Pərviz Quluzadə və ya səhnə adı ilə Paster () — Azərbaycan reperi. Musiqi fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində başlamış, 2012-ci ildən "Synaps Production" ilə əməkdaşlıq etmişdir. "Puldan Baha", "Bina" və "Çirkin" albomlarının, RZZA ilə birgə "Lotos" relizinin müəllifidir.

2019-cu ilin dekabrında "Kəllə-Kəlləyə" rep-batlındakı çıxışı və həmin ay barəsində çıxarılan 30 sutkalıq inzibati həbs qərarı ilə geniş ictimai diqqət qazanmışdır; bəzi fəallar və media həbsi onun "Gang" trekində "PAŞA Bank"ın adını çəkməsi ilə əlaqələndirmişdir. 2020-ci ildə İkinci Qarabağ müharibəsi dövründə yayımladığı "Yaşma" treki geniş yayılmışdır.

Həyatı 1991-ci il oktyabrın 18-də Bakıda anadan olmuşdur; əslən talışdır. 2008-ci ildə Bakıdakı 208 nömrəli məktəbi bitirmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlamışdır.

21 yanvar 2023-cü ildə Natavan Əfəndiyeva ilə ailə həyatı qurmuşdur. Albert adlı oğlu var.Paster bu dəfə həyat yoldaşı üçün mahnı yazdı

Yaradıcılığı Difai dövrü (2009–2012) İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlamışdır; həmin dövrdə "Nifrət" ləqəbi ilə tanınırdı. Qrupla "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal və biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir" və "Huk" trekləri yayımlanmışdır. 2011-ci ildə qrupun "Dünyanın səsi" albomu işıq üzü görmüş, Difai 2012-ci ildə "Music Note" trekini yayımlayaraq fəaliyyətini dayandırmışdır. 2012-ci ildə Paster "Avroviziya-2012"nin milli seçim turunda iştirak etmişdir.

Synaps dövrü (2012–2019) Difaidən sonra "All in Label" və "Synaps Production" ilə əməkdaşlığa başlamış, burada Xpert, Uran, OD, ZiqZaq və digər reperlərlə birgə işləmişdir. Xpert ilə birgə ifa etdiyi "Ağır metal", "North West" və "TTM" trekləri ilə geniş tanınmışdır. Bu dövrdə "Bang Bang", "Label 3", "X Noise" kimi trekləri də yayımlanmışdır. 2016–2017-ci illərdə ilk solo albomu "Puldan Baha"nı təqdim etmişdir. 2018-ci ildə Xpert ilə birlikdə ölkənin müxtəlif bölgələrində turda olmuşdur.

2019-cu ildə OD ilə birlikdə "Gang" disstreki "Synaps"ın YouTube kanalında yayımlanmışdır. Həmin ilin dekabrında "Kəllə-Kəlləyə" batl yarışmasında Tibu ilə qarşılaşmış və 3–2 hesabı ilə məğlub olmuşdur; Kulis.az-ın yazdığına görə, rep icması və tamaşaçıların bir hissəsi bu nəticəni ədalətsiz saymışdır.

"Bina" və "Yaşma" (2020–2022) 2020-ci ildə beş trekdən ibarət ikinci solo albomu "Bina"nı YouTube üzərindən yayımlamışdır; albom "Synaps Records" altında çıxmışdır. Kulis.az-a görə, əvvəlki treklərindən fərqli olaraq bu albomda söyüş və qeyri-etik ifadələrdən istifadə etmədən fikirlərini ifadə etmişdir. İkinci Qarabağ müharibəsi dövründə Yaşma kəndinə həsr etdiyi "Yaşma" trekini yayımlamış, trek qısa müddətdə geniş yayılmışdır. 2021-ci ildə "Pulumu doğ" trekini təqdim etmişdir.

"Çirkin", "Lotos" və sonrakı illər (2023 – hazırkı dövr) 2023-cü ildə on dörd trekdən ibarət "Çirkin" albomunu yayımlamışdır; albomdakı "Zəngəzur" və "Malakan" trekləri OD ilə birgə ifa olunub. Uzun fasilədən sonra həmin il iyulun 1-də Elektra Events Hallda "Çirkin" adlı solo konsert vermiş, regionlarda da silsilə konsertlər planlaşdırmışdır. Sentyabrın 9-da yenə Elektra Events Hall-da "Bakı Tərpən" konserti keçirilmişdir.

