Yaponiyada tualetlərin tarixi Yayoi dövrünə qədər uzanır. Antik Yaponiyada sadə quyulardan və ya çayların keçdiyi yerlərdə tikilən "kavaya" adlı strukturlardan tualet kimi istifadə edilirdi. VII–VIII əsrlərdə isə sarayda və dini tikililərdə su axınından istifadə edən daha müasir tualetlər peyda olmuşdu. Orta əsrlərdən başlayaraq insan ifrazatı Yaponiyanın kənd təsərrüfatı həyatında əhəmiyyətli yer tutmağa başlamış və əsas gəlir mənbələrindən birinə çevrilmişdir.
Meyci islahatından və qərbləşmə siyasətindən sonra ölkədə ilk ictimai tualetlər tikilmişdir. Tayşo dövründə isə Qərb üslubunda olan tualetlər yayılmağa başlamışdır. İkinci dünya müharibəsinin ardından Qərb üslubundakı tualetlər ən geniş yayılmış tualetlər olmuşdur. 1980-ci illərdən başlayaraq isə kontrol panelinə malik, müxtəlif funksiyalı yüksək texnologiyalı tualetlər ortaya çıxmışdır.
Hazırda Yaponiyada tualetlərin iki növü yayılıb: Qərb üslubunda və yapon üslubunda tualetlər. İctimai tualetlərdə iki üsluba da rast gəlmək mümkün olsa da, bəzən köhnə tikililərdə təkcə yapon üslubunda tualetlərə, müasir tikililərdə isə təkcə Qərb üslubunda olan tualetlər olur. Müasir evlərdə və hotellərdə tualetlər Qərb üslubundadır. Həm Qərb, həm yapon üslubundakı tualetlərin iki su axını rejimi var: böyük və kiçik. Tualetlər üçün otohime və ayaqqabı kimi aksessuarlardan istifadə olunur. Toto şirkəti Yaponiyada ən böyük və məşhur tualet istehsalçısıdır. Tokionun Kitakyuşu bölgəsində Yaponiyada tualetin tarixinə həsr olunmuş Toto Muzeyi fəaliyyət göstərir.
Tarix
Antik dövr
1990-cı illərdə Yaponiyada antik tualetləri aşkarlamaq üçün aparılmış ilk paleoparazitoloji analizlər ilk belə tualetlərin Yayoi dövründə (e.ə. 300-b.e. 250) ortaya çıxdığını göstərir. Böyük yaşayış məntəqələrini çevrələyən çuxurlardakı çöküntülərdə tapılmış nəcis böcəkləri göstərir ki, antik Yaponiyada insanlar ifrazatlarını evdən uzaq tutmaq üçün çuxurlardan istifadə edirdilər. Çayların keçdiyi yaşayış məntəqələrində isə çayın üzərində tikilən, kavaya adlı tualetlər tikilirdi. Kavayalar ifrazatı su axını ilə uzaqlaşdırırdı. İlk dəfə "Kociki" yazılarında təsvir olunan bu tualetlər Yaponiyada primitiv unitazlara ilk misaldır.
Yaşayış məntəqələri inkişaf etdikcə tualetlər də inkişaf edirdi. 694–710-cu illərdə Yaponiyanın ilk paytaxtına ev sahibliyi edən Fucivara sarayında iki tip tualet var idi: quyu tipli və unitaz tipli tualetlər. Quyu tipli tualetlər yerə qazılmış sadə dəliklərdən ibarət olurdu, dolanda üstü bağlanılır və yenisi qazılırdı. Bəzən quyu tualetlərin içində kusobera adlı taxta çubuqlar da olurdu ki, ifrazatdan sonra nəcisi təmizləmək mümkün olsun.
