thumb|Birləşmiş Millətlər Təşkilatı

Birləşmiş Millətlər Təşkilatı () — 1945-ci il oktyabrın 24-də beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək üçün yaradılmış beynəlxalq təşkilat.

Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80% ərazisi, BMT-nin mandat sisteminə daxildir.

BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Həmçinin Cenevrə, Vyana, Haaqa kimi şəhərlərdə nümayəndəlikləri də vardır.

Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur.

BMT-nin nizamnaməsi 1945-ci ilin 26 iyununda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanmış və 1945-ci il 24 oktyabrda qüvvəyə minmişdir.

BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.

Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin — onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.

Birləşmiş Millətlər Təşkilatı aşağıdakı qurumlardan ibarətdir: Altı əsas orqandan ibarət olan BMT-nin özü: Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblik. Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Məhkəmədən başqa, digər qurumlar Nyu-Yorkda, BMT-nin Mərkəzi idarələrində yerləşirlər. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO, BMT-nin Uşaq Fondu UNICEF, BMT-nin İnkişaf Proqramı BMTİP və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK kimi inkişaf, humanitar yardım və insan hüquqlarının müdafiəsi sahələrində fəaliyyətləri həyata keçirən ixtisaslaşmış təşkilatlar.

Tarixi BMT-nin yaradılması ideyası İkinci Dünya müharibəsi dövründə meydana gəlmiş və antihitler koalisiyasına daxil olan dövlətlər tərəfindən razılaşdırılmışdır.

“Birləşmiş Millətlər” adı ilk dəfə 1 yanvar 1942-ci ildə ABŞ, Böyük Britaniya, SSRİ və Çin olmaqla ilkin dörd dövlət tərəfindən imzalanmış Birləşmiş Millətlər Bəyannaməsində istifadə edilmişdir. Bəyannaməni imzalayan dövlətlər Atlantika xartiyasında əks olunan birgə proqramı qəbul edir və “ox” dövlətlərinə qarşı bütün hərbi və iqtisadi resurslarını səfərbər etməyi, həmçinin onlarla separat sülh bağlamamağı öhdələrinə götürürdülər.

BMT-nin Nizamnaməsi 1945-ci ildə keçirilmiş San Fransisko konfransında təsdiq edilmiş, 26 iyun 1945-ci ildə 50 dövlətin nümayəndələri tərəfindən imzalanmış və həmin ilin 24 oktyabr tarixində qüvvəyə minmişdir. 24 oktyabe Birləşmiş Millətlər Təşkilatı günü kimi qeyd olunur.

BMT Baş Assambleyasının ilk sessiyası 10 yanvar 1946-cı ildə Londonda açılmışdır. Sessiyada BMT Təhlükəsizlik Şurası formalaşdırılmış, 1 fevral 1946-cı ildə isə Norveçin xarici işlər naziri Truqve Li BMT-nin ilk Baş katibi seçilmişdir.

BMT yaradıldığı zaman onun tərkibinə 51 dövlət daxil idi; 2011-ci ildən etibarən isə təşkilatın üzvlərinin sayı 193 dövlətə çatmışdır ki, bu da dünyanın demək olar bütün suveren dövlətlərini əhatə edir.

Strukturu

Baş Assambleya BMT Baş Assambleyası əsas məşvərətçi, direktiv və nümayəndəli orqan kimi mərkəzi yer tutur. Baş Assambleya beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq prinsiplərini nəzərdən keçirir; Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərini, İqtisadi və Sosial Şuranın üzvlərini seçir; Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında BMT Baş katibini təyin edir; Təhlükəsizlik Şurası ilə birlikdə Beynəlxalq Məhkəmənin üzvlərini seçir; iqtisadi, sosial, mədəni və humanitar sahələrdə beynəlxalq əməkdaşlığı əlaqələndirir, həmçinin BMT Nizamnaməsində nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

Baş Assambleya sessiya qaydasında fəaliyyət göstərir. O, müntəzəm, xüsusi və fövqəladə xüsusi sessiyalar keçirə bilər.

Assambleyanın illik növbəti sessiyası sentyabr ayının üçüncü çərşənbə axşamı açılır və gündəlik tam başa çatana qədər Baş Assambleyanın sədrinin (və ya onun 21 müavinindən birinin) rəhbərliyi altında plenar iclaslarda və əsas komitələrdə fəaliyyət göstərir.

