Azərbaycan Dövlət Uşaq Filarmoniyası — Bakıda fəaliyyət göstərən filarmoniya. Uşaqlar üçün incəsənətin müxtəlif sahələri üzrə təhsil və özfəaliyyət mərkəzidir. Filarmoniya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir.
Tarixi və fəaliyyəti Azərbaycan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 291 saylı qərarı ilə yaradılmış, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 18 oktyabr 1991-ci il tarixli 361 saylı əmri ilə rəsmiləşdirilmişdir.
Filarmoniyada iki əsas orkestr — Uşaq Simfonik Orkestri və Uşaq Xalq Çalğı Alətləri Orkestri, 1991-ci ildə təşkil olunmuş rəqs kollektivi, 2013-cü ildən fəaliyyət göstərən uşaq teatr studiyası, 2012-ci ildən "Şəms" uşaq xoru və kamera ansamblı, nəfəsli alətlər ansamblı, rəsm dərnəyi və başqa kollektivlər fəaliyyət göstərir.
İl ərzində filarmoniyada 4–18 yaş aralığında 500-dən artıq uşaq incəsənətin müxtəlif sahələri üzrə təhsil alır, fəaliyyət göstərirlər. Onlar arasında fərqlənənlər dünyanın müxtəlif ölkələrinin konsert salonlarında çıxış etmiş, beynəlxalq festival və müsabiqələrdə laureat adlarını qazanmışlar.
Filarmoniyanın binası 2018–2019-cu illərdə əsaslı şəkildə təmir olunmuş, 21 may 2019-cu ildə açılışı olmuşdur.
2012-ci ildən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Dilarə Əliyevadır.
İstinadlar
Xarici keçidlər
— YouTube kanalı
Kateqoriya:Azərbaycanda konsert zalları Kateqoriya:Azərbaycanda filarmoniyalar Kateqoriya:1991-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Bakı mədəniyyəti