Rövnəq İbrahim oğlu Abdullayev () — azərbaycanlı bürokrat, iş adamı, dövlət xadimi və idman funksioneri; 2005–2022-ci illərdə SOCAR Prezidenti vəzifəsində çalışmışdır, 2022-ci ildən isə iqtisadiyyat nazirinin müavinidir.
2005–2021-ci illərdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuş, Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatı seçilmişdir. 15 il davam edən deputatlığı ərzində Abdullayev Milli Məclisin 372 sessiya iclası ərzində biri SOCAR prezidenti qismində olmaqla cəmi üç dəfə çıxış etmişdir. Parlamentdə passivliyi ilə seçilən Rövnəq Abdullayev Milli Məclisdə uzun müddətli vicdanlı fəaliyyətinə, qanun layihələrinin hazırlanmasında xüsusi əməyinə görə dönəmin parlament sədri Oqtay Əsədov tərəfindən Milli Məclisin fəxri medalı ilə təltif edilmişdir.
İdman sahəsində isə 2008–2024-cü illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, 2015–2021-ci illərdə isə Azərbaycan Cüdo Federasiyasının prezidenti olmuşdur.
Rövnəq Abdullayev 16 il prezidentliyini etdiyi SOCAR-ın fəaliyyətinin qeyri-şəffaf olması və Abdullayevin ailə üzvləri də daxil olmaqla, Azərbaycan elitasını dövlət xəzinəsi hesabına zəngin etməsi ilə tənqid olunmuşdur.
Həyatı Rövnəq Abdullayev 3 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1983-cü ildə Sovet Ordusuna çağırılıb və 1985-ci ildə ordu sıralarından tərxis edilib. 1985-ci ildə V. V. Kuybışev adına İnşaat Mühəndisləri İnstitutuna transfer olunub və 1989-cu ildə həmin institutdan məzun olub.
1989-cu ildə "Neft Daşları" Neft-Qaz Çıxarma İdarəsində çalışmağa başlamışdır. 1990–1991-ci illərdə "28 May" Neft-Qaz Çıxarma İdarəsində əsaslı inşaat şöbəsində mühəndis, 1991–1994-cü illərdə "Xəzərdənizneftqazinşaat" trestinin 3 saylı inşaat-quraşdırma idarəsində şöbə rəisi, 1994–1997-ci illərdə isə həmin idarədə baş mühəndis işləmişdir.
1997-ci ildən "Azneft" İstehsalat Birliyinin "Xəzərdənizneftqazinşaat" trestinin müdiri olmuşdur. 31 mart 2003-cü ildə isə dönəmin SOCAR prezidenti Natiq Əliyev tərəfindən Azərbaycanın yeganə neft emalı zavodu olan Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbəri təyin edilmişdir. Rövnəq Abdullayev zavodun rəhbəri olduğu 2003-cü ildə AZƏRTAC-a verdiyi müsahibəsində həmin ildə müəssisədə neftin dərin emalının artaraq tarixdə birinci dəfə olaraq 62,4%-ə çatdırıldığını bildirmişdir.
2004–2008-ci illərdə Neftçi PFK prezidenti olmuşdur. Klubun prezidentin olduğu dörd il ərzində "Neftçi" Azərbaycan Premyer Liqasının 2 dəfə qalibi olmuşdur.
2008-ci ilin martında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilən Rövnəq Abdullayev 2012, 2016 və 2020-ci illərdə bu vəzifəyə yenidən seçilmişdir.
2015–2021-ci illərdə Azərbaycan Cüdo Federasiyasının da prezidenti olmuşdur. 2017–2023-cü illərdə eyni zamanda Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsinin üzvü olmuşdur.
26 mart 2005-ci ildə Yeni Azərbaycan Partiyasının III Qurultayında Siyasi Şuranın üzvü seçilmişdir. 5 mart 2021-ci ildə YAP-ın VII Qurultayında Siyasi Şurasının ləğv edilməsi barədə qərarın qəbul edilməsi ilə 16 il davam edən YAP Siyasi Şurası üzvlüyü də başa çatmışdır.
2005, 2010 və 2015-ci illərdə Milli Məclisin III, IV və V çağırış deputatı seçilmişdir.
9 dekabr 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə SOCAR prezidenti vəzifəsinə təyin edilmişdir. 16 il Azərbaycan neftinin çıxarılması, daşınması, emalı və istehlakına cavabdeh olan qurumun prezidenti olduqdan sonra 10 fevral 2022-ci ildə vəzifəsindən azad edilmişdir.
10 fevral 2022-ci ildən iqtisadiyyat nazirinin müavinidir.
2005–2024-cü illərdə Rövnəq Abdullayev üçü rəhbər vəzifə olmaqla dörd vəzifədə çalışmışdır. Azərbaycan neftinə cavabdeh olan SOCAR-ın prezidentliyini 16 il, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidentliyini 16 il, Milli Məclisin deputatlığını 15 il, Azərbaycan Cüdo Federasiyasının prezidentliyini isə 6 il aparmışdır. 2024-cü ilin aprelində AFFA prezidenti vəzifəsini təhvil verməsi ilə sonuncu rəhbər postunu da itirmişdir.