Baş Assambleya 17 dekabr 1993-cü il tarixli qərarına əsasən 6 əsas komitədən ibarətdir:

Tərksilah və beynəlxalq təhlükəsizlik məsələləri komitəsi (Birinci komitə); İqtisadi və maliyyə məsələləri komitəsi (İkinci komitə); Sosial, humanitar və mədəni məsələlər komitəsi (Üçüncü komitə); Xüsusi siyasi məsələlər və dekolonizasiya məsələləri komitəsi (Dördüncü komitə); İnzibati və büdcə məsələləri komitəsi (Beşinci komitə); Hüquqi məsələlər komitəsi (Altıncı komitə).

Bundan əlavə, Baş Assambleya tərəfindən aşağıdakı komitələr təsis edilmişdir:

Baş komitə — gündəliyin təsdiqi, gündəlik məsələlərinin bölgüsü və işin təşkili ilə bağlı Assambleyaya tövsiyələr təqdim edir; Səlahiyyətlərin yoxlanılması komitəsi — nümayəndələrin səlahiyyətləri haqqında Assambleyaya hesabat verir.

Baş komitənin tərkibinə Baş Assambleyanın sədri, sədr müavinləri və Asiya, Afrika, Latın Amerikası, Qərbi Avropa (Kanada, Avstraliya və Yeni Zelandiya daxil olmaqla) və Şərqi Avropa regionlarının ədalətli coğrafi təmsilçiliyi prinsipi nəzərə alınmaqla seçilən əsas komitələrin sədrləri daxildir.

Baş Assambleyanın xüsusi sessiyaları TŞ və ya BMT üzvlərinin əksəriyyətinin tələbi ilə, bu tələb Baş katib tərəfindən qəbul edildikdən sonra 15 gün ərzində istənilən məsələ üzrə çağırıla bilər. 2014-cü ilin əvvəlinə qədər insan hüquqları, ətraf mühitin qorunması, narkotiklərlə mübarizə və digər məsələlərə dair 28 xüsusi sessiya keçirilmişdir.

Fövqəladə xüsusi sessiyalar isə Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv dövlətlərin əksəriyyətinin tələbi əsasında, Baş katib tərəfindən belə bir tələb qəbul edildikdən sonra 24 saat ərzində çağırıla bilər.

Təhlükəsizlik Şurası BMT Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına görə əsas məsuliyyəti daşıyır və onun qərarları BMT-nin bütün üzvləri üçün məcburidir.

Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir: onların 5-i daimi üzvlərdir — ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa. Qalan 10 üzv isə Nizamnamənin 23-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş prosedur əsasında Şuraya seçilir və “qeyri-daimi üzvlər” adlandırılır. Təhlükəsizlik Şurasının daimi üzvləri veto hüququna malikdirlər.

Katiblik Bu, BMT-nin digər əsas orqanlarına xidmət göstərən, həmçinin onlar tərəfindən qəbul edilmiş proqram və siyasi qərarların həyata keçirilməsini təmin edən orqandır. Katibliyin ştatında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən müəssisələrdə çalışan və təşkilatın gündəlik fəaliyyətini həyata keçirən 37 505 əməkdaşdan ibarət beynəlxalq personal fəaliyyət göstərir.

Katibliyin bölmələri BMT-nin Nyu-Yorkdakı mərkəzi qərargahında, eləcə də BMT orqanlarının digər əsas qərargahlarının yerləşdiyi məkanlarda fəaliyyət göstərir. Bunların ən iri bölmələri Cenevrə, Vyana və Nayrobi şəhərlərində yerləşən BMT ofisləridir.

Katibik BMT orqanlarının fəaliyyətini təmin edir, BMT materiallarının nəşri və yayımını həyata keçirir, arxivlərin saxlanmasını təşkil edir, həmçinin BMT-yə üzv dövlətlərin beynəlxalq müqavilələrinin qeydiyyatı və nəşrini aparır.

Katibliyə BMT-nin Baş katibi rəhbərlik edir. O, BMT Baş Assambleyası tərəfindən TŞ-nin tövsiyəsi əsasında 5 il müddətinə təyin olunur və yenidən seçilə bilər.

Hazırda mövcud olan qeyri-rəsmi “centlmen sazişi”nə əsasən, TŞ-nin daimi üzvü olan dövlətin vətəndaşı BMT-nin Baş katibi ola bilməz.

Beynəlxalq Məhkəmə Bu, BMT-nin əsas məhkəmə orqanıdır və məhkəmə-hüquqi, eləcə də məsləhətçi funksiyaları həyata keçirir.

Məhkəmədə baxılan işlər üzrə tərəf yalnız dövlətlər ola bilər. Təşkilatın hər bir üzvü tərəf olduğu iş üzrə Məhkəmənin qərarlarını yerinə yetirməyə borcludur.