Unitaz tipli tualetlər isə qəsri çevrələyən divarların xaricindəki su axınından istifadə edən tualetlər idi. Saraya bir qədər su yönəltmək üçün xəndək qazılırdı və xəndəkin üstündə kiçik daxma tikilirdi. Tualet istifadəçisi xəndək üzərində çömələrək oturmalı idi və su ifrazatı yaşayış yerindən uzaqlaşdırırdı. IX əsrin ortalarına aid bir qanuna əsasən məhbuslar yağışlı gündə çirkab sularının yığıldığı arxı təmizləyərək zibillə dolmasına mane olmalı idilər. Bu zibillər su axınına mane olaraq tualetlərin işləməsinə mane ola və ifrazatın toplanmasına səbəb ola bilərdi. Lakin konstruksiya səhvi daimi pis qoxunun yaranmasına şərait yaradırdı. Fucivara qəsri Tan sülaləsinin Çanan qəsri əsasında tikilmişdi və qəsrin tikintisi zamanı in-yan və beş element doktrini tətbiq edilmişdi. Saray paytaxtın şimalında yerləşirdi, aşağı təbəqə isə cənub bölgəsində qərarlaşmışdı. Asuka çayı paytaxta cənubdan daxil olub şimala axdığından aşağı təbəqənin buraxdığı bütün ifrazat imperatorun sarayından keçirdi və orda üfunətə səbəb olurdu. "Rikkokuşi"də qeyd olunur: "paytaxt həm içəridən, həm çöldən üfunət qoxurdu". Bundan sonrakı paytaxt şəhərlərin konstruksiyasına su axını daxil edilərək eyni səhvi təkrarlamaqdan qaçınılmağa çalışmışdılar.
Növbəti dövrlərdə Yaponiya tualetlər inkişaf etməyə davam etmişdir. Daha sofistik misallara Koya dağında və Akita qəsrində rast gəlmək mümkündür. Yaponiyada buddizm mərkəzlərindən biri olan Koya dağındakı tualetlərdə də su axınından istifadə olunmuşdur. İlk növbədə su çaydan bambuk borularla məbədin mətbəxinə yönləndirilərək yemək üçün təmiz suyu təchiz edirdi. Daha sonra su tualetdən keçərək bütün çirkab sularını çaya qaytarırdı. Akita qəsrində tapılmış tualetlər isə həmin dövrdə Yaponiyada ən inkişaf etmiş tualetlər hesab olunur. Tualet evdən uzaqda — yamacda yerləşirdi. Bir daxmada üç ayrı otaq olurdu və hər otaqda bir dəlik vardı. Bu dəliklər taxta borularla yamacın aşağısında yerləşən çöküntü çəni ilə əlaqələnmişdi. Axar su olmadığından insanlar özləri ifrazatı axıtmalı idilər.
Heyan dövrü thumb|"Qaki-zoşi" əlyazması.|300px Heyan dövründə aristokratik zümrənin tualet verdişləri dəyişmişdir. Normal tualetlərdən istifadəni dayandıraraq 700-cü ildə Çindən gələn yeni dəb olan güvəclardan istifadə etməyə başlamışdılar. İşlərini bitirəndən sonra xidmətçi güvəcu boşaltmalı idi. Lakin aşağı təbəqə ifrazatını küçədə boşaltmağa davam edirdi.
XII əsrə aid "Qaki-şoşi" adlı buddist əlyazmasında paytaxt sakinlərinin küçədə çömələrək oturması və qaki adlı ac ruhlarla əhatə olunması təsvir olunub. Qakilər pis xüsusiyyətlərinə görə daim acdırlar və nəcis kimi iyrənc şeylərlə qidalanırlar. Əlyazmada qakilərin insanların ifrazatını başa çatdırmalarını gözləmələri təsvir olunub. XIII əsrin əvvəllərinə aid "Uci Şui Monoqatari" adlı yapon hekayələri kolleksiyasında isə paytaxtda yerləşən "ifrazat dərəsi"ndən bəhs olunur.
Heyan dövründə müşahidə olunan oyuq, nəm yaylar əkinlərin məhv olmasına səbəb olduğundan həmin dövrdə bir çox kütləvi aclıqlar baş vermişdir, lakin primitiv tədbirlər bunun qarşısını ala biləmişdir. Hökumət rəsmiləri bunun günahını fermerlərdə görmüş və onlara torpaqlarını münbitləşdirməyi əmr etmişdilər. İnkişaf etdirilmiş irriqasiya, ikiqat məhsul və kotandan istifadə Kamakura dövründə məhsuldarlığı artırsa da, gübrə kimi istifadə olunan heyvan peynində çatışmazlıq yaşanmağa başlanmışdır. Bu dövrdə ilk dəfə insan ifrazatından kənd təsərrüfatında istifadə olunmuşdur.