Evlidir, 1 oğlu və 1 qızı var.
Milli Məclisdə fəaliyyəti 2003-cü ilin martından Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbəri olan Rövnəq Abdullayev 26 mart 2005-ci ildə Yeni Azərbaycan Partiyasının III Qurultayında Siyasi Şuranın üzvü seçilmişdir. 8 ay sonra — 6 noyabr 2005-ci ildə baş tutan parlament seçimlərində isə o, Yeni Azərbaycan Partiyasının 24 saylı Nizami Birinci seçim dairəsindən vahid namizədi olaraq göstərilmişdir. Həmin seçimlər zamanı təbliğat-təşviqat işləri ATƏT/DTİHB, ATƏT PA, AŞPA, Avropa Parlamenti və NATO Parlament Assambleyasından ibarət beynəlxalq müşahidə missiyasının ortaq bəyanatına əsasən fundamental hüquqlardan olan sərbəst toplaşmaq azadlığı üzərinə məhdudiyyətlərin olduğu, mitinqlərin, yürüşlərin və görüşlərin qarşısının alındığı bir ortamda baş tutmuşdur. MSK-nın açıqladığı nəticələrə əsasən Rövnəq Abdullayev 58,96% səslə Milli Məclisin deputatı seçilmişdir. Parlamentin I sessiya iclası zamanı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri Daimi Komissiyasının üzvü vəzifəsinə seçilmişdir. Həmin çağışda o, həm də Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Birləşmiş Krallıq, Azərbaycan-Gürcüstan və Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının isə üzvü olmuşdur. Parlamentin stenoqramlarına əsasən Rövnəq Abdullayev Milli Məclisinin III çağırışı ərzində baş tutan 146 sessiya iclası ərzində ümumiyyətlə çıxış etməmişdir, bir cümlə belə qurmamışdır.
5 il ərzində parlamentdə passiv olan Rövnəq Abdullayev bununla belə 2010-cu ilin sentyabrında Yeni Azərbaycan Partiyası tərəfindən növbəti dəfə 24 saylı Nizami Birinci seçim dairəsindən vahid namizədi olaraq göstərmişdir. Cəmi dörd namizədin yarışdığı, rəqabətsiz ortamda baş tutan parlament seçimlərində Rövnəq Abdullayev səslərin 85,47%-ni (21 382 səs) alaraq növbəti dəfə Milli Məclisin deputatı seçilmişdir. Milli Məclisinin IV çağırışında da Abdullayev parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin üzvü, həmçinin Azərbaycan–Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan–Birləşmiş Krallıq, Azərbaycan–Gürcüstan və Azərbaycan–Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının isə üzvü olmuşdur. Parlamentin stenoqramlarına əsasən Rövnəq Abdullayev Milli Məclisinin IV çağırışı ərzində baş tutan 116 sessiya iclası ərzində biri SOCAR prezidenti qismində olmaqla cəmi üç dəfə çıxış etmişdir.
thumb|350x350px|alt=|Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Krallığın Baş naziri Tereza Mey arasında görüşdən sonra SOCAR prezidenti Rövnəq Abdullayev və BP baş icraçı directoru Robert Dadli saziş imzalamışdır (aprel, 2018) 1 noyabr 2015-ci ildə baş tutan parlament seçimləri Rövnəq Abdullayev üçün sonuncu oldu. Sentyabrda Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyası tərəfindən növbəti dəfə 24 saylı Nizami Birinci seçim dairəsindən vahid namizədi olaraq göstərilmişdir. Yeddi namizədin mübarizə apardığı seçimlərdə Rövnəq Abdullayev səslərin 78,2%-ni toplayaraq (20 565) üçüncü dəfə deputat seçilmişdir. Abdullayev bu səfərdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin üzvü, həmçinin Azərbaycan–Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan–Birləşmiş Krallıq, Azərbaycan–Gürcüstan və Azərbaycan–Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının isə üzvü olmuşdur. Digər çağırışdan fərqli olaraq Rövnəq Abdullayev Milli Məclisinin V çağırışı ərzində baş tutan 110 sessiya iclası ərzində çıxış etməmişdir, bir cümlə belə qurmamışdır.
Beləcə Rövnəq Abdullayev 15 il davam edən deputatlığı ərzində Milli Məclisin 372 sessiya iclası ərzində biri SOCAR prezidenti qismində olmaqla cəmi üç dəfə çıxış etmişdir. Rövnəq Abdullayev həmçinin parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində, Milli Məclisdə uzun müddətli vicdanlı fəaliyyətinə, qanun layihələrinin hazırlanmasında xüsusi əməyinə görə Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən Milli Məclisin fəxri medalı ilə təltif edilmişdir.
