2017-ci ildə çıxarılmış “Ədalət Liqası” filmi mürəkkəb istehsalat tarixinə malikdir. Filmin çəkilişlərinə başlamazdan əvvəl və çəkilişlər zamanı onun ssenarisində ciddi dəyişikliklər edilmiş, istehsalın ortasında isə rejissoru dəyişdirilmişdir. Bu filmin kinoteatrlarda təqdim edilmiş versiyasının pre-prodakşn və əsas çəkilişlər zamanı nəzərdə tutulduğundan ciddi fərqlənməsinə səbəb olmuşdur.

Dəyişiklərin bir çoxu DC Genişləndirilmiş Kainatının (DCGK) əvvəlki filmləri olan “Betmen Supermenə qarşı: Ədalətin Şəfəqi” və “İntiharçılar dəstəsi” filmlərinin soyuq qəbul edilməsi ilə əsaslandırılmışdır. “Ədalət Liqası"nın istehsalatına əsasən Zak Snayder başçılıq etmiş, lakin 2017-ci ilin mayında filmin post-prodakşn işləri həyata keçirilərkən qızının intiharından sonra Snayder istehsalatdan uzaqlaşmış və rejissor kürsüsündə onu Coss Uidon əvəz etmişdir. Warner Bros. şirkətinin göstərişi ilə Uidon filmin ssenarisini dəyişmiş, yenidən çəkilişlər həyata keçirmiş, filmin ümumi tonuna dəyişikliklər edərək ona daha parlaq və yumorik əhvali-ruhiyyə gətirmiş, ümumi davamlılıq müddətini isə 120 dəqiqəyə qədər azaltmışdır. “Ədalət Liqası”nın kinoteatr relizi kommersiya uğursuzluğu ilə üzləşmiş, film tənqidçilər və izləyicilərdən qarışıq rəylər almış və bundan sonra Warner Bros. DCGK-nın gələcəyinə yenidən baxmalı olmuşdur.

Filmin mürəkkəb istehsalat tarixçəsinin tədricən ictimayətə açıqlanmasından sonra bəzi insanlar Snayderin baxışını əks etdirən alternativ montaj versiyasının təqdim edilməsi ideyasını irəli sürməyə başlamışdılar. Snayderin yaradıcılığının fanatları, filmin yaradıcı və aktyor heyəti, həmçinin kino sənayesinin bir çox tanınmış fiqurları "Snyder Cut" adlandırılan bu versiyanın çıxarılmasını dəstəkləmişlər. Buna cavab olaraq Warner Bros. rəsmi açıqlama verərək “Ədalət Liqası”nın alternativ versiyasının çıxarılması ilə bağlı heç bir planın olmadığını bildirmişlər. “Polad adam” filminin izləmə partisi zamanı 20 may 2020-ci ildə Zak Snayder şəxsən “Zak Snayderin Ədalət Liqası”nın HBO Max tərəfindən çıxarılacağını açıqlamışdır.

Orijinal Snayder/Terrio ssenarisi (2014–2016)

“Polad adam” filminin çıxarılmasından sonra rejissor Zak Snayder DC Genişləndirilmiş Kainatının inkişafına başlayır və “Polad adam”, “Betmen Supermenə qarşı”, o cümlədən “Ədalət Liqası” trilogiyasından ibarət ssenari tağını yaradır. “Screen Rant”dan Stiven Kolbert qeyd edir ki, Snayderin kainat üçün planı Marvel Kinematoqrafiya Kainatının tam əksi idi. Əgər MKK-da personajlara həsr edilmiş solo filmlər ümumiləşdirici “Qisasçılar” filmi ilə yekunlaşdırılırsa, DCGK-da ümumiləşdirici filmlərdə təqdim edilən personajların müxtəlif həyat dövrlərinə aid müstəqil filmlər yalnız ümumiləşdirici filmlərdən sonra çəkilməli idi. Snayderin ilkin baxışına görə “Betmen Supermenə qarşı” filmi franşizanın ən sərt/qaranlıq filmi olmalı, ondan sonra isə filmlərin ümumi əhval tonu tədricən açılmalı idi. Buna baxmayaraq Snayder Kris Terrio ilə birlikdə “Ədalət Liqası” üçün yazdığı ssenarini “qaranlıq” və “qorxulu” adlandırır. Film üçün hazırlanmış konsept-artlardan məlum olur ki, Apokolipsdə baş verən səhnələr və Yeni Tanrıların iştirakı nəzərdə tutulmuş səhnələr elmi-fantastika əsərlərindən, xüsusilə Hans Rudi Giqerin işlərindən ilhamlanmışdı.