Məhkəmə Baş Assambleya, TŞ və Baş Assambleya tərəfindən bu səlahiyyət verilmiş digər BMT orqanları və ixtisaslaşmış qurumların sorğuları əsasında məsləhətçi rəylər verə bilər. Məhkəmənin rəyləri tövsiyə xarakteri daşıyır və məcburi hüquqi qüvvəyə malik deyildir.

Məhkəmə şəxsi keyfiyyətdə fəaliyyət göstərən və dövlət nümayəndəsi hesab olunmayan 15 müstəqil hakimdən ibarətdir. Hakimlər peşəkar xarakterli başqa fəaliyyətlə məşğul ola bilməzlər. Məhkəmə vəzifələrini yerinə yetirərkən onlar diplomatik imtiyaz və immunitetlərdən istifadə edirlər.

İqtisadi və Sosial Şura Bu orqan iqtisadi və sosial sahələrdə beynəlxalq əməkdaşlıq üzrə United Nations-ın funksiyalarını həyata keçirir. Şura 5 regional komissiyadan ibarətdir:

Avropa İqtisadi Komissiyası; Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiya; Qərbi Asiya üçün İqtisadi və Sosial Komissiya; Afrika üçün İqtisadi Komissiya; Latın Amerikası və Karib hövzəsi üçün İqtisadi Komissiya.

Qəyyumluq Şurası Qəyyumluq Şurası sonuncu himayə altında olan ərazi — Palau 1 oktyabr 1994-cü ildə müstəqillik əldə etdikdən sonra, 1 noyabr 1994-cü ildə fəaliyyətini dayandırmışdır.

25 may 1994-cü ildə qəbul edilmiş qətnamə vasitəsilə Şura öz prosedur qaydalarına illik iclasların keçirilməsi öhdəliyinin ləğv edilməsini nəzərdə tutan dəyişikliklər etmiş və yalnız zərurət yarandıqda — öz qərarı, sədrinin qərarı, üzvlərinin əksəriyyətinin, Baş Assambleya və ya TŞ-nin tələbi ilə toplanmağa razılıq vermişdir.

Fəaliyyəti BMT-nin qərarları və fəaliyyəti dövlətlər arasında formalaşmış qüvvələr nisbətini, beynəlxalq həyatın aparıcı təmayüllərini əks etdirir. BMT özünün fəaliyyəti müddətində ilk növbədə tərk-silah və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində bir sıra mühüm və faydalı qətnamələr qəbul etmişdir. Onlardan silahlanmanın ümumi tənzimlənməsi və ixtisarını müəyyənləşdirən prinsiplər haqqında (1946), hərbi cinayətkarların təhvil verilməsi və cəzalandırılması haqqında (1946), yeni müharibənin təbliğatına qarşı yönəldilmiş tədbirlər haqqında (1947), dövlətlər arasında sülh və mehriban qonşuluq münasibətlərinin bərqərar edilməsi və möhkəmləndirilməsi tədbirləri haqqında (1957 və 1958), ümumi və tam tərk-silah haqqında (1959) qətnamələrini; Dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməzliyi haqqında bəyannaməni (1965); Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi haqqında bəyannaməni (1970); BMT-nin Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa dair beynəlxalq hüquq prinsipləri haqqında bəyannaməni (1970); Tərk-silah haqqında ümumdünya konfransının çağırılmasını nəzərdə tutan qətnamələri (1971–1973); Beynəlxalq münasibətlərdə gücün tətbiq edilməməsi və atom silahından istifadənin həmişəlik qadağan olunması haqqında qətnaməni (1972), BMT-nin Təhlükəsizlik Şurasının daimi üzv dövlətlərinin hərbi büdcələrinin 10% ixtisarı və qənaət olunmuş vəsaitlərin bir hissəsinin inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi üçün istifadə olunması haqqında qətnaməni (1973) göstərmək olar. BMT-nin Baş Assambleyası Atom silahı sınaqlarının qadağan olunması haq- qında müqaviləni 1963 (üç mühitdə), Kosmos haqqında müqaviləni 1967, Atom silahının yayılmaması haqqında müqaviləni, Dənizin dibi haqqında müqaviləni, Bakterioloji silah haqqında konvensiyanı və s. təsdiq etmişdir.

BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən müstəmləkəçiliyə, irqçiliyə, milli istismara qarşı yönəldilmiş qətnamələr mühüm əhəmiyyətə malikdir: genosidin xəbərdarlığı və ona görə cəzalandırma haqqında konvensiya (1948); müstəmləkə zülmü altında olan ölkələrə və xalqlara müstəqilliyin verilməsi haqqında bəyannamə (1960); irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında bəyannamə (1963); Apartheyd cinayətlərinin qarşısının alın-ması və ona görə cəzalandırma haqqında konvensiya (1973).