Heyan dövründən etibarən kusobera quyu tipli tualetlərdən yoxa çıxmışdır, çünki nəcisin gübrə kimi daşınmasına mane olurdu. Bundan əlavə, insanlar nəcisi gübrə kimi toplamaq üçün tualetin yanına vedrələr qoymağa başlamışdılar. XII əsrdən etibarən quyu tipli tualetlərin ölçüsü böyümüşdür. Bunun da səbəbi nəcisin gübrə kimi istifadə olunmasında idi.
Edo dövrü Tokuqava şoqunluğu tərəfindən 1649-cu ildə yayımlanmış qanuna görə fermerlər əsas evin yanındakı tualeti damla tikməli idilər ki, yağış yağanda ifrazat heyif olmasın. Bu onu göstərir ki, artıq XVII əsrdə insan ifrazatının gübrə kimi istifadəsi Yaponiyanın kənd təsərrüfatı həyatında əhəmiyyətli yer tuturdu. Edo dövrü boyunca gübrə üçün tələbat o qədər artmışdı ki, fermerlər şəhərlərə gedərək məhsulları qarşılığında insanlardan ifrazat alırdılar. Edo dövrünün ortalarında ifrazat toplayan və pul qarşılığında fermerlərə satan peşə sahibləri ortaya çıxmışdı. Nəticədə, ifrazat toplamaq gəlir mənbəyinə çevrilmişdi.
XVII əsrin sonlarına doğru gübrənin qiyməti Osakada o qədər qalxmışdı ki, fermerlər təşkilatlanaraq insan ifrazatını əldə etmək uğrunda monopoliya əldə etməyə çalışmışdılar. Hətta ifrazat toplamaq hüquqları və qiymətlər üstündə davalar baş vermişdir. XVIII əsrin ortalarında insan ifrazatı o qədər bahalı olmuşdu ki, kasıb fermerlər onları oğurlamağa başlamışdılar.
250px|thumb|left|Edo dövrünə aid taxta güvəc. Edo şəhərində isə insan ifrazatından gübrə kimi istifadə o qədər populyar deyildi. Edo idarəçiləri paytaxtın görkəminə daha çox önəm verirdilər, hətta çayın yaxınlığındakı kiçik tualetləri yığışdırmağı əmr etmişdilər. Lakin XVIII əsrin birinci yarısında insan ifrazatına olan tələbat hətta paytaxtda da artmışdır. Fermerlər petisiya imzalayaraq küçələrə vedrələr qoymaq üçün icazə istəsələr də, hökumət bu icazəni verməmişdir.
Çoxmənzilli evlərdəki ümumi tualetlərdəki ifrazatı satan Edo mülkədarları ildə 30–40 ryo pul qazana bilirdi. Bu məbləğ adi dülgərin illik qazancından iki dəfə artıq idi. Osaka şəhərində ümumi tualetlərdən ifrazat satmaq mülkədar həyatının standart parçasına çevrilmişdi. Hətta kimsə mənzildən çıxanda digərləri üçün kirayə qiyməti qalxırdı, çünki mülkədarın sata biləcəyi ifrazat azalırdı. Nəcis ev sahibinə məxsus olsa da, sidik kirayəçinin idi. Hətta bununla bağlı Yaponiyada "mülkədarın uşağı nəcis üzərində böyüyür" ifadəsi ortaya çıxmışdırlar.
Sidik və nəcis ayrı-ayrı toplanılırdı, çünki fərqli əkinlər üçün istifadə olunurdu. Sidiyi daşımaq daha çətin olduğu üçün mülkədarlar üçün dəyəri az idi, lakin fermerlər üçün yaxşı gübrə kimi qalırdı. Hətta Kanazava şəhərində sidik fermerlər üçün əsas gübrəyə çevrilmişdi. Gübrə kimi dəyəri olduğu üçün qadınlar ayaqüstə işəyirdilər, lakin bu praktika çox ibtidai sayılırdı və müasir şəhərə uyğun gəlmirdi. Məsələn, Kioto qadınlarının ifrazat vərdişləri paytaxt kişilərini şoka salırdı. Kəndlərdə bu vərdiş hətta İkinci dünya müharibəsindən sonra da müşahidə olunmağa davam etmişdir.