2024-cü ildə RZZA ilə birgə üç trekdən ibarət "Lotos" relizini, həmçinin "Cerberus" və "Qaranlıq Keçiddir" sinqllarını yayımlamışdır. Həmin ilin avqustun 11-də EGP Arena-da "Ömür kömür kimi" konserti keçirilmişdir. 25 dekabr 2024-cü ildə AZAL təyyarəsinin qəzaya uğradığı gün Varşavada konsert verdiyi üçün sosial şəbəkələrdə tənqid olunmuşdur. Paster qəzadan saat fərqinə görə gec xəbər tutduqlarını, konsertin əvvəlində, ortasında və sonunda həlak olanların xatirəsini sükutla yad etdiklərini, konsertdən sonra Azərbaycanın Polşadakı səfirliyinə gül qoyduqlarını bildirmişdir. 2026-cı ildə "Bərk" sinqlını yayımlamışdır.

Hüquqi təqiblər Kulis.az-ın məlumatına görə, Paster 2011-ci ildə yayımladığı bir trekə görə həbs olunmuş və təzyiqlərə məruz qalmışdır; trek musiqi platformalarından silinmişdir.

2019-cu il dekabrın 26-da Binəqədi Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum etmişdir. Bəzi ictimai fəallar həbsin səbəbini onun dekabrın 9-da yayımlanan "Gang" trekində "PAŞA Bank"ın adını çəkməsi ilə əlaqələndirmişdir. JAMnews da Azərbaycanda bir çoxlarının həbsi siyasi motivli saydığını, mahnının klipinin YouTube-dan silindiyini yazmışdır. Paster 2020-ci il yanvarın 21-də cəza müddətini başa vuraraq azadlığa çıxmışdır.

Musiqi üslubu Kulis.az-a görə, Paster uzun müddət treklərində söyüş, nifrət və üsyan motivlərindən istifadə etmiş, bunu emosionallıq və formalaşmış qəliblərə etiraz kimi izah etmişdir; sonrakı relizlərində, xüsusilə "Bina" albomunda belə ifadələrdən imtina etmişdir. Özü treklərinin "heç nə haqqında, eyni zamanda hər şey haqqında" olduğunu deyir. 5'9 ləqəbini numerologiya ilə izah edir: beş istedadı, doqquz isə uzaqgörənliyi simvolizə edir.

Diskoqrafiya Albomlar və EP-lər Ad İl Növ Qeyd Puldan Baha 2016–2017 studiya albomu İlk solo albom Bina 2020 studiya albomu 5 trek; "Synaps Records" Çirkin 2023 studiya albomu 14 trek Lotos 2024 birgə reliz (RZZA ilə) 3 trek

Seçilmiş trek və sinqllar İl Trek Qeyd 2009 "Artıq sabahdır" Difai ilə; ilk peşəkar treki 2012 "Music Note" Difai-nin son treki — "Ağır metal", "North West", "TTM" Xpert ilə 2017 "Gecələr Gündüz" sinql 2019 "Gang" OD ilə; disstrek 2020 "Yenidən" sinql; "Bina" albomundan 2020 "Yaşma" İkinci Qarabağ müharibəsi dövründə 2023 "Zəngəzur" OD ilə; klip 2023 "Malakan" OD ilə 2023 "LLC" klip 2024 "Cerberus" sinql 2024 "Qaranlıq Keçiddir" sinql; klip 2026 "Bərk" sinql

Solo konsertləri Tarix Ad Məkan Qeyd 1 iyul 2023 "Çirkin" Elektra Events Hall, Bakı uzun fasilədən sonra ilk solo konsert 9 sentyabr 2023 "Bakı Tərpən" Elektra Events Hall, Bakı 11 avqust 2024 "Ömür kömür kimi" EGP Arena, Bakı 25 dekabr 2024 — Varşava, Polşa

İstinadlar

Xarici keçidlər Rəsmi saytı

Paster – Apple Music

Kateqoriya:Azərbaycan repçiləri Kateqoriya:Azərbaycanlı məhbuslar və məhkumlar Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:1991-ci ildə doğulanlar