Əhməd Cəfəroğlu (; ) — Azərbaycan əsilli Türkiyə dilçisi, ədəbiyyatşünası.
Həyatı Əhməd Cəfər oğlu 1899-cu il aprelin 17-də Gəncə şəhərində anadan olub. Üç yaşında atasını itirib. 1905-ci ildə erməni-müsəlman davası qalxanda ailəsi Səmərqəndə köçür. Əhməd ilk təhsilini orada alır, sonradan Gəncəyə qayıdırlar. 1909–1916-cı illərdə Gəncə gimnaziyasında təhsil alır. Sonra Kiyev Ali Ticarət İnstitutunun iqtisad fakültəsinə daxil olur, üç semestr oxuya bilir. Həmin dövr situasiya ilə bağlı 1918-ci ilin ortalarında yenidən Gəncəyə qayıdır. Əhməd Cəfəroğlu Gəncədə istiqlal mübarizəsinə qoşulur. Qafqaz İslam Ordusu üzv olur. 1918-ci il sentyabrın 15-də Bakını Azərbaycanın paytaxtı elan edənlərin arasında kiçik topçu zabiti kimi iştirak edir. Əhməd yenicə açılan Azərbaycan Darülfününün (1919) tarix-filologiya fakültəsinin Şərq bölməsinə daxil olur. Bu universitet də yarımçıq qalır, o Gürcüstana, oradan da Türkiyəyə keçir.
Fəaliyyəti İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olur. Məşhur türkoloq Mehmed Fuad Köprülüdən dərs alır və bu universiteti bitirir (1925). Bir il işlədikdən sonra yeni şans yaranır: Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi Berlin və Breslau universitetlərinə göndərilir, tanınmış türkoloqların mühazirələrini dinləyir. 1929-cu ildə Əhməd Cəfəroğlu İstanbul Universitetinə filologiya doktoru kimi qayıdır. İstanbul Universitetinin professoru olub. Əvvəlcə türk dili tarixi kafedrasının dosenti, professor olur, 1946-cı ildən Mehmet Fuad Köprülünün siyasətə keçməsindən sonra kafedra müdiri olur. Əhməd bəy həm də universitetin yanında fəaliyyət göstərən Türkiyyat İnstitutuna rəhbərlik edirdi. "O, kitablardan öyrənən, qulaqdan duyan bir türkçü yox, bütün varlığıyla türkçülüyün tanıdıcısı idi". Bu sözləri Əhməd bəyin həmkarı Səadət Cağatay yazıb və əlavə edib ki, o "öz dili ilə türkçü olduğunu söyləməzdi. Gördüyü işlər buna sübutdu".
1923–1969-cu illər arasında Əhməd bəyin müxtəlif ölkələrdə və dillərdə 350 əsəri çıxıb. Cəfəroğlu Avropanın aparıcı universitetlərində türk dilinə və türkologiyaya dair mühazirələr oxuyub. Roma universitetində bir müddət çalışıb. Dünyanın ən məşhur elmi cəmiyyətlərinin, akademiyalarının üzvü idi. Türk Dil Qurumunun həqiqi üzvü idi. 30-cu illərdə bu qurumun Mustafa Kamal Atatürkün iştirakı ilə keçirilən toplantılarına da qatılıb. 1955-ci ildə o İspaniyanın "De Alfonso el Sabi" ordeninə layiq görülüb. Əhməd Cəfəroğlu bir sıra türk dillərindən başqa, rus, fars, alman, fransız dillərini yaxşı bilirdi. "Azərbaycan Yurd bilgisi" dərgisinin (1932) yaradıcısı və baş redaktoru idi. "Türk amacı" dərgisinin (1942–1943) , "Türk dili və ədəbiyyatı məcmuəsinin" redaktoru olub. Əhməd bəy uzun illər Azərbaycan siyasi mühacirətinin fəallarından olub. "Azərbaycanın böyük matəmi—27 nisan", "28 mayıs 1920", "Tarixin ilk Türk Cümhuriyyəti Azərbaycan" və s. məqalələrin müəllifi idi. Cəfəroğlu Azərbaycan ədəbiyyatı tarixini, folklorunu aid "Azərbaycan xalq ədəbiyyatında Aşıq Qərib dastanı", "XVII əsr Azəri şairi Məlik bəy Avçı", "Böyük Azəri türkçüsü Mirzə Fətəli" adlı əsərlərin müəllifidir. Onun türk dil tarixi və türk dialektologiyasına dair araşdırmaları təkrar-təkrar çap edilərək, indiyədək dərslik kimi istifadə olunur.
Əhməd bəy 76 yaşını tamamlaya bilmədi. 1975-ci il yanvarın 6-da Vətəni görmədən dünyadan köçdü. "Həyatının sonuna qədər tam bir azəri olaraq qaldı" – bu da keçmiş tələbələrinin ustadları haqqında dedikləridir.
Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri Ə.Cəfəroğlu Azərbaycan ədəbiyyatının XV əsrindən sonrakı inkişafını aşağıdakı bölgü ilə müəyyənləşdirir:
1) XV-XVI əsrlər ədəbiyyatı
2) XVII-XVIII əsrlər ədəbiyyatı
a) Aşıq ədəbiyyatı
b) Klassik ədəbiyyat
3) XVIII əsr ədəbiyyatı
4) Müasir Azərbaycan ədəbiyyatına keçid dövrü
Mənbə İstinadlar
Ədəbiyyat
Mirzə Ənsərli (Ləmbəli). Gəncəli professor Əhməd Cəfəroğlu. Bakı, 1996.
Vagif Sultanlı. Azerbaycan Muhaceret Edebiyatı. İstanbul, Avrupa Yakası yayınları, 2007.
Gasimov, Zaur. "Ahmet Caferoğlu". L. Johanson (ed.), Encyclopedia of Turkic Languages and Linguistics Online. Brill, 2024.
Xarici keçidlər
Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Türkoloqlar Kateqoriya:Türkiyə dilçiləri Kateqoriya:Türkiyə ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı dilçilər Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycanlı türkoloqlar Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Azərbaycanlı filoloqlar Kateqoriya:Azərbaycan aktivistləri