Gübrə kimi istifadə olunan ifrazatın keyfiyyəti evin pəhrizindən də asılı idi. Daha varlı mülkədarın daha bahalı ifrazatı olurdu, çünki daha keyfiyyətli qidalarla qidalanması gübrənin keyfiyyətini artırırdı. Həbsxanadan toplanmış ifrazat ən keyfiyyətsiz hesab olunurdu. Edo qəsrindən toplanmış ifrazat isə ən keyfiyyətli idi. Hər bir fermer buradan ifrazat toplamaq istəyirdi, lakin bu hüquq diqqətlə seçilmiş və qəsri təmiz saxlaya biləcək fermerlərə verilirdi.
Şoqunun həyat yoldaşının ifrazatı toplanmırdı. Onun tualeti mannen adlanırdı və o qədər dərin quyudan ibarət idi ki, 10 il boyunca dola bilməzdi. Bu tualet sadəcə şoqunun xanımına aid idi və o öləndə üstü bağlanılırdı. Şoqun yenidən evlənəndə yeni quyu qazılırdı. Bu adətin məqsədi xanıma hörmət göstərmək idi. Edo dövründə ali zümrənin qadınlarının tualet vərdişləri adi insanlardan fərqlənirdi. Məsələn, onlar səsi azaldan güvəclardan istifadə edirdilər. Ali zümrədən qadın çöldə tualetdən istifadə etmək istəyəndə xidmətçi güvəcdan tıxacı çəkərək suyun axmasına və ifrazat zamanı çıxarılan səsi maskalamalı idi. Şoqun ailəsindən olan qadınların isə ifrazatdan sonra onları təmizləyən xidmətçiləri vardı. Bu, ancaq yüksək statuslu qadınların imtiyazı olsa da, şoqunun qızı, həyat yoldaşı və ya anası üçün normal hal idi. Xidmətçilər xanımı tualetə qədər müşayiət edərək paltarlarını çıxarmasına kömək etməklə yanaşı, nəcisinə baxaraq sağlamlıq vəziyyətini yoxlayırdılar.
Meyci dövrü 250px|thumb|Meyci dövrünə aid tualet. Tualet Nakatsuqavada yaşamış varlı feodala aid idi. İnsan ifrazatının gübrə kimi dəyərləndirilməsi Yaponiya şəhərlərinin nisbətən daha təmiz olmasına gətirib çıxarırdı və bu hal XVI əsrdə Yaponiyaya gələn avropalıları təəccübləndirirdi. Avropalıların çox yaponların sanitariya standartlarını və insan ifrazatına qarşı praktiki yanaşmasını bəyənmişdir. Həmin dövrün Avropasında insan ifrazatının gübrə kimi istifadəsi populyar deyildi və kanalizasiya sistemi olmadığından şəhərlər çirklə dolu idi. XIX əsrdə Avropada kanalizasiya sistemlərinin yaranmasına və tualetlərin inkişafına baxmayaraq, Yaponiyanın sanitarik vəziyyəti izolyasiya dövrü boyunca dəyişməmiş qalmışdı. Buna görə də Yaponiyanın XIX əsrdə Qərbə açılmasından sonra Yaponiyanı ziyarət edən qərblilər xoş olmayan mənzərə ilə qarşılaşdıqlarını bildirirlər. 1878-ci ildə Yaponiyaya səyahət edən İzabella Börd səyahətnaməsində hər yerin pis qoxduğunu, birə və ağcaqanadlarla dolu olduğunu yazırdı.
Xariciləri ən çox Yaponiyada geniş yayılmış ictimai işəmə ənənəsi şoka salırdı. Kansay regionunda sidik toplamaq üçün nəzərdə tutulmuş vedrələr yol boyunca düzülürdü. Yaponiyada ictimai yerdə rahatlamaqla bağlı çox cüzi utanc mövcud idi, lakin xaricilərin gözündə barbar davranış idi. Xaricilərin bu halda mənfi reaksiyaları Yaponiya hökumətinin hərəkətə keçməsinə səbəb olmuşdur.