2020-ci il fevralın 9-da baş tutan parlament seçimlərində Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyası tərəfindən namizəd olaraq göstərilməmişdir. YAP onun təmsil olunduğu dairədə Mustafayev Elnur Elşad oğlunu namizəd göstərmişdir. MSK-nın rəsmi məlumatına əsasən Elnur Mustafayev "SOCAR Petroleum" Qapalı Səhmdar Cəmiyyətində baş direktorun innovasiyalar üzrə müavin olduğu qeyd edilmişdir. Bununla belə həmin dairədə favorit bitərəf namizəd Könül Nurullayeva hesab olunmuşdur. 2020-ci il yanvarın 24-də Könül Nurullayevanın Nizami rayonunun Keşlə qəsəbəsində baş tutan seçicilərlə görüşünə Rövnəq Abdullayev də qatılmışdır. Rövnəq Abdullayevin YAP Siyasi Şurasının üzvü olaraq həmin dairədə YAP namizədinin təbliğat işləri əvəzinə bitərəf namizədin seçicilərlə görüşünə qatılması sarı mətbuatda birmənalı qarşılanmamışdır. Həmçinin sarı mətbuatda Könül Nurullayevanın seçim qərargahının rəhbərinin SOCAR prezidentinin yardımcısı Sadiq Mahmudov olduğu iddia edilmişdir. Daha bir iddiaya görə isə Könül Nurullayevanın Rövnəq Abdullayevin bibisi nəvəsi olduğu bildirilmişdir. Parlament seçimlərinin nəticələrinə əsasən Könül Nurullayeva səslərin 46,10%-ini toplamışdır və VI çağırış Milli Məclisin deputatı seçilmişdir. Bununla da Rövnəq Abdullayev 15 il davam edən deputatlığı başa çatmışdır. + Azərbaycan Milli Məclisinə seçimlərdə qeydə alınan nəticələri200524 saylı Nizami BirinciYAP 1.Qalib gəldi201021 382 1.Qalib gəldi201520 565 1.Qalib gəldi
SOCAR Prezidenliyində 2005-ci ilin son doqquz ayı ərzində Rövnəq Abdullayev əvvəlcə martda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, daha sonra isə noyabrda parlamentin deputatı seçilmişdir. 9 dekabr 2005-ci ildə isə o, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə SOCAR prezidenti vəzifəsinə təyin edilmişdir. Abdullayev bu postda 12 il qurumun prezidenti olduqdan sonra sənaye və enerji naziri vəzifəsinə təyin edilən Natiq Əliyevi əvəzləmişdir.
SOCAR prezidentliyi dönəmində qurumun göstəriciləri Tədqiqatçı, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin və "İqtisadi Forum" Qrupunun üzvü Samir Əliyev 2020-ci ildə qurumun son 10 il ərzində neft-qaz hasilatı və istehsal olunan xam neft və təbii qazın maya dəyəri barədə tədqiqat aparmışdır. Azərbaycanda hər il orta hesabla 38–40 milyon ton neft, 30 milyard m3 çox qaz istehsal olunur. 2009–2017-ci illərdə SOCAR-ın texnoloji imkanlarının artmasına, yeni yataqların müəyyən edilməsinə baxmayaraq neft istehsalında azalma olsa da, 2017–2019-cu illərdə artım baş vermişdir. Bu müddətdə SOCAR tərəfindən hasil edilən neftin ən yuxarı həddi 2009-cu ildə (8.5 milyon ton), ən aşağı həddi (7.4 milyon ton) 2017-ci ildə qeydə alınmışdır. Son 10 ildə qurumun neft hasilatı ümumi olaraq 9,2% azalmışdır. Azərbaycan üzrə ümumi neft hasilatında SOCAR-ın payı 17–21% arasında dəyişmişdir. 2019-cu ildə ümumi neft hasilatında SOCAR-ın payı son 10 ildə ən yuxarı həddə (20.5%) qalxmışdır. Buna səbəb isə Azərbaycan üzrə neft hasilatının azalması fonunda SOCAR-ın hasilatının artması olduğu qeyd edilmişdir.
Qaz hasilatında isə uzun müddət azalma olsa da son illər artım baş vermişdir. 2010-cu ildə SOCAR-ın qaz hasilatı 7.18 milyard m3 olduğu halda 2019-cu ildə 6.82 milyard m3 qədər azalmışdır. Son 10 ildə qaz hasilatının azalması 5% olmuşdur. Halbuki bu müddətdə Azərbaycan üzrə qaz hasilatı əsasən artma (35.1%) istiqamətində olmuşdur. SOCAR-ın hasil etdiyi təbii qazın Azərbaycan üzrə hasilatda payı 2010–2019-cu illərdə 27,2%-dən 19,2%-ə düşmüşdür. Buna səbəb Azərbaycan üzrə hasilatın artım tempinin SOCAR-ın hasilatının artım tempini üstələməsi idi.