İlkin plana görə Steppenvolf və Parademonlar İntiharçılar dəstəsinin düşməni olmalı və Ana qutuları tərəfindən idarə edilən Cadugərə kömək etməli idilər, Ədalət Liqasının əsas antoqonisti isə Darksayd olmalı idi. Snayderin sözlərinə görə, filmin ən azı bir hissəsində Brüs Ueynin “Betmen Supermenə qarşı” filmində gördüyü qarabasmada təsvir olunan postapokalipsis Qotem səhnəsinin və Fleşin Brüsü xəbərdar etmək üçün keçmişə qayıtmasına həsr olunmalı idi. “Ədalət Liqası”nın ilkin ssenarisində qarabasmanın davamı olaraq Betmağaraya gələn Darksayd Lois Leyni öldürürdü. Bu, Supermenin zəkasını Darksaydın canlıları idarə etmək üçün istifadə etdiyi anti-həyat bərabərliyi qarşısında zəif hala salmalı idi. Supermeni nəzarəti altına alan Darksayd dünyanı ələ keçirir və Brüsün qarabasmasındakı apokaliptik hala salır. Betmen və Kiborq birlikdə çalışaraq zaman maşını yaradırlar ki, Fleşi keçmişə göndərib Lois Leyni xilas etsinlər və Supermenin Darksaydın təsiri altına düşməsinə mane olsunlar. Fleş iki zaman axımına düşür ki, onlardan biri qəhrəmanı həddən artıq erkən vaxta – “Betmen Supermenə qarşı” filminin taymlaynına gətirir. “Ədalət Liqası”nın bu versiyası heç vaxt çəkilməyib və bu versiya ilə bağlı çəkilişlər mövcud deyil.

Snyder Cut (2016–2017)

“Betmen Supermenə qarşı” filmi tənqidçilər tərəfindən əsasən mənfi qəbul edilmiş (“Rotten Tomatoes” rəy aqqreqatorunda 28% 4.94/10 balla qiymətləndirilmişdir), izləyicilər tərəfindən isə qarışıq rəylər (CinemaScore-da “B” reytinqi almışdır) almışdır. Tənqidlər əsasən filmin qaranlıq tona malik olması, yumorun olmaması və zəif templə əlaqəli idi. Bu cür reaksiya Warner Bros. Studiyası və Zak Snayderi DCGK-nın gələcək filmlərinə dəyişiklik etməyə məcbur edir. Bütün əsas çəkilişləri artıq həyata keçirilmiş “İntiharçılar dəstəsi” və əsas çəkilişlərinin başlamasına bir ay qalmış “Ədalət Liqası” filmlərinə dəyişikliklər edilir. Snayder və Terrio əvvəlcədən də DCGK filmlərinin ümumi əhval tonunun daha ümidverici olmasını planlaşdırsa da, “Betmen Supermenə qarşı” filminin qəbulu “Ədalət Liqası”nın ssenarisinə ciddi dəyişikliklər edilməsinə gətirib çıxarır. Kinooperator Fabian Vaqnerlə ilk görüşündəcə Snayder ona “franşizanın digər filmləri üçün xarakterik olan stilləşdirilmiş, qaranlıq və yüksək kontrastlı görünüşdən” uzaqlaşmaq istədiyini deyir.

Studiya DCGK-nın inkişafına nəzarət etmək üçün Con Berq və Ceff Consu işə götürür, onların ilk tapşırığı isə “Ədalət Liqası”nın ssenarisinin dəyidirilərək daha ümidverici və optimistik hala gətirilməsi olur. Betmeni canlandıran aktyor Ben Afflek ssenarinin yenidən işlənməsində iştirak etmək və planlaşdırılan “Betmen” filmini “Ədalət Liqası” ilə əlaqələndirmək üçün icraçı prodüser kimi işə cəlb olunur. Alfred Penniuortu canlandıran aktyor, “Betmen Supermenə qarşı” filmini açıq tənqid etmiş Ceremi Ayrons qeyd edir ki, “Snyder Cut”ın ssenarisi sələfi ilə müqayisədə daha sadə, qısa və birxətli idi. Ədalət Liqasının ssenarisi dəyişdirilərək əsas antoqonistin Steppenvolf olacağına qərar verilmiş, “İntiharçılar dəstəsi”ndə boşalmış antoqonist yerinə isə son anda Cadugərin qardaşı İnkubus istifadə edilmişdir. Əsas çəkilişlər 35 mm film kamerası ilə aparılmış və 2016-cı ilin dekabrında yekunlaşdırılmışdır. Bir neçə ay sonra “Ədalət Liqası”nın müxtəlif montaj versiyaları Warner rəhbərliyinə, həmçinin Snayderin ailəsi və dostlarından ibarət kiçik auditoriyaya nümayiş etdirilmişdir. Nümayiş zamanı son montaj işləri həyata keçirilmiş, vizual effektlər və audio-miksinq işləri yarımçıq olmuşdur. Bəstəkar Junkie XL işdən uzaqlaşdırılmazdan əvvəl film musiqisini tamamlaya bilmişdi. Mərasimdə Snayder deyir ki, onun montaj versiyaları demək olar ki, hazır idi və bir neçə CGI işlərinin tamamlanmasından sonra film təqdim edilə bilərdi, lakin, Warners studiyası filmi buraxmaqdan imtina edir. “Forbes” jurnalından Mark Hyuz qeyd edir ki, Snayderin montaj versiyası 90%-dən artıq hazır idi, “The Telegraph” isə məlumat verir ki, filmin vizual qrafika işlərinin tamamlanması üçün studiyanın əlavə $30-40 milyona ehtiyacı vardır. Filmin məhz bu, əsasən yekunlaşdırılmış versiyası “Snyder Cut” adlandırılır. “Ədalət Liqası”nın yaradıcı heyətinin müxtəlif dərəcəli üzvlərinə istinad edən Kevin Smit vəziyyəti belə təsvir edir:

“Snyder Cut” dəqiqə (təxminən saat yarım) davam edird i, yığma montaj materialı isə demək olar beş saata çatırdı. Snayderin “Ədalət Liqası”nın baza çərçivələri filmin Coss Uidon tərəfindən hazırlanmış kinoteatr variantında da saxlanılmışdır: Betmen və Ecazkar qadın digər metainsanları axtararaq komanda yaradır, Supermeni dirildir və Rusiyada baş verən final döyüşündə Steppenvolfu məğlub edirlər. Buna baxmayaraq, çoxlu sayda əlavə səhnələr, personajların keçmişləri və motivasiyalarını izah edən səhnələr, miflər, kainat quruculuğuna xidmət edən səhnələr, yeni personajlar və gələcək DCGK filmləri ilə bağlı tizer səhnələr “Snyder Cut”da olsa da, filmin kinoteatr versiyasında ixtisar edilmişdir. Snayder və Terrionun ilk ssenarisində yer almış zaman səhayəti aspekti “Snyder Cut” ssenarisində saxlanılsa da, həcmi azaldılmışdır. Bu versiyada Kiborq Ana qutularını ayıra bilmir və Fleş ona ikinci şans vermək üçün keçmişə səyafət etməli olur. Bu versiya filmdə təqdim olunan üç yeni personajın açılmasına daha çox vaxt sərf edir: Fleş, Akvamen və Kiborq. “Snyder Cut” həm də bir neçə yeni ikinci plan personajı təqdim edir ki, onların da sırasında Ədalət Liqasının əsas antaqonisti olan Darksayd (Rey Porter tərəfindən canlandırılır), onun əsas köməkçisi Desaad (Piter Ginnes tərəfindən canlandırılır), Akvamenin müəllimi və məşqçisi Nuidis Vulko (Uillem Defo tərəfindən canlandırılır), sonradan Atom konstyumunu geyinən alim Rayan Çoi (Rayan Çeng tərəfindən canlandırılır), Kiborqun anası Elionora Stoun (Karen Brayson tərəfindən canlandırılır), Barri Allenin sevgi marağı Ayris Uest (Kiersi Klemons tərəfindən canlandırılır) və cilddəyişmə qabiliyyətinə malik yadplanetli Marslı ovçu (Harri Lenniks tərəfindən canlandırılır) vardır. Həmçinin daha əvvəlki DCGK filmlərində təqdim edilmiş və ya “Ədalət Liqası”nın kinoteatr versiyasında da saxlanılmış ikinci plan personajları Leks Lutor (Cessi Ayzenberq tərəfindən canlandırılır), Kiborqun atası Saylas Stoun (Co Morton tərəfindən canlandırılır), Atlantidalı döyüşçü və Akvamenin sevgi marağı Mera (Amber Hörd tərəfindən canlandırılır), müxbir və Supermenin sevgi marağı Lois Leyn (Emi Adams tərəfindən canlandırılır) və Ecazkar qadının düşməni Ares (Nik MakKinlis tərəfindən canlandırılır) “Snyder Cut”da daha böyük efir vaxtına malik olmuşdur.

“Ədalət Liqası”nın Snayder montajı versiyasını görən studiya rəhbərləri rejissorun “Betmen Supermenə qarşı” filmi ilə müqayisədə bu filmdə ümumi tonu yumşaltmaq üçün xeyli səy göstərdiyini qeyd edirlər. “Akvamen” filminin çıxarılmasından sonra filmin tonu “Ədalət Liqası”nın atmosferindən xeyli yüngül olsa da, personajın Uidonun təqdim etdiyi yox, “Snyder Cut”dakı versiyaya daha yaxın olduğunu qeyd edirlər. Buna baxmayaraq studiya hələ də nəticəsən narazı qalır və insayderlərin məlumatına görə, Warner Bros. Snayderin redaktələrini “hissolunmaz” hesab edir. Filmin ilk iki treyleri “Snyder Cut”dan olan kadrları istifadə edir və qarışıq fikirlərlə qəbul edilir. Test auditoriyasının reaksiyalarını müşahidə edən Nil Deyli, əsas heyət arasında Betmen və Supermenin ən pis qəbul edildiyini yazır. 2018-ci ilin iyulunda “The Wall Street Journal” studiyanın “Ədalət Liqası”nın alternativ versiyasını çıxarmaq planlarının olmadığını açıqlayır. 2019-cu ilin noyabrında “The Hollywood Reporter” və “Variety” bir-birindən xəbərsiz halda “Snyder Cut”ın çıxarılmayacağı haqqında məlumat verir, ikinci mənbə isə insayder məlumatından sitat gətirərək yazır: “Bu əlçatmaz arzudur. Bu heç vaxt baş verməyəcək.”

#ReleaseTheSnyderCut hərəkatı