Uyğur soyqırımı — Çin hökuməti tərəfindən Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonu (SUMR, həmçinin Sincan) daxilində və ətrafında yaşayan etnik uyğurlara, o cümlədən digər etnik və dini azlıqlara qarşı törədilən insan hüquqları pozuntuları. Çin hökuməti 2014-cü ildən bəri Çin Kommunist Partiyasının baş katibi Si Tsinpin rəhbərliyi dövründə əksəriyyəti uyğur olan bir milyondan çox müsəlmanın heç bir qanuni proses olmadan həbs düşərgələrində saxlanılmasına gətirib çıxaran siyasət yürütmüşdür. Bu, İkinci Dünya müharibəsindən bəri etnik və dini azlıqların ən böyük miqyaslı həbsdə saxlama halına çevrilmişdir. Bu dövrdə minlərlə məscid dağıdılmış və ya zərər görmüş, yüz minlərlə uşaq zorla valideynlərindən ayrılmış və internat məktəblərinə göndərilmişdir.
Bu hərəkətlər Sincanda yaşayan xalqların zorakı yolla assimilyasiyası, eyni zamanda etnosid və ya mədəni soyqırım kimi izah edilmişdir. Bəzi hökumətlər, aktivistlər, müstəqil QHT-lər, insan hüquqları ekspertləri, alimlər və mühacirətdə olan Şərqi Türkistan hökuməti bunu Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyada qanuni tərifə cavab verdiyindən soyqırım olaraq qəbul etmişdir.
Çin hökumətinin siyasətinə uyğurların dövlət tərəfindən maliyyələşdirilən həbs düşərgələrində saxlanılması, məcburi əmək, uyğur dini tətbiqlərinin təzyiq altında saxlanılması, siyasi təlqin, kəskin qəddarlıq, zorla sterilizasiya, məcburi kontrasepsiya və məcburi abort daxildir. Çin dövlət statistikalarında 2015-ci ildən 2018-ci ilə qədər ən çox uyğur əhaliyə malik olan Xotan və Kaşğər bölgələrində doğum nisbətlərində 60%-dən çox azalma müşahidə edilmişdir. Eyni dövrdə bütün ölkənin doğum nisbəti 9,69% azalmış, 1000 nəfərə 12,07 nəfərdən 10,9 nəfərə düşmüşdür. Çinli rəsmilər Sincanda 2018-ci ildə doğum nisbətlərinin təxminən üçdə biri qədər azaldığını qəbul etmiş, lakin məcburi sterilizasiya və soyqırımı xəbərlərini təkzib etmişdir. Sincanda doğum nisbətləri 2019-cu ildə 24% daha da azalmışdır, ölkə daxilində isə 4,2% azalma müşahidə olunmuşdu.
Beynəlxalq reaksiyalar birmənalı olmamışdır. Birləşmiş Millətlər Təşkilatına (BM) üzv olan bəzi dövlətlər Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına Çinin Sincandakı siyasətini pisləyən açıqlamalar vermiş, digərləri isə Çinin siyasətini dəstəkləyən əks fikirləri dəstəkləmişdir. 2020-ci ilin dekabr ayında Beynəlxalq Cinayət Məhkəməsi Çin üzərində yurisdiksiyası olmaması səbəbi ilə iddia edilən cinayətlərin əksəriyyəti üçün Çinə qarşı istintaq tədbirləri görməyi rədd etmişdir. ABŞ Dövlət Departamentinin Hüquq Məsləhətçisi Ofisinin soyqırımı sübut etmək üçün kifayət qədər dəlil olmadığı qənaətinə gəlməsinə baxmayaraq, 19 yanvar 2021-ci ildə qətiyyətli olduğunu elan edərək Çinin insan haqlarının pozduğunu elan edən ilk ölkə olmuşdur. Kanadanın İcmalar palatası, Niderland Parlamenti, Böyük Britaniyanın İcmalar palatası və Litva Seymi də daxil olmaqla bir çox ölkədəki qanunverici orqanlar Çinin hərəkətlərini soyqırım kimi tanıyan qeyri-məcburi vəsatətlər qəbul etmişdir. Digər ölkələrdəki parlamentlər, məsələn, Yeni Zelandiya, Belçika və Çex Respublikası, Çin hökumətinin uyğurlara münasibətini "ağır insan haqları pozuntusu" ya da insanlığa qarşı cinayət kimi təsvir edərək qınamışdır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:2014-cü ildə Çin Kateqoriya:İnsan hüquqları pozuntusu Kateqoriya:Uyğur münaqişəsi Kateqoriya:İnsanlıq əleyhinə cinayətlər Kateqoriya:Mədəni assimilyasiya Kateqoriya:Asiyada etnik təmizləmə Kateqoriya:Soyqırımı Kateqoriya:Çində yaşayan etnik qruplar Kateqoriya:Dil siyasəti Kateqoriya:Separatizm Kateqoriya:Türkofobiya Kateqoriya:Kommunistlər tərəfindən aparılan dini təqiblər Kateqoriya:Orqan transplantasiyası Kateqoriya:İşgəncə Kateqoriya:Dini inanclar, ənənələr və hərəkatlar