Fəthi Xoşginabi və ya Həmzə Fəthi Xoşginabi () — yazıçı, siyasətçi, alim. Azərbaycan Demokrat Firqəsinin üzvü olub. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra rəsmi mətbuat orqanı olan "Azərbaycan qəzeti"nin baş redaktoru olub. Milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif edilib.

Müxtəlif mövzulu satirik şeirlər, hekayələr, povestlər yazıb. "Siyavuş", "Bijen və Menijə" adlı pyesləri Tacikistanda Düşənbə teatrlarının səhnələrində səhnələşdirilib.

Həyatı

İlk illəri Həmzə Fəthi Əli oğlu Xoşginabi 1922-ci il martın 22-də Xoşginab kəndində anadan olub. İlk təhsilini doğulduğu kənddəki mədrəsədə alıb. O, ailəsinin ehtiyaclarını qarşılamaq üçün təhsilini yarımçıq qoyub, işləməyə başlayıb. İranın bəzi şəhər və kəndlərinə gedərək orada fəhləlik edib. 1942–1945-ci illərdə Tehran dəmiryol zavodunda işləyib. Burada işlədiyi dövrdə Azərbaycan Ziddi Faşist Cəmiyyətinə üzv olub.

Azərbaycan Demokrat Firqəsinə üzv olub və 21 Azər hərəkatına qoşulub. Partiyanın yeni bölgə təşkilatlarının yaradılması, ora yeni üzvlərin cəlb olunması məqsədilə Cənubi Azərbaycanda bir çox bölgələri gəzib, təbliğat aparıb. Bu illərdə Azərbaycan Demokrat Partiyasının Təbriz şəhər komitəsində təbliğat komissiyasının sədri kimi fəaliyyət göstərib. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. 1946-cı ildə Azərbaycan Milli Hökumətinin rəsmi mətbuat orqanı olan "Azərbaycan qəzeti"nin baş redaktoru olub. Onun dövründə qəzetin 152–246-cı sayları çap edilib. Milli Hökumət dövründə "Suvarılmış poladlar", "Eşq və müharibə" povestlərini yazaraq Təbrizdə çap etdirib. 1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif edilib.

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin bu istəyi cavabsız qaldı.

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.

AMH dağıldıqdan sonra Milli Hökumət dağıldıqdan sonra siyasi mühacir kimi Şimali Azərbaycana gəlib. Mir Cəfər Bağırovun göstərişi ilə o və digər firqə rəhbərləri əvvəlcə Mərdəkanda yerləşdiriliblər. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Təbrizdə fəaliyyət göstərən "Şairlər və yazıçılar cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb. Fəthi Xoşginabi də bu cəmiyyətin üzvü olub. 1958-ci il oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib.

1946–1956-cı illərdə "Azərbaycan" qəzeti redaksiyasında ədəbi işçi, məsul redaktor kimi fəaliyyət göstərib. 1953-cü ilin iyun ayında Azərbaycan Demokrat Firqəsinin 5 nəfərdən ibarət olan Təftiş Komissiyasına üzv seçilib. 1956–1958-ci illərdə Moskvada Ali Ədəbiyyat Kursunu bitirib. 1961–1964-cü illərdə Bolqarıstanın Sofiya şəhərində ideoloji təbliğat sahəsində fəaliyyət göstərib. 1964–1967-ci illərdə İctimai Elmlər Akademiyasının aspiranturasını bitirib. 1967–1969-cu illərdə Tacikistan Maarif Nazirliyində məmur kimi fəaliyyət göstərib. 1969-cu ildə Moskavaya qayıdaraq, SSRİ EA Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifəsində işləməyə başlayıb.

1979-cu il İran İslam İnqilabından sonra Təbrizə köçərək, orada Azərbaycann Şairlər və Yazıçılar Cəmiyyətini yaradıb və 1979–1980-ci illərdə onun sədri kimi fəaliyyət göstərib. Bundan başqa cəmiyyətin mətbuat orqanı kimi "Ülkər" jurnalını təsis edib. 1980-ci ildə yenidən Moskvaya qayıdıb.

1989-cu ildə Moskvada vəfat edib və Bakıda dəfn olunub.

Bakı şəhərinin, Səbail rayonunda yerləşən küçələrdən birinə Fəthi Xoşginabinin adı verilib.

Ədəbi fəaliyyəti Fəthi Xoşginabi ədəbi fəaliyyətə orta məktəb illərində, on beş yaşında ikən fars dilində yazdığı miniatür şeirlər və nəsr əsərləri ilə başlayıb. 1941-ci ildən etibarən şeir, hekayə və məqalələri mütəmadi olaraq mətbuat orqanlarında işıq üzü görüb. 1945-ci ildən sonra Azərbaycan türkcəsində yazmağa başlayıb. Eyni zamanda, tərcümə fəaliyyəti ilə də məşğul olub.

Azərbaycan Milli Hökuməti dövründə 1945–1946-cı illərdə kəskin siyasi, ictimai mövzulu məqalələr, satirik şeirlər və yazılar yazıb. Yazılarında bəzən "Əlioğlu" ləqəbindən istifadə edib. "Zeynəb", "Züleyxa", "Məsum və Məsumə", "Mehri", "İbrahim" kimi hekayələri və ilk irihəcmli "Eşq və müharibə" povesti bu illərdə yazılıb. "Eşq və müharibə" və "Suvarılmış poladlar" povestləri Təbrizdə çap olunub. Milli Hökumət dağıldıqdan sonra Şimali Azərbaycana köçüb. Bu dövrdə "Ata" (1959), "İki qardaş" (1959), romanları və "İki dost" (1951), "Son bayraqdar" (1956), "Hekayələr" (1956), "Məhəbbət və nifrət" (1965) adlı hekayələrdən ibarət kitabları Bakıda nəşr olunub. Bundan başqa dram əsərlərinin müəllifi kimi də tanınıb. Farsca yazdığı "Siyavuş", "Bijen və Menijə" adlı pyesləri Tacikistanda Düşənbə teatrlarının səhnələrində səhnələşdirilib.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kitabları Fəthi Xoşginabi — İki qardaş / Bakı, Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı, 1959 Fəthi Xoşginabi — Məhəbbəd və Nifrət: hekayələr, təmsillər / Bakı, Azərnəşr, 1965 Fəthi Xoşginabi — Ata. İki qardaş: romanlar / Bakı, Yazıçı, 1989

Məqalələri Həmzə Fəthi Xoşginabi — Biz milli bir maarif yaratmalıyıq / "Azərbaycan qəzeti", 1945-ci il 30 dekabr. Həmzə Fəthi Xoşginabi — Fədailər kimdir? / "Azərbaycan qəzeti", 1946-cı il 18 fevral. Həmzə Fəthi Xoşginabi — Anamın dedikləri / "Azərbaycan qəzeti", 1946-cı il 10 may.

Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan yazıçıları