanın Azərbaycan səfirliyi, Pakistanın Azərbaycandakı səfirliyi, Rusiyanın Azərbaycandakı səfirliyi və Yaponiyanın Azərbaycandakı səfirliyi hərbi helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı vermişdir.
Konspirasiya nəzəriyyələri