Vitali Viktoroviç Şevçenko (; doğ. 2 oktyabr 1951, Bakı, Azərbaycan SSR, SSRİ) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu, Rusiya futbol məşqçisi.
Həyatı
Klub karyerası Vitali Şevçenko 2 oktyabr 1951-ci ildə Bakı şəhərində futbolçu ailəsində anadan olub. Onun atası, Viktor Şevçenko, 1946-1953-cü illər aralığında Bakının "Neftyanik" komandasında çıxış edib.
Vitali futbol oynamağa küçədə, Bakının dar məhəllələrində başlayıb. 1968-ci ildə — 17 yaşında olarkən "Neftçi"yə gəlib. Əsas komandanın heyətində ilk rəsmi oyununu 2 may 1968-ci ildə, SSRİ çempionatı çərçivəsində "Ararat Yerevan"a qarşı keçirib. Onun 82-ci dəqiqədə meydana çıxdığı görüş, bakılıların 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Şevçenkonun "Neftçi"dəki ilk mövsümü o qədər də uğurlu alınmayıb. O, meydana çıxdığı 17 oyunda 1 dəfə fərqlənmiş, komandası isə çempionatı 9-cu pillədə başa vurmuşdur. Növbəti mövsümdə 17 oyun keçirib, 2 qola imza atıb. 1970-ci il mövsümündə 27 oyunda 8 qolun müəllifi olan Şevçenko, komandasının liderlərindən birinə çevrilib.
1973-cü ildə Kiyev "Dinamo"suna keçsə də, komandada möhkəmlənə bilməyib. O, "Dinamo"nun heyətində 1973–1975-ci illər ərzində cəmi 7 oyun keçirib, 1 qol vurub. 1975-ci ildə Odessanı təmsil edən "Çernomorets" komandasına keçib. Futbolçu karyerasını 1983-cü ildə Moskvanın "Lokomotiv" komandasında başa vurub.
Milli karyerası Şevçenko 1970–1972-ci illər aralığında formasını geyindiyi SSRİ milli futbol komandasının heyətində ümumilikdə 13 oyun keçirib, 4 qol vurub.
Məşqçi karyerası 1985–1992-ci illərdə "Lokomotiv Moskva" komandasının rəisi olub. Özünün dediyinə görə, o, daha çox rəis yox, Yuri Syominin köməkçi məşqçisi olub.Павел Алешин. Торпедовский вариант // Спорт-Экспресс Футбол (журнал). — № 3. — 1999.
1992-ci ildə ölkəsinin aparıcı klublarından biri olan "Bolivar"ın prezidenti Mario Merkadonun dəvəti ilə məşqçi karyerasını davam etdirmək üçün Boliviyaya gedib. Burada baş məşqçi qismində iki dəfə ölkə çempionatının qalibi, bir dəfə isə ölkə Kubokunun finalçısı olub.
1994-cü ildə İsraildə gedib və "Hapoel Beer-Şeva" klubuna baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında çempionatı üçüncü yerdə başa vurub və UEFA Kubokuna vəsiqə qazanıb. Növbəti mövsümdə klubun yeni prezidentiylə fikir ayrılıqları yarandığından, İsrailin başqa komandası — "İroni Rişon-le-Sion"la müqavilə bağlayıb. Lakin yeni komandada çox qalmayıb və bir müddətdən sonra yenidən "Hapoel Beer-Şeva"ya qayıdıb.
1996-cı ildə Rusiyaya qayıdıb və may ayında "Uralmaş" komandasına baş məşqçi təyin olunub. Mövsümün sonunda "Uralmaş" 18 komanda arasında 15-ci olaraq yüksək liqanı tərk edib.
1997-ci ildə yarım il Rusiya birinci liqasında çıxış edən İjevskin "Qazovik-Qazprom" komandasında bəş məşqçi kimi çalışıb.
1998 mövsümünü "Uralan" komandasının baş məşqçisi postunda keçirib. Klub onun rəhbərliyi altında uğurla çıxış edərək çempionatı yeddinci yerdə başa vursa da, komandanın yeni prezidentiylə fikir ayrılıqlarına görə Elista təmsiçisini tərk etməli olub.
1999-cu ildə "Torpedo Moskva" komandasına baş məşqçi təyin olunub. Dörd il burada çalışan Şevçenkonun ən yüksək nəticəsi — 2000-ci ildə ölkə çempionatında üçüncülük olub. 2002-ci ildə komandada maliyyə çətinlikləri yarandığından, həmin ilin yayında "Torpedo"nu tərk edib.
Sonralar "Saturn" (2002–2003), "Rostov" (2004), "Metallurq" (2005) və "Terek" (2006) komandalarında baş məşqçi kimi çalışıb.
27 iyun 2010-cu ildə Volqoqradın "Rotor" komandasına baş məşqçi təyin olunub. 2010-cu ilin dekabrında baş məşqçi postunu tərk edib.
Mükafatları
Oyunçu kimi Dinamo Kiyev SSRİ çempionatı: 1975 UEFA Kuboklar Kuboku: 1974/1975 UEFA Superkuboku: 1975
Şəxsi SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında № 1: 1971
Məşqçi kimi Bolivar Boliviya çempionu: 1992, 1994 Toto Kubokunun qalibi: 1995/1996
İstinadlar
Xarici keçidlər Vitali Şevçenko Footballfacts.ru saytında Vitali Şevçenko Transfermarkt.com saytında Vitali Şevçenko Nationall-football-teams.com saytında
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Dinamo Kiyev FK futbolçuları Kateqoriya:Çernomorets Odessa FK futbolçuları Kateqoriya:Lokomotiv Moskva FK futbolçuları Kateqoriya:SSRİ milli futbol komandasının oyunçuları Kateqoriya:Rusiya futbol məşqçiləri Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Ukraynada legioner futbol məşqçiləri Kateqoriya:Rusiya Premyer Liqası məşqçiləri Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:Ukrayna Premyer Liqası məşqçiləri Kateqoriya:Ukraynada legioner Azərbaycan idmançıları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları