Ərəblinski Balakişi bəy Əli bəy oğlu () — Rusiya İmperator Ordusunun zabiti, general-leytenant.

Həyatı Balakişi bəy Ərəblinski 1828-ci ildə Zaqatala mahalının Tala kəndində anadan olmuşdur. Mahal naibi Əli bəyin ailəsində böyüyən Balakişi bəy Sankt-Peterburqdakı birinci dərəcəli kadet korpusunu 1848-ci ildə müvəffəqiyyətlə bitirib kornet rütbəsi almışdırNəzirli Ş. Ə. Azərbaycan generalları. B.; Gənclik, 1991, 208 səh..

Müxtəlif hissələrdə qüsursuz xidmət edən Ərəblinski çox gənc yaşarında Polkovnik-leytenant rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. Sonralar diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski əlli illik xidmətində o vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak etmişdir.

General-leytenant B. Ərəblinski Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan Azərbaycan oğlu idi. 1896-cı ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə qayıtmış, ömrünün axırına kimi orada yaşamış, imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə başçılıq etmişdir. Yerli əhali arasındakı gözəl insani keyfiyyətləri ilə hədsiz hörmət qazanmış general-leytenant Balakişi Ərəblinskinin şərəfinə adlandırılan Dərbənd yaxınlığındakı kənd və stansya indi də onun adını daşıyır. O, 1902-ci ilin yanvarında vəfat etmiş və Dərbəndin qədim müsəlman qəbiristanlığında dəfn olunmuşdur.

Ailəsi Balakişi Ərəblinski Sankt-Peterburq Kadet Korpusunu bitirdikdən sonra Dərbənd şəhərində məskunlaşmış, yerli nüfuzlu ailələrdən birinə mənsub olan Əlipənah bəyin qızı Bikə ilə ailə qurmuşdur. Bu nikahdan onun bir oğlu və üç qızı dünyaya gəlmişdir: Cahangir, Nurcahan, Üriyyət və Sona. General övladlarının hamısına dövrün tələblərinə uyğun dünyəvi təhsil vermişdir; qızları Bakıda Müqəddəs Nina Qızlar İnstitutunda təhsil almışdır.

Böyük qızı Nurcahan tanınmış xeyriyyəçi və milyonçu Hacı Zeynalabdin Tağıyevin oğlu İsmayıl Tağıyev ilə evlənmişdir. Bu nikahdan dörd övladları olmuşdur. Nurcahan 1916-cı ildə vəfat etmişdir. Ortancıl qızı Üriyyət Qaytaq-Tabasaran dairəsinin nüfuzlu nəslinə mənsub polkovnik Əbdülcəlil bəy ilə ailə qurmuşdur. Generalın sevimlisi olan kiçik qızı Sona (1881–1938) Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev ilə evlənmişdir. Nikah Dərbənd Cümə məscidində bağlanmışdır. Sona xanım xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuş, Aleksandrinsk Rus-Müsəlman Qızlar Məktəbinin himayə şurasının üzvü olmuşdur. Bu nikahdan beş övlad dünyaya gəlmişdir.

Balakişi Ərəblinskinin yeganə oğlu Cahangir Ərəblinski yaxşı təhsil almış, iki dəfə ailə qurmuşdur. Birinci nikahından olan qızı Nailə sonradan Dağıstan MSSR sənaye xalq komissarı olmuş Xanmaqomedov ilə evlənmişdir. İkinci həyat yoldaşından Tamara, Muxtar bəy, Əli bəy və İsgəndər bəy adlı övladları olmuşdur.

Hazırda general-leytenant Ərəblinskinin iki nəvəsi: Fatma xanım və Həyat Abdullayevlər, qohumlarından Bəhruz Xalid oğlu Ərəblinski və ailəsi Bakıda yaşayırlar. Ərəblinskilər nəslindən bir neçə hərbçi yetişmişdir. Misal olaraq hazırda vəfat etmiş podpolkovnik Həmzalov Ərəblinski onun oğlu podpolkovnik Əli bəyi və hal-hazırda Azərbaycan ordusunda polkovnik hərbi rütbəsində xidmət keçən Şərif Ərəblinskini qeyd etmək olar.

26 avqust 2022-ci ildə nəticəsi Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçusu Vahid Ərəblinski Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində həlak olmuşdur.

Mükafatları

3-cü dərəcəli Müqəddəs Stanislav ordeni, qılınc və yayla (1860) 3-cü dərəcəli Müqəddəs Anna ordeni, qılınc və yayla (1862) 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni, qılıncla (1874) 4-cü dərəcəli Müqəddəs Vladimir ordeni (1877) 2-ci dərəcəli Müqəddəs Anna ordeni, qılıncla (1878) "Cəsarətə görə" yazısı olan qızıl qılınc (1878) 3-cü dərəcəli Müqəddəs Vladimir ordeni (1882) 1-ci dərəcəli Müqəddəs Stanislav ordeni (1891) 40 il Qüsursuz Xidmətə görə Fərqlənmə Nişanı (1892) 1-ci dərəcəli Müqəddəs Anna ordeni (6 dekabr 1895)

Xatirəsi Mahaçqala-Dərbənd xəttində yerləşən Ərəblinski dəmir yolu stansiyası generalın adını daşıyır.

General-leytenant Balakişi Ərəblinskinin həyatı və nəsil davamçıları haqqında “Генерал-лейтенант Бала-киши Араблинский и его потомки” adlı kitab Dağıstan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Hüseynbala Hüseynov tərəfindən qələmə alınmışdır.

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Zaqatala rayonunda doğulanlar Kateqoriya:Dərbənddə vəfat edənlər Kateqoriya:Ərəblinskilər Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1877–1878) iştirakçıları Kateqoriya:Rusiya İmperator Ordusunun generalları